DİM mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirəcəkdir

0
384
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 13-də 2018/2019-cu tədris ili üçün
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən
abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcəkdir.
İmtahan Respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt,
Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində
ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə olunmasına 248 imtahan
rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2856 nəzarətçi-müəllim cəlb
olunacaq.
Hazırda bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan
rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında
abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan
binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin
edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb. Təhlükəsizliyin
təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl Xüsusi Dövlət Mühafizə
Xidmətinin əməkdaşlarının iştirakı ilə imtahan mərkəzlərinə son baxış keçiriləcək
və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər
Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
Məlumat üçün bildirək ki, imtahanda 36559 abituriyentin iştirakı nəzərdə
tutulur. Onlardan 17253 abituriyent II qrup üzrə, 19306 abituriyent isə III qrup
üzrə imtahan verəcək.
Abituriyentlərdən 33462 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 15599,
III qrup üzrə 17863 nəfər), 3097 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1654, III
qrup üzrə 1443 nəfər) məzunudur. Abituriyentlərin 16194 nəfəri oğlanlar (II qrup
üzrə 10974 nəfər, III qrup üzrə 5220 nəfər), 20365 nəfəri isə qızlardır (II qrup üzrə
6279 nəfər, III qrup üzrə 14086 nəfər). 28318 nəfər cari ilin orta ümumtəhsil
müəssisələrinin, 8241 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta
ixtisas təhsili olanlar da daxildir). 93 nəfər ali təhsil müəssisələrinin, 1452 nəfər isə
orta ixtisas təhsili müəssisələrinin məzunudur. 196 abituriyent xarici ölkələrin
vətəndaşıdır. Ən yaşlı abituriyent 1960-cı ildən, ən gənci isə 2003-cü ildəndir.
Bakı şəhərində 15968, Naxçıvanda 1768, Gəncədə 3857, Sumqayıtda 1732,
Mingəçevirdə 1572, Şəkidə 1998, Bərdədə 2114, Göyçayda 1520, Şirvanda 2208,
Lənkəranda 2283, Xaçmazda isə 1539 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanın gedişini işıqlandırmaq üçün 50 KİV nümayəndəsi DİM-də
akkreditasiyadan keçmişdir.
Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 7-dən
etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap
edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur.
Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl
etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat
davam edəcək.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– şəxsiyyəti təsdiq edən sənədin əsli;
– “İmtahana buraxılış vərəqəsi”;
– 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkili olmayan)
abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı
(arayışa şagirdin 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq
olduqda abituriyent imtahana buraxılmır.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər
yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və
imtahan binasına buraxılmayacaqlar.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test
suallarının ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı
yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər
tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test
tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların
düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində
yerləşdiriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və
hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in
internet saytında yerləşdiriləcək.