Dövlət İmtahan Mərkəzi tərəfindən “peşəkar mühasib sertifikatı” veriləcəkdir

0
“Mühasibat uçotu haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən Dövlət İmtahan
Mərkəzi tərəfindən “peşəkar mühasib sertifikatı” veriləcəkdir
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi
və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2018-ci il tarixli Fərmanına əsasən
müvafiq qanunun bəzi maddələrinin icrasının təmin edilməsi Dövlət İmtahan Mərkəzinə həvalə
edilmişdir.
Qanunda nəzərdə tutulan məsələlərin icra edilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən
təkliflər paketinin hazırlanmasına, həmçinin digər aidiyyatı orqanlarla əməkdaşlıq üçün birgə
müzakirələrə başlanılmışdır. Burada əsas məqsəd beynəlxalq standartlara uyğun olaraq müvafiq
sahələrdə kadrların formalaşdırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yerli mütəxəssislərə
mühasibatlıq üzrə sertifikatların verilməsidir. Xatırladaq ki, ictimai əhəmiyyətli qurumların, iri
sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının illik maliyyə hesabatlarını dərc edən şəxslərin baş
mühasiblərinin peşəkar mühasiblər olması tələbi də qanunda öz əksini tapmışdır.
“Mühasibat uçotu haqqında”da qanuna edilmiş dəyişikliklərə əsasən Dövlət İmtahan
Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçənlərə “Peşəkar mühasib” səviyyəsinə
uyğunluğunu təsdiq edən sənəd – sertifikat veriləcəkdir. Forması Dövlət İmtahan Mərkəzi tərəfindən
müəyyən olunacaq peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş il olacaq. Peşəkar
mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxslər sertifikatının qüvvədə olma müddətinin
son ilində növbəti sertifikatı almaq üçün DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməli və
yenidən peşəkar mühasib sertifikatı almalıdırlar.
Peşəkar mühasib sertifikatı alaraq fəaliyyətə başlayan şəxs sonradan eyni standart üzrə iki
dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs sertifikatda qeyd
olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana
cəlb olunmayacaq.