“Kəşf et – Öyrət” layihəsi yekunlaşıb

0

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Dövlət Miqrasiya Xidməti və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən “Kəşf et – Öyrət” layihəsi yekunlaşıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qalibi Manafova Firəngiz Anar qızının 04.02.2020-07.02.2020-ci il tarixində 4 gün müddətinə  icra etdiyi “Kəşf et – öyrət” layihəsi yekunlaşıb. Layihə Azərbaycan Gənclər Fondunun maliyyə, Dövlət Miqrasiya Xidməti, “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutub. Təlimlərin yekunu ilə bağlı “Miqrasiya Könüllüsü” İctimai Birliyində tədbir həyata keçirilib. Təlimlərdə xüsusi qeydiyyat və müsahibə ilə seçilən 30 nəfər gənc iştirak edib.

Mədəni – tarixi abidələrin gənclər arasında təbliğinə yönələn layihənin həyata keçirilməsində məqsədi  gənclərin mədəni dəyərlərimizdən məlumatlılıq dərəcəsinin artırılması, bloq fəaliyyətini düzgün şəkildə istiqamətləndirmək və gənclərin öz şəxsi imkanlarından istifadə edərək mədəni dəyərlərin təbliğinə yönəlmiş fəaliyyətlərinə dəstək verməkdən ibarət idi.

 

Layihənin I və II günü iştirakçılar bloggerliklə bağlı təlimçi Zamiq Əsgərzadə tərəfindən verilən məlumatlarla tanış olub. Təlimlər qeyri-formal təhsil metodu ilə keçirilib. Həmçinin, II gün Rəşad Mirzəzadə tərəfindən “memarlıq fotoqrafiyası” barədə detallardan danışılıb, lazimi informasiyalar verilib.

Layihənin III günündə  iştirakçıların “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiyası təşkil edilib. “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Ramin Cəfərov iştirakçılara könüllülüyün gənclərin inkişafında rolunu vurğulayıb, tarixi-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətindən danışıb. Qoruğun bələdçisinin müşayiəti ilə iştirakçılar açıq hava muzeyindəki tarixi-mədəni dəyərlərimiz haqda ətraflı məlumat əldə ediblər. İştirakçılar burada təlim müddətində öyrəndiklərini praktiki olaraq tətbiq etmək imkanı əldə ediblər.

Layihə çərçivəsində 4 gün ərzində ən yaxşı bloqun sahibinə hədiyyə təqdim olunub. Layihə iştirakçıları sertifikatla təmin edilib.

Sonda xatirə şəkli çəkilib.