Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib

0
Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test
imtahanına qeydiyyat elan edilib
Qeydiyyat 12 dekabr saat 18:00-dək aparılacaqdır.
Dövlət İmtahan Mərkəzi tərəfindən 22 dekabr 2019-cu il tarixində inzibati dövlət qulluğu
vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan
vəzifələr üzrə test imtahanı keçiriləcəkdir. İmtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə
aparılacaqdır. İmtahanda iştirak etmək üçün qeydiyyat 12 dekabr saat 18:00-dək aparılacaqdır.
Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat veriləcəkdir.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini
yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri
ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün
müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir)
istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra
imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test
imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək
lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri
qaytarılımır.
Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron
məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun
qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul
olunmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə
daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış
namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı
şəhəri, Yasamal rayounu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə)
müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil
edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət
elektron məlumat sistemində olub – olmadığını “Elektron hökumət” portalından DİM-
in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron
xidməti vasitəsilə öyrənə bilərlər.
Qeydiyyatdan keçən namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi elektron poçt
ünvanına qeydiyyatdan keçmək barədə “Bildiriş”, “Namizədin yaddaş kitabçası” göndərilir.
DİM-lə yazışmaların operativliyinin təmin edilməsi üçün namizədin özünə məxsus elektron
poçtdan istifadə etməsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda
“Spam” qovluğunu yoxlamaq, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 “Çağrı
mərkəzi”nə zəng edib bu barədə məlumat vermək lazımdır.
Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri,
imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün
aşağıdakılardan istifadə etmələri tövsiyə olunur:
Test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının sayı və
vəzifə altqrupları üzrə keçid balları;
Test imtahanı proqramları;
“Namizədin yaddaş kitabçası” – kağız daşıyıcılar vasitəsilə keçirilən test imtahanları
üçün;
“Namizədin yaddaş kitabçası” – kompüter vasitəsilə keçirilən test imtahanları üçün.
Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim
etməklə, test imtahanında iştirak edir. İmtahana buraxılış vərəqəsini qeydiyyat bitdikdən sonra
DİM-in portalından əldə etmək olar.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə
uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət
qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün imtahan
nəticələri elan olunduqdan 10 iş günü müddətində DİM-in portalında müraciət formasını
doldurur. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə
aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin
düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda,
namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya
eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim
etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə
tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun
olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün
müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının
ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən
namizəd müsahibədə iştirak edə bilməz.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin