Magistratura səviyyəsinə qəbul imtahanına hazırlaşan bakalavrların nəzərinə!

0
Magistratura səviyyəsinə qəbul imtahanına hazırlaşan bakalavrların nəzərinə!
Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci il 2 fevral tarixində ali təhsil müəssisələrinin
və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək.
Sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. Sınaq imtahanının
məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsilə bakalavrların verbal və riyazi
məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, oxuyub-anlama
və dinləyib-anlama vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına
alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.
Regionlarda yaşayan iştirakçıların rahatlığını təmin etmək üçün imtahanlar Bakı şəhəri
ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq. Sınaq imtahanında iştirak
etmək istəyənlər 2020-ci il 21 yanvar saat 11:00-dan 27 yanvar saat 11:00-dək DİM-in internet
saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında “Şəxsi
kabinet”lərini yaratmalıdırlar. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 50 (əlli)
AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək
üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet
saytının epayment.dim.gov.az səhifəsində verilmişdir).
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in
istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın”
düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq
edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, xarici dil seçilir və
“Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərsiniz.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq. İmtahanda iştirak
edəcək bakalavrların nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa
çatacaq. Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da
yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə
hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə
qalmış heç kim binaya buraxılmayacaq. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və
buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.