“Rus və ingilis dili fənlərinin tədrisi zamanı rast gəlinən çətinliklər və onların həlli üsulları” – Məqalə

0
685

Orta ümumtəhsil məktəblərində rus və ingilis dili fənlərinin tədrisi zamanı rast gəlinən çətinliklər, onların həlli üsulları

Müasir dövr təhsilimizə və bizi əhatə edən cəmiyyətə yeni yanaşmalar tələb edir. İnsan sosial varlıq olduğuna, cəmiyyətdə yaşadığına və digər insanlarla ünsiyyətə ehtiyac duyduğuna görə qloballaşan dünyanın tələblərinə uyğunlaşmalıdır. Bunun üçün lazım olan tələblərdən ən vacibi xarici dillərin öyrənilməsi, bu sahədə bilik və bacarıqların artırılmasıdır. Yaşadığımız dövrdə bu bilikləri müxtəlif yollarla inkişaf etdirmək mümkündür. Məqalənin ünvanlandığı əsas auditoriya müəllimlər, valideynlər, şagirdlər olduğu üçün rus və ingilis dillərinin tədrisi zamanı rast gəlinən çətinliklər, onların həlli üsullarını, eyni zamanda, həmin dilləri tədris edən müəllimlərin təlim ehtiyaclarını göstərməyə çalışacağıq.

Respublikamızın orta ümumtəhsil məktəblərində işləyən rus və ingilis dillərini tədris edən müəllimlərin hal-hazırda tədris prosesi zamanı hansı çətinliklərlə üzləşdiyini, problemlərinin, təlim ehtiyaclarının nədən ibarət olduğu ilə əlaqədar keçirilən sorğu nəticəsində müəyyənləşdi ki, yazı materiallarının, iş yükünün çox olması, işdən sonra dincələ bilməməkləri, ədəbiyyat dərslərində şagirdlərin bədii ədəbiyyatı mütaliə etməmələri, eyni zamanda, ibtidai siniflərdən rus və ingilis dillərinin tədris olunduğu məktəbləri bitirən şagirdlərin onlara tədris olunan xarici dildə danışa, sərbəst ünsiyyət qura bilməmələri, ən əsası isə müəllimlər üçün ixtisasartırma kurslarının mövcud olmaması ən vacib problemlərdir. Bəs bu problemləri həll etmək üçün hansı tədbirlər görülməlidir və yaxud problemlər hansı üsullarla həll oluna bilər?

Həmin problemləri həll etmək üçün aşağıdakı tədbirlər və üsullar təklif edilir:

  1. İlk növbədə yaş xüsusiyyətləri nəzərə alınmaqla tədris olunan xarici dil mühitinin təşkil olunmasıdır. Əgər şagird ona tədris olunan xarici dildə yalnız dərs zamanı danışarsa, təbii ki, bu onun həmin dildə danışması üçün yetərli deyil. Bunun üçün dərsdənkənar zamanlarda danışıq klublarının və dərnəklərin yaradılmasına ehtiyac var.
  2. Multimedia vasitələrindən və internetdən istifadə etməklə dil səviyyəsini artırmaq olar. İnternetdə həmin vasitələrin və dil öyrədən tədris saytlarının çoxluğu bunun üçün əlavə imkanlar açır.
  3. İstənilən xarici dildə hər səviyyəyə uyğun bədii ədəbiyyatın mütaliəsi tövsiyə olunur. Bu vasitə şagirdlərin söz ehtiyatının zənginləşməsinə səbəb ola bilər. Əvvəlcə, sadə mətnli kitablardan başlayıb, sonra daha mürəkkəb mətnli kitablara keçmək olar.
  4. Televiziyada nümayiş olunan altyazılı film, tamaşaları izləyib, mahnı sözlərini dinləyib, naməlum sözlərin mənasını lüğətlərdən istifadə edərək öyrənmək və anlamaq mümkündür.
  5. Tələsməmək, öyrənməyə həddindən artıq səbrlə yanaşmaq lazımdır. Öyrənməyə səbrlə yanaşmağı müvəffəqiyyətin yarısı hesab etmək olar.

