“Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunacaq

0
Dövlət İmtahan Mərkəzi növbəti həftə“Abituriyent” jurnalının “Ümumi (9
illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”ı və “Tam (11 illik) orta təhsil
səviyyəsi üzrə xüsusi buraxılış”ını nəşr edəcək.
“Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”da (9 illik) orta
təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar,
hər iki mərhələ üzrə tapşırıq nümunələri və qiymətləndirmə meyarları, ümumi orta
təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların
biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) modeli dərc olunacaq.
Digər jurnalda isə 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün
fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə
meyarları, tam orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumları) üzrə
təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ali təhsil
müəssisələrinə qəbul imtahanının 2019-cu ildə tətbiqi nəzərdə tutulan modelləri
çap olunacaq.
Jurnallarda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars
dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq
nümunələri veriləcək. DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilmişdir
(http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya
kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə
bilər.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M. Abbaszadənin
jurnallarda yer alan “Ön söz”ünü təqdim edirik:
Dəyərli oxucular, hörmətli müəllimlər, valideynlər, şagirdlər və
abituriyentlər!
Artıq 11 ildir ki, şagirdlər ümumtəhsil məktəblərində yeni tədris
proqramları (kurikulumları) və yeni məzmun standartlarına uyğun hazırlanmış
dərsliklər əsasında təhsil alırlar.
Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni proqramların tətbiqi
təhsilin məzmununda dəyişikliklərə və “yaddaş məktəbi”ndən “təfəkkür
məktəbi”nə keçidə səbəb olmuşdur. Yeni tədris proqramlarından istifadə ilə
qiymətləndirmə sahəsinə də yeni yanaşma zərurəti yaranmışdır. Bu istiqamətdə
görülən işlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Əsasnaməsində
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 yanvar
2013-cü il tarixli 804 nömrəli Fərmanı güclü təkan vermişdi. Həmin Fərmanla
TQDK-ya yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə, respub-
likanın ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq
imtahanlarını keçirmək vəzifəsi həvalə olundu. TQDK (hazırda Dövlət İmtahan
Mərkəzi – DİM) 2013-cü ildən başlayaraq respublikanın bütün coğrafi
regionlarını əhatə edən məktəblərdən reprezentativ seçmə yolu ilə V–X siniflərdə
təhsil alan 60 minə yaxın şagird üçün (2013-cü ildə V, 2014-cü ildə V və VI, 2015-
ci ildə VI və VII, 2016-cı ildə VII və VIII siniflərdə) monitorinq imtahanları ke-
çirmişdir.
Bu imtahanların nəticələri Təhsil Nazirliyi ilə müzakirə edilmiş, bilik və
bacarıqların ölçülməsi sahəsində əməkdaşlığın təmin edilməsi üçün hər iki
strukturun mütəxəssislərindən ibarət işçi qrup yaradılmışdır. Bu imtahanlarda
kurikulumların tələblərinə uyğun şəkildə yazı işlərinin qiymətləndirilməsi
məqsədilə müvafiq meyarlar, qiymətləndirmə prosesini həyata keçirmək üçün isə
yeni, alqoritmik yanaşmaya əsaslanan mexanizm hazırlanmışdır.
Monitorinq imtahanlarının keçirilməsi DİM-ə təhsil sahəsində aparılan
islahatlara, o cümlədən, yeni tədris proqramlarına (kurikulumlara) uyğun yeni
test modelləri yaratmaqda kömək etmişdir.
Qeyd etmək lazımdır ki, bu növ imtahanların model və məzmununun işlənib
hazırlanması elmtutumlu, əməktutumlu və maliyyətutumlu prosesdir. Bu
imtahanların nəticələri şagirdlərin məktəbdəki qiymətlərinə təsir etmirdi, yəni heç
bir hüquqi əhəmiyyəti yox idi. Lakin həmin nəticələrin elmi və statistik təhlili
şagirdlərin yeni proqramları mənimsəmə dərəcəsi və səviyyəsini müəyyən etməyə,
onlarda müvafiq vərdiş və bacarıqların formalaşma səviyyəsini ölçməyə, müəl-
limlərin tədris prosesində rastlaşdıqları çətinlikləri üzə çıxarmağa imkan
vermişdir. Bu məlumatlar pedaqoji ictimaiyyətdə müzakirələr üçün həmişə açıq
olmuş, eyni zamanda Təhsil Nazirliyi ilə də müzakirə edilmişdir.
