Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçiriləcək

0
301
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq
istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə
qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı keçiriləcəkdir.
Sınaq imtahanında iştirak etmək istəyənlər 9 iyun saat 09:00-dək DİM-in
internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Sınaq imtahanı 9 iyun 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A.
Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin
binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da
başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi
kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə
edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar
istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun
pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan
hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat
payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.