Son illərdə dərc olunan 5-ci və 6-cı siniflərin Rus dili və ədəbiyyatı dərslikləri qənaətbəxşdir. 6-cı sinif dərsliyində mətn, ona uyğun suallar, qrammatik  tapşırıq və qrammatik material  verilir. Yəni, mövzunun başlanğıcında e hərfinin düzgün  yazılış və oxunuş qaydası izah olunur.  Ancaq digər siniflər, məsələn: 7-ci sinif dərsliyi bu tələbləri ödəmir. Nümunə üçün, “vurğu” kimi vacib bir mövzuya dair qrammatik məlumatın verilməməsini göstərmək olar. Dərslikdə Rus dili və ədəbiyyatı fənninə aid olmayan mövzular var. Məsələn: “Удивительные буквы”, “Осень”, “Чудеса Азербайджана”, “История” və s. “Kitabi-Dədə Qorqud” mövzusu Azərbaycan dili və ədəbiyyat dərsliyində var.”Народная музыка”,”Баяты” kimi mövzuları da bura aid etmək olar. Rus dili dərsliyində məhz rus şair və yazıçılarının əsərlərindən məsələn: A.S.Puşkinin, A.Tolstoyun,S.Yeseninin və s .digər uşaq ədəbiyyatı nümunələrindən, həmin yaş dövrünə uyğun şeirlərindən ibarət bəndlər və qrammatik material əlavə olunsa daha məqsədəuyğundur. Qrammatik materialın izahında həmin bəndlərdən nümunə kimi  istifadə etmək də olar.7-ci sinifdə mövzular kiçik, ancaq ona aid tapşırıqların sayı çox verilib. Bütün tapşırıqların yerinə yetirilməsinə vaxt çatmır. Evdə də  3-4 tapşırıq yerinə yetirmək mümkündür.

Ayrı-ayrı məktəblərdə texniki problemlərin, məsələn, linqofon kabinetlərinin olmaması dinləyib-anlama mətnlərinin tədrisinə maneə yaradır. Məlumdur ki, orta ümumtəhsil məktəblərində xarici dil öyrənməyin bünövrəsi ibtidai siniflərdə qoyulur. 1-4-cü siniflərdə həftədə 1 saat vaxt verilməsi, 5-ci sinifdə 3 saatdan 2 saata endirilməsi, müəllimlərin dil öyrətmək üçün mövzuları şagirdlərə istənilən səviyyədə çatdıra bilməməklərinə, imkanlarının məhdudlaşdırılmasına səbəb olur.

İngilis dilini tədris edən hər fənn müəlliminin özünün fərdi yanaşması ola bilər və olmalıdır. Fənnə, mövzuya yeni üsulları tətbiq etməklə, mümkün olan bütün vəsaitlərdən istifadə etməklə müəllim fənnini sevdirə bilər. Son illərdə yeni və anlaşıqlı dərsliklərin çap olunması, mövzuların sadələşdirilməsi, dinləmə materiallarının çoxluğu, məsələn: 5-ci və 6-cı siniflər üçün yeni çap olunmuş İngilis dili dərsliklərinin tərtibatı, dərsliklərə salınmış yeni oxu, yazı, dinləmə materiallarında mövzuların və lüğət tərkibinin anlaşıqlı olması, film izləmə saatlarının ayrılması və müzakirəsi qənaətbəxşdir. Şagirdlərin tədris prosesində çətinliklərlə qarşılaşması onların fəndən soyumasına, keçilmiş mövzuların  dərk olunmamasına səbəb olur. Bu baxımdan digər siniflər üçün də dərsliklərin sadələşdirilməsinə ehtiyac var. Yuxarı siniflərdə dərsliklərin qismən mürəkkəbləşdirilməsinə yol vermək olar. 8-ci sinif dərsliyində hər mövzuda qara hərflərlə tapşırıq kimi sözlər verilib. Həmin sözlər  bütün fəsil və bölmələrdə var. Sözlərin mənalarının şagirdlərə aydınlaşdırılması üçün müəllim əlavə izahata ehtiyac duyur. Orta ümumtəhsil məktəblərində xarici dilin öyrədilməsi ana dili kimi deyil, ikinci dil kimi nəzərdə tutulub. Buna görə də həmin sözləri 10-cu və 11-ci sinif dərsliklərində vermək daha məqsədəuyğundur. Bundan əlavə, dərsliyin sonunda verilən lüğətdə sözlərin tərcüməsi verilməyib. Əvvəlki illərdə olduğu kimi sözlərin mənaları və hansı nitq hissəsinə aid olması göstərilsəydi daha yaxşı olardı.

10-cu sinif İngilis dili dərsliyinin köhnə olması, müəllimlərin dinləmə  vəsaitləri ilə təmin olunmaması mətnlərin dinlənilməsinə deyil, sadəcə, mexaniki oxunmasına səbəb olur. Promethean və smart lövhələrin azlığı, bütün siniflərdə istifadə olunmaması, bəzi məktəblərin texniki avadanlıqlarla qismən təmin olunması, şagirdlərin dinləmə üçün sinif yerdəyişməsi, əvvəlki linqofon kabinetlərinin istifadəsiz qalması və yaxud heç olmaması çətinliklər yaradır və yenə də əsas yük müəllimin bacarıqlarının, fənninə yaradıcı yanaşmasının üzərinə düşür.

Daha vacib bir məsələ: şagirdlərin öyrəndikləri xarici dildə danışıq bacarıqlarına görə deyil, BSQ və KSQ-lərdə test tapşırıqlarına görə qiymətləndirilməsidir. Şagirdlərin biliyə deyil, qiymətə can atması, dinləmə, danışma mətnləri tədris olunsa da, yenə də qiymətləndirmənin test tapşırıqlarına və qrammatik qaydalara görə aparılması çətinlik yaradır. Ancaq son dövrdə yuxarı siniflərdə dinləmə mətnləri ilə işləməyə müəllimlərin düzgün istiqamət verməsi şagirdlərin xarici dildə danışıq səviyyələrinin təkmilləşməsinə şərait yaradır.

Əksər şagirdlərdə danışıq kompleksinin aradan qaldırılması üçün ən yaxşı üsullardan biri də tədris prosesinə xarici dil mütəxəssislərinin dəvət olunmasıdır. Bəzi ümumtəhsil məktəblərində Skype vasitəsilə xarici dil müəllimləri, dil mütəxəssisləri ilə görüşlər keçirilir. Bu görüşlər “Microsoft education-Təhsil İşçiləri üçün Platforma”da ( https://education.microsoft.com/en-us) keçirilir. Həmin platformaya müraciət edərək, təklif olunan kurslardan istifadə olunur. Bu kurslardan istifadə edən müəllimlər innovativ ekspertlər hesab olunurlar.

Əvvəlki illərdə çalışan xarici dil müəllimlərinin şagirdlərin söz ehiyatlarını artırması məqsədilə tətilə çıxarkən mütaliə etmək üçün bədii ədəbiyyat siyahısını hazırlaması və xüsusilə, yay tapşırığı kimi şagirdlərə təqdim etməsi əhəmiyyətli üsullardan biri idi. Həmin siyahı, əsasən, növbəti ildə tədris olunacaq yazıçı və şairlərin yazdıqları bədii əsərlərdən ibarət tərtib olunurdu. Yay tətilindən qayıdan zaman həmin tapşırıqlar yoxlanılır, oxunmuş mövzuların müzakirəsi keçirilirdi. Bu üsulun tədris prosesində bərpası şagirdlərə növbəti ildə həmin şair və yazıçıların yaradıcılığı ilə tanış olmağa və yuxarıda qeyd edildiyi kimi, söz ehtiyatının zənginləşməsinə imkan yarada bilər.

Daha mükəmməl bir üsul: yuxarı siniflərdə xarici dil dərslərində dərsin tərcüməsiz qurulması, sözlərin və cümlələrin mənasının, anlamanın yalnız tədris olunan dildə şəkil, görüntü və jestlərlə çatdırılması, şagirdin səviyyəsinə uyğun danışmağa cəhd etməsi və danışıq təcrübəsini artırmasıdır. Bu cəhdlər ilk vaxtlar uğursuzluqla nəticələnərsə, müəllim şagirdlərin ruhdan düşməsinə imkan verməməli, fənnini sevdirməli, onlarda özünəinam hissini aşılamalıdır. Belə məqamlarda şagirdinin mütləq bacaracağına inandığını ifadə etməlidir.

Dil öyrənmə prosesi çox kiçik yaşlardan başlamalı, müntəzəm, dinamik və davamlı olmalıdır. Eləcə də valideynlər buna ciddi nəzarət etməli, öyrənmə prosesində daha çox maraqlı olmalı, yəni bunu sadəcə məktəbdən gözləməli deyillər, çünki dil yalnız sinif otağında öyrədilmir. Müasir dövrdə uşaqlar günlərinin çox hissəsini ekran qarşısında keçirirlər. Məhz bu marağın faydalılığını artırmaq üçün valideynlər erkən yaş dövrlərindən övladlarına xarici dildə cizgi filmləri və ya öyrədici videoları izlədə bilərlər. O cümlədən, məktəblə valideynlər arasında qarşılıqlı iş və əməkdaşlığı gücləndirmək lazımdır. Əksər vaxt 9-cu, bəzən də 11-ci sinfə qədər xarici dil öyrənməyən şagird imtahandan keçmək məqsədi ilə repetitorla hazırlaşaraq qısamüddətli təlim keçir. İmtahandan sonra isə bu biliklərin ona ya az-çox faydası olur, ya da heç bir faydası olmur. Nəticə olaraq, xarici dili öz həyatları və gələcəkləri üçün deyil, yalnız imtahandan keçmək məqsədi ilə öyrənirlər. Nə qədər ki xarici dil öyrənməyə belə yanlış yanaşma tərzi dəyişməyəcək, problemi həll etmək də mümkünsüz olacaq. Məktəbdə isə xarici dili tədris edən müəllimlər həmin dildə səlis danışmağı bacarmalı, lazımi bilik və bacarığa malik olmalı, tədris prosesi zamanı yerli dialekt və şivələrdən istifadə etməməlidirlər. Dinləmə + oxuma + danışma + yazı bacarıqları bu sırayla öyrədilməli və bütün bacarıqlar mənimsədilməlidir. Hər hansı bir xarici dili o dilin danışıldığı ölkədə öyrənmək, əlbəttə ki, ən faydalı və əvəzolunmaz üsuldur. Lakin müasir texnoloji vasitələrdən istifadə edərək, artıq dünyanı sinif otağına və ya evə gətirmək mümkündür. Təəsüflər olsun ki, bunun fərqində olmayan və hələ də köhnə üsulla dil öyrətməyə, “test”ə uşaq hazırlaşdırmağa davam edən, texnoloji yeniliklərə və onların bizə təklif etdiyi imkanlara arxa çevirən müəllimlərimiz də var. Problemi birtərəfli həll etmək mümkün olmadığı üçün kompleks yanaşılmalı və bütün qüsurlar aradan götürülməlidir. Təbiidir ki, buna sistemli, müntəzəm iş və zaman lazımdır.

Yuxarıda göstərilmiş üsulların hər bir müəllimin tədris planında əks olunması və təcrübədə istifadəsi təlim nəticələrinin keyfiyyətinin yüksəldilməsinə səbəb ola bilər.

Müəllif: ARTİ-nin əlavə təhsilin təşkili şöbəsinin aparıcı mütəxəssisi Nərgiz Bəxtiyarova