Elmi Modelləşdirmə: Siçovul Bığlarından Öyrəndiklərimiz – Seminar

0
313

Elmi prosesin əhəmiyyətli parçası təbiətdən və ya laboratoriya təcrübələrindən əldə olunan datanı müxtəlif modellərlə ifadə etməkdən ibarətdir. Elmi modellər reallığı müxtəlif şəkildə sadələşdirib, onun hissələri arasındakı maraqlı əlaqələri qabardır. Məhdud sayda müşahidədən quraşdırılan modeldə irəli sürülən bu əlaqələrin universallığı isə daha sonra yeni təcrübələr vasitəsilə yoxlanır və zamanla model təkamül edib elmi anlayış şəklini alır. Siçovullar biologiyada ən çox istifadə olunan bioloji modellərdən biridir. Onlar tibbi biologiyadan tutmuş neyroelmə qədər bir çox araşdırma sahəsində elmi anlayışların doğuşunda birbaşa rol oynayıblar. Beyini öyrənən elm olan neyroelmdə siçovulların əhəmiyyəti mürəkkəb tapşırıqları yerinə yetirə bilmə qabiliyyətlərindən və beyinlərinin asanlıqla manipulasiya edilə bilməsindən qaynaqlanır. Bu söhbətdə siçovulların toxunma duyğusunu əsas hissəsini təşkil edən bığ sistemindən danışacağıq. Toxunma duyğusunu siçovulların bığ sistemi üzərindən öyrənən çalışmalar üzərindən ümumilikdə elmi modellərin təbiəti və istifadəsini müzakirə edəcəyik.

Bioqrafiya
Ərtoğrul Alışbəyli Anatomiya və Hüceyrə Biologiyası üzrə bakalavr təhsilini McGill Universitetində (Montreal, Kanada) aldıqdan sonra təhsilini Amsterdam Universitetində davranış neyroelmi üzrə davam etmişdir. Hal-hazırda Beynəlxalq Ali Araşdırmalar Məktəbinin (Scuola Internazionale Superiore di Studi Avanzati, SISSA, Trieste, İtaliya) nəzdində yerləşən Toxunma Duyğusu və Öyrənmə Laboratoriyasında doktorantura təhsilini almaqdadır.

tarix:05 aprel 19:00-20:30

məkan:Kaspian plaza 3 -cü mərtəbə