9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

0
3 mart 2019-cu il tarixində 9-cu sinif şagirdləri üçün buraxılış
imtahanının birinci mərhələsi keçiriləcəkdir
Dövlət İmtahan Mərkəzi 3 mart 2019-cu il tarixində Bakı, Şirvan şəhərləri
və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif
şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcəkdir.
Həmin gün ümumilikdə 37434 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni
internet vasitəsilə fevralın 23-dən etibarən çap edib götürə bilirlər. Buraxılış
vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə
imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar
və digər zəruri məlumatlar çatdırılır.
İmtahan saat 11:00-da başlanır.
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili,
riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilir. İmtahan
3 saat davam edəcək. Bildiyiniz kimi, imtahanda şagirdlərin xarici dil üzrə
dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin
səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada
sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış
saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan
binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda
gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– imtahana buraxılış vərəqəsini;
– şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan
şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti
tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və
onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı,
təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa
şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin
keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 84 imtahan
mərkəzi ayrılıb.
Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini
dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına
əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq
edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha
surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir
şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.
İmtahanda 37434 (Bak şəhəri Yasamal rayonunda 2837, Binəqədi
rayonunda 4254, Səbail rayonunda 1544, Xətai rayonunda 3474, Xəzər rayonunda
2836, Nərimanov rayonunda 3131, Suraxanı rayonunda 2713, Sabunçu rayonunda
4820, Nəsimi rayonunda 2374, Qaradağ rayonunda 2170, Nizami rayonunda 2454,
Pirallahı rayonunda 386, Naxçıvan Muxtar Respublikasında 3439, Şirvan
şəhərində 1002) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına 84 ümumi imtahan rəhbəri, 254 imtahan
rəhbəri, 2980 nəzarətçi-müəllim, 221 buraxılışı təşkil edən əməkdaş, 84 bina
nümayəndəsi ayrılıb.
Hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər,
imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün
imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə
imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi
məqsədilə imtahan mərkəzlərinə martın 2-də təkrar baxış keçiriləcək və imtahan
zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş
Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin