12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi

0
380

5-7 aprel tarixində Bakı Ekspo Mərkəzində 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Super-marketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus 2018” sərgisi keçiriləcək. Qonaqpərvərlik sahəsində Cənubi Qafqaz və Xəzəryanı regionun yeganə ixtisaslaşmış tədbiri olan “HOREX Caucasus” sərgisi məhsul və xidmətlərin təqdim olunması, aparıcı sənaye şirkətləri, eləcə də  alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi, o cümlədən bazarın rəqabət qabiliyyətinin təhlili və möhkəm işgüzar əlaqələrin qurulması üçün əla imkan yaradır. Sərgini hər il bir çox bu sahənin peşəkarları, istehsalçı şirkətlər, eləcə də tədarükçülər ziyarət edir.

Bu il sərgidə qəhvə,     qəhvə maşınları, trüfel (göbələk növü) və trüfel məhsulları, yuyucu vasitələr, peşəkar təmizlik avadanlıqları və paslanmayan poladdan hazırlanmış məhsulları və qab-qacaqları və otel, restoran və kafe “HoReCa” sektoru üçün havatəmizləyici filtrlər təqdim edən Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrin şirkətləri iştirak edəcəklər.

Sərginin işgüzar proqramı çərçivəsində tədbir iştirakçıları ilə yerli şirkətlər arasında ikitərəfli görüşlər, “Azerbaijan Coffee Days” (“Azərbaycanda qəhvə günləri”) mövzusunda seminar və ilk dəfə olaraq, barista çempionatı keçiriləcək. Bu yarışmada qəhvə növlərini (və ya qəhvə əsaslı içkiləri) düzgün yanaşma əsasında hazırlamağı bacaran peşəkarlar (“Latte Art” üsullarından istifadə etməklə) öz məharətlərini nümayiş etdirəcəklər.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qısmində isə “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Beləliklə, “HOREX Caucasus” sərgisi Azərbaycanda intensiv inkişaf edən otel biznesinin tələbatlarını əks etdirməklə yanaşı, Azərbaycanın otel və restoran sənayesinin peşəkarları üçün ideal işgüzar platformaya çevriləcəkdir.

Sərginin iş saatları  ↑ 

 

5 aprel, Cümə axşamı 11:00 – 18:00
6 aprel, Cümə 10:00 – 18:00
7 aprel, Şənbə 10:00 – 18:00

 

Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin sərgiyə girişi sərginin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.

Keçirildiyi yer  ↑ 

“Bakı Ekspo” Sərgi və Toplantı Mərkəzi
Ünvan: AZ1050, Azərbaycan, Bakı,
Suraxanı rayonu, Heydər Əliyev pr., 515

Sərgiyə necə gəlmək olar:

“Bakı Ekspo” Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.

Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:

  • “Koroğlu” metro stansiyasından – N 136, 160, 171

 

 

Ziyarət qaydaları  ↑ 

Sizi sərgini ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq!

  • 5-7 aprel tarixində sərgiyə giriş yalnız sənaye mütəxəssisləri və əlaqədar sahələrdə çalışan şəxslər üçün açıq olacaq.
  • Tələbələr, iş yeri və ya məşğulluğu olmayanlar və yaşı 16-dan aşağı olan uşaqlar (valideynlərin müşayiəti ilə) sərgini yalnız 7 aprel tarixində ziyarət edə bilərlər.

Siz sərgini dəvətnamə və ya sərginin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz sərgiyə dair bütün materialları “FAST TRACK” masasından alacaqsınız və bununla da sərgidə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.

Ziyarətçinin döş nişanı bu imkanları verir:

  • Sərginin bütün iş günlərində sərgini pulsuz ziyarət etmək;
  • Qeydiyyatdan keçmək üçün növbəyə durmadan sərgiyə daxil olmaq;
  • Sərgi ilə bağlı məlumatlar paketini əldə etmək;
  • Sərginin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).

» Dəvətnaməni əldə edin