Aydın Rəcəbov – “Ənənələrin gələcəyi” adlı fərdi sərgisi

0

Klassika və novatorluq qovşağında
Azərbaycan Respublikasının Əməkdar rəssamı, Sultan Məhəmməd mükafatı laureatı, Azərbaycan Rəssamlar İttifaqı “Dekorativ-tətbiqi sənət” bölməsinin rəhbəri Aydın Rəcəbov 75 illiyini Azərbaycan Xalça Muzeyində “Ənənələrin gələcəyi” adlı fərdi sərgisi ilə qeyd edir. Bu ad rəssamın hərtərəfli, geniş yaradıcılığını əks etdirir. Belə bir ad bu rəssamın ərtərəfli, çoxşaxəli yaradıcılığının əsil mahiyyətini əks etdirir.
Xalçaçılıq sənətində fəaliyyət göstərdiyi onilliklər ərzində bir çox xovlu və xovsuz xalça eskizləri yaratmışdır. Ornamental əsərlərində sənətkar ənənəvi türk-oğuz ornamental motivlərindən geniş istifadə edir. Yaratdığı bəzi süjetli xalçalarda orta əsr Azərbaycan miniatur sənətinin təsirini görmək mümkündür, digər əsərləri isə həndəsi stilizasiyası ilə seçilir.
Bir sıra əsərlərinin ornamentində şifrələnmiş yazılar gizlənir. Bura hal-hazırda Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılan “Suvari dərviş” və kompozisiya quruluşu başdan-başa qədim yazı simvollarından ibarət “Tenqri” xalçaları aiddir. Həmçinin, ərəb dilində imam Əlinin adı şifrələnmiş “Xətlərin harmoniyası”, bulud naxışları islam dininin ehkamı “La ilahə illəllah” sözlərinin birləşməsindən yaranan “Abşeron” və digər xalçalar da bu sıradadır.
Hazırkı sərgi üçün rəssam öz eskizləri əsasında son bir ildə toxunan altı yeni xalça hazırlamışdır. Bura yalnız müxtəlif illərdə yaratdığı otuzdan çox xalça və xalça məmulatları deyil, həmçinin onların iyirmi yeddi eskizi də daxildir. Beləliklə, tamaşaçı bu və ya digər xalça eskizinin hazırlanma prosesini lap əvvəldən – ideyanın yarandığı andan seyr edə bilər.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin