15 və 29 mart 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar təxirə salınıb

0
Məlum olduğu kimi, 15 mart 2020-ci il tarixində Naftalan, Goranboy, Daşkəsən,
Mingəçevir, Şəmkir, Gədəbəy, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Astara,
Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan,
Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayonlarında (o cümlədən Bakı şəhəri üzrə
xüsusi məktəblər) yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış
imtahanının birinci mərhələsinin, 29 mart tarixində isə 9 illik təhsil bazasından kollecə qəbul
olmaq istəyən əvvəlki illərin məzunları (həmçinin cari ilin məzunları üçün əlavə xarici dil
imtahanları) üçün qəbul imtahanının keçirilməsi nəzərdə tutulmuşdur.
Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının
alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının
qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin
yüksəldilməsi məqsədilə qeyd olunan tarixlərdə keçirilməsi planlaşdırılan imtahanlar təxirə
salınmışdır.
Bu istiqamət üzrə, eləcə də martın 9-da keçirilməli olan imtahanın vaxtı imtahanların
keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaqdır.
11-ci sinif buraxılış imtahanı iştirakçılarının nəzərinə çatdırırıq ki, bu imtahanların
əvvəlcədən elan olunmuş qrafikə uyğun keçirilməsi nəzərdə tutulur. Mövcud vəziyyətlə
əlaqədar imtahanların keçirilmə tarixlərində hər hansı bir dəyişiklik baş verərsə, əvvəlcədən
elan olunacaqdır.
Abituriyentlərə və valideynlərə tövsiyə edirik ki, imtahan və tədris prosesində yaranmış
fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan
Mərkəzinin “Youtube” kanalı vasitəsilə təqdim edilən “vizuallaşdırılmış dərs” və otk.az
portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər.
“Vizuallaşdırılmış dərs”lərdə qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq
dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik video formasında təqdim
olunur. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur.
Hazırlanmış materiallardan istifadə ödənişsizdir.
Otk.az portalında isə bütün istiqamətlər üzrə onlayn sınaq imtahanları vermək
mümkündür.