“Qarabağ gəncləri arasında Nəsimi kuboku” layihəsi keçirilib

0

26.10.2019-cu il tarixində Beyləqan Gənclər Mərkəzində Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Qarabağ gəncləri arasında Nəsimi kuboku” layihəsi çərçivəsində Beyləqan seçim turu təşkil edilmişdir. İntellektual yarış formatında keçirilən tədbir Beyləqan rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Heyət sayı 5 nəfərdən ibarət 9 komandanın iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan layihə rəhbəri Mürsəl Behbudlu layihə və yarışın formatı barədə ətraflı məlumat vermişdir. Çıxış edən təşkilatın sədri Tural Əliyev Cənab Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsindən, Gənclər Fondunun fəaliyyətindən və bu sahədə aparılan məqsədyönlü və uğurlu siyasətdən geniş söz açmışdır. Təhsil Nazirliyinin Beyləqan rayonu üzrə təhsil meneceri Cavid Məmmədov isə intellektual oyunların şagirdlərin dünyagörüşünün genişlənməsinə böyük faydası olduğunu xüsusi vurğulamışdır. İmran Yaqubzadənin aparıcılığı ilə start verilən yarış gərgin mübarizə şəraitində keçmişdir. 16 suallıq beyin savaşının sonunda 9 suala düzgün cavab verən Beyləqan şəhər 1 saylı tam orta məktəbin “Xpertlər” komandası qalib olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində keçiriləcək finala vəsiqə qazanmışdır. Digər komandalara isə həvəsləndirici sertifikatlar təqdim olunmuşdur.