“Saf rənglər” Beynəlxalq rəsm yaradıcılığı festivalı

0
469

2018-ci il 12 iyun saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində “Saf rənglər” V Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının açılış mərasimi keçiriləcəkdir.
Festival Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə keçirilir.
Festival ənənəvi olaraq 2013-cü ildən 2016-cı ilə kimi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Rəssamlıq Akademiyasının sərgi salonlarında öz ekspozisiyasını nümayiş etdirmişdir. Festivalın açılış və bağlanış mərasimində ənənəyə uyğun olaraq nazirliklərin, ictimai humanitar təşkilatların, xarici səfirliklərin, informasiya və mədəniyyət mərkəzlərinin nümayəndələri iştirak edirlər.
Bu il Təşkilat komitəsinin təsdiq edilmiş planına uyğun olaraq iyun ayında festivala start veriləcək, konkursa daxil olan materiallara ilkin baxış keçiriləcək və festivalın münsiflər heyyəti və daimi işçi qrupu öz fəaliyyətinə başlayacaqdır. Sentyabr ayında münsiflər heyyəti tərəfindən seçilmiş işlərdən ibarət vernisajın bağlanış mərasimi, konkursda 3 yaş qrupu üzrə 7 nominasiyada qaliblərin mükafatlandırılması, uşaq bayramı və ustad dərsləri keçiriləcəkdir.
26 sentyabr tarixinədək “Saf rənglər” festivalının beynəlxalq münsiflər heyəti – Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Elm və yaradıcılıq işləri üzrə prorektor, münsiflər heyətinin sədri Fuad Salayev, British Counsulun Ölkə üzrə direktoru Elizabet Vayt, Meksika səfirliyinin nümayəndəsi Edit Orteqa, Misir səfirliyinin nümayəndəsi Inas Abdelhadi Eissa, Rusiya nümayəndəsi Natalya Kornetova, TİSA (The International School of Azerbaijan) nümayəndəsi Nicola Beale festivala təqdim olunan rəsm işlərinin 7 nominasiya üzrə qiymətləndirilməsini bitirəcəklər. Festivalın rəsmi bağlanış mərasimi və 3 yaş qrupu üzrə 7 nominasiyada qaliblərin mükafatlandırılması 2018-ci il 24 sentyabrdan 2 oktyabr tarixinədək Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində keçiriləcəkdir.
2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşəbbüsü ilə öz fəaliyyətinə başlayan “Saf rənglər” festivalı Azərbaycanın ictimai həyatında, uşaq və yeniyetmələrin dünya mədəni əməkdaşlıq sisteminə inteqrasiyası prosesində diqqət çəkən hadisə oldu. Festivalın beynəlxalq miqyasda tanınması son dörd il ərzində nəzərə çarpacaq dərəcədə artmış, coğrafi əhatə dairəsi genişlənərək – 2013-cü ildə 16 iştirakçı-ölkədən, 2015-ci ildə 30 ölkəyə çatmışdır. 2016-cı ildə vernisaj və müsabiqədə 37 ölkədən uşaq və yeniyetmələr iştirak etmiş, 23 Azərbaycan studiya və məktəbləri öz nailiyyətlərini nümayiş etdirmiş və 700 iştirakçı təqribən 1200 rəsm işi təqdim etmişlər.
Festivalın Təşkilat Komitəsi müsabiqə proqramına “Azərbaycan mənim gözlərimlə”, “İdman”, “Ətraf mühit”, “Təhlükəsiz dünya” nominasiyalarını daxil etməklə daima tematik və professional proqram genişləndirilməsi üzərində çalışır. Festivalın 3 yaşdan 16 yaşa qədər olan iştirakçıları ənənəvi olaraq təsviri sənətin bütün növ və janrlarında (rəngkarlıq, qrafika, kiçik heykəltəraşlıq, dekorativ-tətbiqi sənət), həmçinin multimediya, installyasiya və animasiya kimi müasir incəsənət növlərində də öz işlərini nümayiş etdirirlər.
Festivalın ictimai və beynəlxalq səviyyəsini artırmaq məqsədilə Təşkilat Komitəsi 2016-cı ildən festivalın xarici iştirakçıları üçün xüsusi statuslu “qonaq” dərəcəsini tətbiq etmişdir. Bu statusa uyğun olaraq ölkə iştirakçısı festivala öz ölkəsinin simvolunu “sülh” mesajı kimi çatdıra bilər, hansı ki, bu mesaj festivalın açılış mərasimində UNESCO-nun Bakıdakı nümayəndəliyinə təqdim olunacaqdır. Həmçinin bu ölkə festivalın rəsm işlərinin nümayişi estafetini qəbul edəcəkdir.
“Saf rənglər” festivalının yaradılması və sonrakı işlərində Misir Səfirliyi və Bakıdakı Misir Mədəniyyət Mərkəzinin xüsusi rolunun əlaməti olaraq Misir bu fəxri statusa layiq olan birinci ölkə oldu. 2016-ci il Azərbaycan-Misir dostluğu kimi qeyd olunur və biz bu humanitar sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün öz qatqımızı təqdim etməyə çox şad olduq. Festivalın ənənəsinə uyğun olaraq Misirdən sonra bu təşəbbüsü Belarus davam etdirdi. Bakıdakı Belarus Respublikasının səfirliyi ilə birlikdə Azərbaycanla dostluq və mədəni əlaqələrin inkişafına böyük töhfə vermiş Belarus Respublikası uşaq və gənclərin milli yaradıcılıq mərkəzi festivalın daimi və ən fəal iştirakçılarından biridir. 2017-ci ilin yanvar ayında Minskdə milli yaradıcılıq mərkəzinin sərgi salonunda “Saf rənglər”-2016 festivalının ən yaxşı işlərindən ibarət sərgi keçirildi.
“Saf rənglər” Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalı ənənəvi olaraq Təhsil Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akdemiyasının himayəsi altında keçirilir. “Saf rənglər – 2018” Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi və ADU-nun və ABŞ Səfirliyinin Amerika Mərkəzinin informasiya dəstəyi ilə hazırlanmışdır.
“Saf rənglər” Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalında “Seul-Bakı” Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi də festivalın dami sponsoru kimi çıxış edir. Festivalın keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik” Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi və “Kainat” Gənclik Mərkəzi dəstək olurlar.
“Saf rənglər” festivalı təsviri sənət dərslərinə cəlb edilmiş xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olur. Festival çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə müəssisəsinin sərgisi keçiriləcəkdir. Həmçinin “Duyğu” reabilitasiya mərkəzinin şagirdləri də öz əl işlərini nümayiş etdirəcəklər.