Koronavirusa görə karantin nəticəsində məişət zorakılığı hallarının artmasıyla bağlı yaranan suallar

0

Son zamanlar ən aktual mövzulardan biri də COVİD-19 pandemiyası ilə bağlı ölkədə və dünyada keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejiminin tətbiqi nəticəsində məişət zorakılığı hallarının artmasıyla bağlı yaranan suallardır. Qeyd edim ki, Pandemiya və karantin rejimi zamanı məişət zorakılığının baş verməsi artıq BMT tərəfindən də rəsmi olaraq tanınmışdır. Aprel ayının 6-da BMT baş katibi Atonio Gutteres öz Twitter səhifəsində çıxışını yayımlayaraq, sosial izolyasiya dövründə bəzi ölkələrdə məişət zorakılığından əziyyət çəkən qadınların müraciətinin iki dəfə artdığını bildirərək, polisin qaydaların qorunmasına və sosial təcrid işinə cəlb olunmaları səbəbindən məişət zorakılığına məruz qalan qadınlara operativ şəkildə dəstək ola bilmədiklərini qeyd etmişdi. BMT baş katibi həmçinin hökümətlər tərəfindən qadınlara qarşı zorakılığın qarşısının alınması məsəsləsini də koronavirusla mübarizə tədbirlərində nəzərə almalı olduqlarını vurğulamışdı.

Karantin dövründə məişət zorakılığı hallarının çoxalması səbəbləri ən çox nəylə bağlıdır və ailədaxili münaqişələr baş verdiyi halda qurbanlar özlərini necə qorumalıdırlar sualları prioritet təşkil edir.

Bununla bağlı qeyd edə bilərəm ki, sosial izolyasiya və xüsusi karantin rejimi dövründə ailədaxili münasibətlərin kəskinləşməsinin səbəbləri müxtəlif ola bilər və düşünürəm əlbəttə ki, bu suala psixoloqlar daha ətraflı cavab verə bilər. Lakin hesab edirəm ki, ailədaxili münaqişələrin məhz bu dönəmdə özünü daha kəskin formada biruzə verməsi çox güman ki, karantin rejimi tətbiqi zamanı qazancından məhrum olmuş insanların bununla bağlı keçirdiyi gərginliyin nəticəsi və ya insanların gün ərzində aldıqları neqativ informasiya axını da səbəb ola bilər. Həmçinin bu dönəmdə müəyyən psixi xəstəliklərdən əziyyət çəkənlərin də davranışlarında aqressivlik müşaiyyət oluna bilər. Əlbəttə ki, hər bir zorakılıq halı özünə görə individualdı və bir çox hallarda yalnız məişət zorakılığı qurbanı özü qarşısındakı insanın aqressiyasının nə dərəcədə dərinə gedə biləcəyini təxmin edə bilər. Bildiyimiz kimi məişət zorakılığını digər zorakı hərəkətlərdən fərqləndirən spesefik cəhət də odur ki, məişət zorakılığı davamlı, sistematik baş verir. Xüsusilə bu dönəmdə potensial məişət zorakılığı qurbanlarına bir sıra tövsiyələrim olacaqdır. Əgər tərəflər arasında münaqişə zamanı məsələnin daha sərt döngəyə istiqamətləndiyini görürüksə bu an ilk növbədə situasiyadan tamamən zərərsiz şəkildə çıxmağımızı düşünməliyik. Bunu necə edə bilərik? İlkin olaraq şiddət və agressiya göstərən şəxsi qıcıqlandıran hərəkət və ifadələrdən maksimum dərəcədə çəkinməliyik. Əgər qarşılaşdığımız vəziyyət həyat və sağlamlığımız üçün təhlükə yaradırsa yaxşı olar ki, dərhal bu barədə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi ilə və ya köməyimizə yetişə biləcək yaxın adamımızla əlaqə saxlayaq və ya kömək istəmək üçün çox məhdud zamanımız varsa sosial şəbəkə istifadəçisiyiksə şəxsi hesabımızda “SOS” “Kömək edin” “İmdad” kimi qısa ifadələr yazmaqla yaxınlarımızın diqqətini cəlb edə bilərik, beləliklə də kimsə köməyə yetişə və ya əlaqə saxlayıb hər hansı bir formada yardım edə bilər. Amma bəzən elə hal da ola bilər ki, telefonla zəng etmək və telefonu əlimizə almaq imkanımız belə olmasın. Məsələn, münaqişə zamanı aqressor zəng etmək niyyətimizi görüb telefonu ala bilər və ya həmin an yığdımız şəxsə zəng çatmaya bilər. Bir şeyi də unutmaq olmaz ki, polisə və ya hər hansı şəxsə zəng etmək, məlumat vermək niyyətimiz barədə qəti şəkildə zorakılıq törədən şəxsə bildirməməliyik bu hal mütləq göstərilən şiddətin artmasına səbəb olacaqdır. Belə vəziyyətdə evdən çıxıb qaçmaq imkanı varsa mütləq bundan istifadə etmək lazımdır. Əgər bu imkan da yoxdursa haray salaraq ətrafımızda yaşayan qonşuları köməyə çağırmalıyıq. Bir şeyi unutmamalıyıq ki, günah hər zaman zorakılıq törədən şəxsdədir. Lakin xüsusən də bu dönəmlərdə imkanlarımızı nəzərə alaraq bir evdə yaşadığımız, zorakılığa meyilli olan şəxsi maksimum provakasiya etməkdən çəkinməliyik. Əlbəttə bu fikirlərin bir qadın hüquq müdafiəçisi tərəfindən səsləndirməsi bir qədər qəribə gələ bilər amma biz bu dönəmdə ilk növbədə həyatımızın və sağlamlığımızın təhlükəsizliyini düşünərək dörd divar arasında salamat qalmalıyıq. Strateji düşünərək emosiyalarımızı idarə edə biləriksə düşdüyümüz situasiyanın idarəetməsinə də hakim olmaq kimi şansımız daha çox olacaqdır.

Qeyd edim ki, ölkədə bu problemə dair ümumi vəziyyətə qiymət vermək üçün COVİD-19 pandemiyası ilə bağlı ölkədə keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejiminin tətbiqi nəticəsində məişət zorakılığı hallarının artmasıyla bağlı müvafiq qurumlar və ixtisaslaşmış QHT-lər tərəfindən monitorinqlərin keçirilməsi zəruridir.

Rövşanə Rəhimli

Qadın hüquqları müdafiəçisi