Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir layihə həyata keçirilir

0

“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cari ilin 18 oktyabr tarixindən 20 oktyabr tarixinədək Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində “Gənclərin insan hüquqları mövzusunda maarifləndirilməsi və onlar arasında milli-mənəvi dəyərlərin təbliği” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 14 yaşayış məntəqəsindən (Bakı, Cəbrayıl, Cəlilabad, Gəncə, Lerik, Lənkəran, Masallı, Naxçıvan, Sumqayıt, Şəmkir, Şuşa, Yevlax, Zaqatala, Zərdab) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər Fondunun 7500 (yeddi min beş yüz) manatlıq maliyyə dəstəyi ilə 3 günlük nəzəri-praktik konfransın (panel müzakirələr və infoturlar) keçirilməsinə başlanılmışdır. Nəzəri-praktik konfransda müxtəlif milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrini (udinlər, xınalıqlar, tatlar, ləzgilər, talışlar, yəhudilər, almanlar və avarlar) təmsil edən 13 nəfər qız və 12 nəfər oğlanın iştirakı təmin olunmuşdur. İctimai birliyin heyətindən başqa konfransda qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi cənab Yalçın Əhmədov, ekspert qismində isə Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.
Nəzəri-praktik konfransda işçi heyətlə iştirakçılar arasında multikulturalizm və toleyrantlıq sahəsində bir çox mövzuların: “Fundamental insan hüquqları, Azərbaycanda yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar, onların həyat tərzi, dilləri, dinləri, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları” müzakirə olunması və 3 günlük tədbir ərzində aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxların izlənilməsi, habelə Lənkəran da daxil olmaqla, Lerik və Astara rayonlarına infoturların (Lənkəran rayonu üzrə – M.A.Əliyev adına Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə səfər, Zövlə kəndində inkişaf etdirilən həsirçilik, Separadi kəndində yaşadılan dulusçuluq və Talış kəndində bambuqdan məmulatların hazırlanması sənətləri ilə tanışlıq, habelə Separadi kəndində fəaliyyət göstərən folklor və rəqs ansamblı olan “Nənələr” qrupu ilə görüş; Lerik rayonu üzrə – dünyanın yeganə uzunömürlülər muzeyi olan Lerik rayon Uzunömürlülər Muzeyinə səfər; Astara rayonu üzrə – Astara rayon Tarix-Diyarşünaslıq Muzeyinə səfər, Ərçivan qəsəbəsində inşa edilən XIX əsrə aid tarixi Ləm və Yanar Bulaq Kompleksinə səfər) təşkil olunması nəzərdə tutulmuşdur. Tədbir ərzində müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunması planlaşdırılır.
Tədbirin sonunda bütün iştirakçılara sertifikatların verilməsi, gənclərə multikulturalizm və toleyrantlıq sahəsində müvafiq təqdimatların təqdim olunması nəzərdə tutulur.
Qeyd edək ki, 01 sentyabr – 01 dekabr 2019-cu il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi insan hüquqları və milli-mənəvi dəyərlərin təbliği sahəsində Azərbaycanda yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qruplardan olan gənclərin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, onların həyat tərzi, dili, dini, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları ilə yaxından tanış olmaq, respublikamızdakı multikulturalizm və toleyrantlıq modelini tədqiq və təbliğ etmək ibarətdir.
Əlavə edək ki, tədbirdən öncə Azərbaycanın 27 müxtəlif yaşayış məntəqəsindən (Ağdam, Bakı, Balakən, Bərdə, Cəbrayıl, Cəlilabad, Gəncə, İsmayıllı, Qax, Qəbələ, Lerik, Lənkəran, Masallı, Naftalan, Naxçıvan, Saatlı, Sabirabad, Samux, Sumqayıt, Şəmkir, Şuşa, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zərdab) 64 nəfər gənc ərizəçi (38 nəfər oğlan və 26 nəfər qız) nəzəri-praktik konfransda iştirak etmək üçün təşkilata müraciət etmişdir ki, onlardan da yalnız 25 nəfəri (12 oğlan və 13 qız) tədbirdə iştirak etmək hüququ qazanmışdır.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin