İnklüziv təhsil nədir?

0

İnklüziv təhsil fiziki və əqli problemli fərdlərin sağlam fərdlərlə birlikdə təhsil aldığı təhsil formasıdır. Dünya ölkələri təcrübəsində təhsilin ilkin illərində bu təhsil formasının tətbiqinə çox diqqət ayrılır. Son zamanlar bu anlayış yalnız fiziki və əqli problemli fərdlər üçün deyil, cəmiyyətdə müxtəlif təzyiqlərlə qarşılaşan bütün qruplar (etnik, tarixi, dini, iqtisadi-sosial və s. səbəblərdən) üçün də istifadə olunur. Məqsəd birgə təhsil forması ilə mənfi stereotipləri qırmaq, xüsusi qayğı göstərilməli olan uşaqların inkişafına nail olmaq, digər uşaqların sağlam düşüncəli fərqlər kimi formalaşmalarını təmin etməkdir. Başqa sözlə, inklüziv təhsil insanlar arasındakı fərqlilik və xüsusi ehtiyacları problem kimi görmür, təhsili zənginləşdirən bir fürsət, faktor kimi yanaşır. Belə sistemin qurulmasında humanist ideyalar yatır. Məsələn, qabiliyyətindən və imkanlarından asılı olmayaraq hər kəs mümkün qədər normala yaxın şəraitdə yaşamalı və təhsil ala bilməlidir.

İnklüziv təhsil təhsil alan şəxsə (şagird, yaxud tələbə) sadəcə məlumat ötürməyi hədəfləmir. Düzgün qurulmuş inklüziv təhsil şəxsin savadlı fərd, məsuliyyətli vətəndaş olmasında açar rol oynayır, eyni zamanda yüksək şəxsi keyfiyyətlər, müxtəlif bilik və bacarıqlar aşılayır. Müasir təhsil sistemi modellərində nəzərdə tutulur ki, şagirdlər kiçik yaşlardan etibarən özlərini kəşf etsinlər, dövrün əsas tələbi olan linqvistik və texnoloji biliklərə yiyələnsinlər. Bundan başqa, şagirdlər elə bacarıqlara yiyələnsinlər ki, tələbəlik illərində və həyatın geri qalanında illər sonrasını görüb doğru seçim edə bilsinlər. Bunun əsasında araşdırma, analiz edə bilmək, nəticə çıxarda bilmək, tənqidi düşüncə, rəy söyləmə bilmək, nəzəri həll təklifləri verə bilmək və bunları həyata keçirə bilmək kimi əsas bacarıqlar durur. Fiziki və əqli məhdudiyyətli fərdlərin də bu bacarıqlara yiyələnmələri üçün inklüziv təhsil mütləqdir. Bütün bunları bacaran, ancaq ölkəsinin, xalqının, cəmiyyətinin çatışmazlıqlarına göz yuman, laqeyd, mərhəmətsiz və ancaq kapitaliscəsinə düşünüən fərd nəyə lazımdır? İnklüziv təhsil həyata bu cür yanaşma tərzinə qarşı çıxır. 

    Yüksək şəxsi keyfiyyətə malik insan modelinin formalaşdırılmasında inklüziv təhsilin rolu danılmazdır. İnklüziv təhsilin təməlində bərabərhüquqlu cəmiyyət, nifrət nitqinin olmadığı mühit, ədalətli və fərdi yanaşma, mənfi stereotiplərin sındırılması durur. Əlbəttə ki, şagirdlərə kollektiv və ya komanda ilə işləmək, qərəzsiz yanaşma, empatiya, dostluq və fərqliliklərə əngəl kimi baxılmaması aşılanmalıdır. Bu, cəmiyyətdə sosial inkişafı deməkdir. Belə təhsil qorxu, təhqir, psixoloji və fiziki şiddət, ayrı-seçkilik, ələ salma kimi mənfi hallardan uzaq, inam, ümid dolu cəmiyyətin rüşeymini təşkil edər. Əlbəətə ki, belə mühiti qurmaq asan olmayacaq. Belə sistemdə müəllimlərdən fərdi yanaşma, daha çox səy, məsuliyyət və səbir tələb olunur. Müəllimlər ənənəvilikdən çıxaraq çağdaş bilik və bacarıqlara yiyələnməli, metodiki yanaşmalarını daha da inkişaf etdirməli, xarakteri və davranışı ilə şagirdlərinə nümunə olmalıdır. Düşünürəm ki, öyrənməyi öyrətmək, fərqli zəka səviyyə və növlərinə görə yanaşma əsas prioritet məsələsi olmalıdır. Bu da müəllimlərin peşə hazırlıq səviyyələrinin artırılmasını zəruri edir.

 

Sabir Etibar oğlu Etibarlı