Mehdi Hüseynzadənin anım günü keçiriləcəkdir

0
“Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2018-ci il tarixli
Sərəncamının icrası məqsədi ilə Azərbaycan Respublikasının Müdafiə, Təhsil və
Mədəniyyət nazirlikləri tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq,
2018-ci il noyabr ayının 19-da, saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının elmi-konfrans zalında əfsanəvi kəşfiyyatçı, leytenant,
azərbaycanlı partizan və təxribatçı, İkinci Dünya Müharibəsi dövründə kəşfiyyat-
təxribat qrupun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı və rəssam Mehdi Hənifə oğlu
Hüseynzadənin (22 dekabr 1918, Novxanı, Bakı- 2 noyabr 1944, Vitovle,
Sloveniya) anım günü keçiriləcəkdir.
Mehdi Hüseynzadə 1925-ci ildə o, yazıçı Süleyman Sani Axundovun direktoru
olduğu 77 saylı natamam (7 illik) orta məktəbdə (sonradan 19 saylı orta məktəb
olmuşdur) oxumuşdur. Onun ilk müəllimi bəstəkar Səid Rüstəmov idi. 1932-ci ildə
o, orta məktəbi bitirərək Bakı Rəssamlıq Məktəbinə daxil olmuşdur. Burada o,
Kazım Kazımzadə, Əsgər Abbasov, Əli Zeynalov, Mürsəl Nəcəfov ilə birlikdə
təhsil almışdır. 1936-cı ildə Bakı Rəssamlıq Məktəbini bitirən Mehdi Hüseynzadə
Suraxanıda ibtidai məktəblərdən birinə müəllim göndərilmişdir. Bununla yanaşı
Abbas Səhhət adına kitabxanada oxu zalının rəhbəri olmuşdur. Mehdi İncəsənət
Akademiyasına qəbul olunmaq üçün Leninqrada (indiki Sankt-Pterburq) getsə
də, tale elə gətmişdir ki, qəbul imtahanını verə bilmədiyi üçün Leninqrad Xarici
Dillər İnstitutunda Fransız dili fakültəsinə daxil olmuşdur. Lakin poeziyaya və
ədəbiyyata olan sevgisi ilə əlaqədar 1940-cı ildə Azərbaycan Pedaqoji
İnstitutunun dil və ədəbiyyat fakültəsinin ikinci kursuna köçürülmüşdür. 1941-ci
ildə İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar həmin il avqust ayının 9-
da sovet ordusunda xidmət etməyə başlamışdır. Döyüşlər zamanı əsir düşsə də,
düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta
qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını
yerinə yetirmişdir. 1944-cü ilin noyabrın 2-də gizli tapşırıqdan Çepovan yaşayış
məntəqəsində yerləşən 9-cu korpusun qərargahına qayıdarkən Vitovlye kəndində
düşmənlə döyüşərək, qəhrəmancasına həlak olmuşdur. SSRİ Ali Soveti Rəyasət
Heyətinin 11 aprel 1957-ci il tarixli əmri ilə ölümündən sonra Mehdi
Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Onun xatirəsinin
əbədiləşdirilməsi məqsədi ilə bir çox işlər görülmüşdur.
“İz” silsilə layihəsinin davamı olaraq, Mehdi Hüseynzadənin vaxtı ilə təhsil
aldığı Bakı Rəssamlıq Məktəbinin bu gün Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının nəzdində fəaliyyətini davam etdirdiyi nəzərə alınaraq onun 100
illiyinə həsr olunmuş anım mərasimin Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında təşkil olunması rəmzi məna daşıyır. Tədbirin keçirilməsi ilə bağlı
təşkilati işlər Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasıdır.
Anım mərasimində Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən
hazırlanmış Mehdi Hüseynzadənin həyat və fəaliyyətinə (xüsusən rəssamlıq
fəaliyyətinə) həsr olunmuş xüsusi təqdimat (ADRQ-nın böyük elmi işçisi Vaqif
Muğallı keçirəcək) keçiriləcək, Akademiyanın Təsviri sənət tarixi və nəzəriyyəsi
kafedrasının professoru, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev
M.Hüseynzadənin bədii yaradıcılığı, Təsviri sənət tarixi və nəzəriyyəsi
kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov isə
M.Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə aparılan işlər barədə
məruzə ilə çıxış edəcəklər.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin