Prezident təqaüdçüləri haqqında ümumi məlumat

0
2019-cu il sentyabrın 9-da 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali
məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı imzalanıb.
Hər il tələbə qəbulu müsabiqəsində xüsusilə fərqlənərək, ən yüksək nəticə əldə
edənlər gəncliyimizin intellektual elitasını təmsil edirlər. Onların təcrübəsi həm cəmiyyətdə,
həm də məktəblərdə güclü təsirə malik örnək, nümunə rolunu oynayır. Bilik öncüllərinə
qayğı göstərmək, onları həvəsləndirmək, inkişaflarına və potensial imkanlarının
gerçəkləşməsinə kömək etmək, şərait yaratmaq dövlət tərəfindən daim diqqət mərkəzində
saxlanılır.
Məlum olduğu kimi, hələ 2001-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev təhsil
sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların
təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan
həvəslərini artırmaq məqsədilə “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün
Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman vermişdi. Həmin Fərmana uyğun
olaraq, o vaxtdan hər il ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə
göstərmiş gənclərimiz Prezident təqaüdünə layiq görülür. Çox fərəhli haldır ki, Prezident
İlham Əliyevin 2004-cü ildə verdiyi Sərəncamla Prezident təqaüdçülərinin sayı və onlara
verilən təqaüdlərin məbləği daha da artırılmışdı. Xatırladaq ki, təqaüdün məbləği sonradan
bir neçə dəfə də artırılıb və hazırda 210 manat müəyyən edilib.
Azərbaycan gəncliyinin intellektual elitasına göstərilən bu diqqət maddi stimuldan çox
güclü mənəvi dəstək, ruhlandırıcı amil rolunu oynayır, təhsildə sağlam yarış mühitinin
yaranmasına təsir göstərir.
Bu il Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident
təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına
əsasən Prezident təqaüdünə layiq görülən abituriyentlər respublikanın 27 müxtəlif şəhər və
rayonlarını təmsil edirlər. Təqaüdçülərin demək olar ki, yarısı regionlarda fəaliyyət göstərən
məktəblərdən (o cümlədən 8 nəfər kənd məktəblərinin məzunlarıdır), 1 nəfər internat tipli
məktəbdən, 5 nəfər bir valideyni olmayan ailədən, eləcə də hərbçi, həkim, müəllim, aşpaz,
balıqçı, satıcı və s. ailələrdən olan məzunlardır. Siyahıda olan 30 nəfərin valideynlərindən
ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur.
Təqaüdçülərdən 47 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra
Sumqayıtda yerləşən məktəblərin məzunlarından 8, Abşeron, Biləsuvar, Naxçıvanda
yerləşən məktəblərin hər birindən 4 nəfər olmaqla bilik öncüllərini siyahıda görmək olar.
Ümumilikdə 5 nəfər isə işğal altında olan rayonlara aid məktəblərin məzunlarıdır.
Ayrıca fərqlənən məktəblərə gəldikdə isə, Bakı Türk liseyinin (Türkiyə Dəyanət Vəqfi)
6, Akademik Zərifə Əliyeva adına liseyin 5, Biləsuvar rayonu M. İbrahimov adına Biləsuvar
lisey-məktəb kompleksinin 4, Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyinin 4, BDU-nun
nəzdində “Gənc istedadlar” liseyinin 3 məzunu Prezident təqaüdçüləri siyahısındadır.
Qeyd edək ki, Prezident təqaüdçülərindən 25 nəfər Azərbaycan Tibb Universitetinə,
23 nəfər Bakı Ali Neft Məktəbinə, 21 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 15
nəfər Bakı Dövlət Universitetinə, 7 nəfər ADA Universitetinə, 7 nəfər Dövlət İdarəçilik
Akademiyasına, 1 nəfər Azərbaycan Dillər Universitetinə, 1 nəfər UFAZ-a, 2 nəfər isə
xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olunub.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin