Cənub bölgəsində yerli sakinlər üçün yeni bir layihənin icrasına başlanıldı

0
“COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində sağlam həyat tərzinin təbliği” layihəsi.

Cənub bölgəsində yerli sakinlər üçün yeni bir layihənin icrasına başlanıldı…
Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım
Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “COVİD-19 xəstəliyi ilə
mübarizə zəmnində sağlam həyat tərzinin təbliği” adlı layihənin həyata keçirilməsinə
başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 7000 (yeddi min) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin məqsədi COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində ictimaiyyətin
məlumatlandırılması, onların zəruri gigiyenik vasitələr və tibbi ləvazimatlarla təmin edilməsi
və sağlamlıq baxımından əziyyət çəkən müvafiq aztəminatlı ailələrə ərzaq yardımı paketləri
paylamaqla, cəmiyyətdə sağlam həyat tərzini geniş təbliğ etməkdən ibarətdir.
Layihənin müddəti 3 ay olmaqla, 05 avqust – 05 noyabr 2020-ci il tarixlərini əhatə
edəcəkdir. COVİD-19 pandemiyası ilə mübarizədə əhali arasında sağlam həyat tərzinin
təbliğini özündə ehtiva edən layihə çərçivəsində Lənkəran, Cəlilabad, Masallı və Astara
rayonlarının hər birində 3 nəfər 18-29 yaşarası könüllü gənc müəyyən edilərək onlar üçün
pandemiya dövründə davranış qaydalarına dair təlimat hazırlanacaq, aidiyyəti sahədə
bukletlər də daxil olmaqla, həmin könüllülər zəruri gigiyenik vasitələr (dezinfeksiyaedici gel,
spirt və s.) və tibbi ləvazimatlarla (maska, əlcək və s.) təmin olunacaqlar.
Təlimatlandırılmış
və zəruri materiallarla təchiz edilmiş gənclər tərəfindən Lənkəran, Cəlilabad, Masallı və
Astara rayonlarındakı ictimai yerlərdə sakinlərə müvafiq bukletlər, müxtəlif gigiyenik vasitələr
və tibbi ləvazimatlar paylanılmaqla, əhali arasında geniş maarifləndirmə və məlumatlandırma
işləri həyata keçiriləcəkdir. Eyni zamanda sözügedən hər bir rayonda ictimai monitorinqlər
aparmaqla, sağlamlıq baxımından əziyyət çəkən müvafiq aztəminatlı ailələr müəyyən
ediləcək və onlara poçt vasitəsilə zəruri ərzaq yardımı paketləri göndəriləcəkdir. Layihədə
könüllü fəaliyyət göstərən ümumilikdə 12 nəfər gənc yekunda təşkilat tərəfindən xüsusi
qısaqol köynəklərlə və müvafiq sertifikatlarla təltif olunacaqdır.
Məlumat üçün bildirək ki, Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarında layihə
çərçivəsində könüllü kimi iştirak etmək istəyən yerli gənclər MAGİYA ictimai birliyinin
www.epsaya.az adlı internet səhifəsinin “Əlaqə” bölümünə daxil olmaqla və ya birbaşa
[email protected] adlı elektron poçtuna özü barədə tərcümeyi-halı (CV) dolğun formada
(özü və təhsili haqqında tam məlumat, E-mail və telefon nömrələrinin dəqiq qeyd olunması
s.) hazırlayıb 13 sentyabr 2020-ci il, saat 24.00-adək ictimai birliyə göndərməlidir.