Beləliklə, hələ 2016-cı ildə Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi ilə
birgə şagirdlər üçün ümumi orta təhsil bazasında buraxılış imtahanlarının yeni
keçirilmə qaydalarını işləyib hazırlamışdır.
2017-ci ildə ilk dəfə olaraq, yeni təhsil proqramlarının (kurikulumun)
tələblərinə uyğun şəkildə IX siniflərin yekun attestasiya imtahanlarında
şagirdlərin mətn üzərində iş qabiliyyəti: mətnin əsas ideyasını və mətndə baş
verən hadisələrin səbəb-nəticə əlaqələrini müəyyənetmə, mətnin kontekstinə uyğun
olaraq sözlərin mənasını izah etmə, həmçinin həndəsi qurmalardan istifadə edərək
riyazi məsələləri həll etmə, müxtəlif həyati situasiyalarda tənliklərin qurulması
kimi riyazi vərdişlərdən istifadə və s. bacarıqları yoxlanılmışdır.
IX siniflər üçün 2017 və 2018-ci illərdə keçirilmiş buraxılış imtahanlarının
nəticələri əsasında elmi-statistik məlumatlarla zəngin informasiya bazası
toplanmışdır. IX siniflərdə buraxılış imtahanlarının nəticələri “Abituriyent”
jurnalının 12-ci nömrəsində çap edilmiş və “Mənim məktəbim“
(http://mekteb.edu.az) saytında yerləşdirilmişdir.
Bundan əlavə, hər il ölkənin hər bir rayonu üzrə bütün məktəblərin
nəticələri ayrıca broşüralar şəklində nəşr edilərək məktəblərə paylanmışdır.
Düz bir il bundan öncə ictimaiyyətə Dövlət İmtahan Mərkəzi və Təhsil
Nazirliyinin birgə hazırladığı ümumi təhsil pilləsində təhsilalanların yekun
qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul
imtahanlarının yeni modeli təqdim olunmuşdur, imtahanların məzmun və for-
masında dəyişikliklər barədə tam məlumat verilmişdir. İmtahanların məzmunu, o
cümlədən qiymətləndirilən standartların siyahısı Təhsil Nazirliyinin
mütəxəssislərinin də iştirak etdiyi işçi qrup tərəfindən müəyyən edilmiş, bu
standartların ölçülməsi üçün müvafiq qiymətləndirmə çərçivəsi işlənib
hazırlanmışdır. Bundan başqa, yeni imtahan modeli, imtahanda yoxlanılacaq alt
standartlar (bacarıqlar), yeni tapşırıq formaları, qiymətləndirmə meyarları
“Abituriyent” jurnalının xüsusi buraxılışlarında, siniflər üzrə çap edilən “Yeni
təhsil proqramları (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” toplusunda nəşr
edilmişdir.
Abituriyentlər və onların valideynləri, elmi-pedaqoji ictimaiyyət edilən
dəyişikliklərlə bağlı narahat olmamalıdır. Çünki, bu dəyişikliklər etibarlı elmi
əsasları olmaqla yanaşı, onlar mərhələli şəkildə, praktikada aprobasiya olunaraq
tətbiq olunur və məzunlarımızın bilik səviyyəsinə uyğundur.
Biz DİM-in “Abituriyent” jurnalı, rəsmi saytımız və sosial şəbəkədə
səhifələrimiz vasitəsilə sizə çatdırdığı materiallarla yaxından tanış olmağı tövsiyə
edirik. Sizi maraqlandıran bütün suallara cavab verməyə və təqdim olunmuş
istənilən materialı şərh etməyə hazırıq.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin