1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi

Bu il “Caspian Event Organisers” (“CEO”) şirkətinin tədbirlər sırasına yeni 1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi “AdPrint” sərgisi əlavə olunub. Sərgi “GiftFair” sərgisi ilə paralel olaraq 20-22 sentyabr 2018-ci il tarixlərində “Boulevard Hotel Baku” mehmanxanasında keçiriləcək. “AdPrint” sərgisi regionda reklam xidmətlərinin bütün spektrini əhatə edən və həm yerli, həm də xarici şirkətləri bir araya gətirən yeganə tədbirdir.

Sərgidə Azərbaycan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən şirkətlər iştirak edirlər. İştirakçılar skanerləri, “Flexi Capture” proqram təminatını, İT-texnologiyaları, ofis avadanlıqlarını, nəşriyyat-poliqrafiya xidmətlərini, istənilən növ avadanlıq və ləvazimatları (rəqəmsal çap, tekstil materiallar üzərində çap, genişformatlı çap, “3D” formatlı çap və s.), stendlərin quraşdırılmasını, tekstil avadanlıqları, suvenirləri, “POS” və reklam materiallarını, eləcə də təşviqat məhsullarını, peşəkar çap avadanlıqlarını (ofset, rəqəmsal, çapa qədər/çapdan sonrakı işləmə üçün avadanlıqlar və s.), istehlak mallarını və bir sıra digər materialları təqdim edəcəklər. “AdPrint” sərgisində iştirak edən yerli şirkətlər isə Türkiyə, Almaniya, İtaliya və Çinin dünyaca məşhur brendlərini təqdim edirlər.

Sərginin biznes proqramı çərçivəsində iştirakçılara işgüzar əlaqələr qurmaq, eləcə də vasitəçilərsiz birbaşa danışıqlar aparmaqla, öz şirkətlərini tanıtmaq üçün unikal imkan yaradan vorkşop keçiriləcək. Ümumilikdə, sərgi son təmayülləri araşdırmaq, eləcə də bu unikal sahədə əldə olunan bütün nailiyyətlər barədə məlumat toplamaq üçün imkan yaradacaq. “AdPrint” sərgisi reklam və çap məhsulları üzrə ən son texnologiyaların istehsal və satışı ilə məşğul olan, ən orijinal ideyaları təklif edən reklam şirkətlərinin məhsul və xidmətlərini təqdim etmək üçün ideal platformadır.

“AdPrint” sərgisi yeni tərəfdaşları cəlb edərək bazarı təhlil etmək üçün çox səmərəli vasitəyə çevrilməklə yanaşı, reklam və çap məhsullarının istehsalı sahəsində innovativ məhsul və xidmətlərin nümayiş olunduğu unikal platforma funksiyasını yerinə yetirəcək. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Yüzilliklər boyu müəllimlərin istifadə etdikləri əsas vasitələr dinamik inkişaf edən ən müasir kommunikasiya texnologiyaları ilə yanaşı nitq və adi lövhə olmuşdur. İş adamlarına gəldikdə isə, onlar iş birliyi qurulan zaman potensial tərəfdaşın gözünün içinə baxmaqla onun əlini bərk-bərk sıxmağa üstünlük verirlər. İnsan sosial varlıq olaraq istər elektron, istərsə də çap materiallarından bir vasitəçi kimi istifadə etməklə ilə ünsiyyət qurmaq zəruriyyətindən heç vaxt xilas ola bilməyəcək.

Bu gün sərgi bu cür ünsiyyət qurmaq üçün unikal bir platformadır. Məhz buna görə də, sərgilərin hər şeydən əvvəl təəssüratlar baxımından oynadığı rol ildən-ilə inkişaf edir. Axı sərgilər insanları başqa bir aləmə apararaq fərdi maraq dairəsinə düşən hər hansı bir sənaye və ya sahədə mövcud olan yaxşıların ən yaxşını bir dam altında toplamaq gücünə malikdir!

Ticarət sərgiləri sənaye mütəxəssisləri olan peşəkarlar, habelə ayrı-ayrı fərdlər üçün geniş imkanlar yaradır və yeni nəsil üçün yeni texnologiya və ideyalar aləminə, nəhayət, yeni biliklərə yol açır. Sərgilər məhsul və xidmətlər ilə yaxından tanış olmaq, istehsalçı və təchizatçılar ilə görüşərək ünsiyyət qurmaq imkanını təmin edir. Burada hər hansı bir məhsulu yerindəcə görmək və iştirakçılara öz məhsulları barədə çoxlu suallar vermək mümkündür. İştirakçılar isə sizinlə həm öz iş təcrübələri ilə bölüşəcək, həm də sizin faydalı tərəfdaş və həmkarlarınıza çevriləcəklər.

Beləliklə, sərgiləri ziyarət etməklə Siz aşağıdakı unikal şanslara malik olursunuz:

  • Sənaye yenilikləri ilə tanış olmaq

  • Bazarın tələbatını öyrənmək və yeni ideyalar əldə etmək

  • Yeni əlaqələr qurmaq

  • Mövcud müştəriləriniz ilə qarşılıqlı münasibətləri möhkəmləndirmək

  • Canlı dialoq aparmaqla digər informasiya mənbələrində heç də həmişə mövcud olmayan məlumatlar əldə etmək

  • Qısa vaxt ərzində geniş çeşidli məhsullar ilə tanış olmaq

  • Yeni məhsullar/texnologiyalar üzrə təchizatçılar seçmək və onları qiymətləndirmək

  • Bir məhsulu digəri ilə müqayisə etmək

  • İş birliyi qurmaq

  • Tanınmış istehsalçıların agent/distribütorlarına çevrilmək

  • Texniki biliklər almaq

  • Texniki heyət ilə görüşmək və problemlərin, yaxud yenidən təchizat məsələlərinin həlli yolunun tapılması ətrafında müzakirələr aparmaq

  • Obyektiv və işgüzar mühitdə biznes məsələlərini müzakirə etmək

  • Qiymət ilə keyfiyyət arasında birbaşa asılılığı təyin etmək

  • Məlumatlar bazasını tərtib etmək və onu yeniləmək

  • Əməkdaşlıq, birlik və birgə müəssisələrin təməlini qoymaq

  • Müasir inovasiyalar və yeni texnologiyalar səviyyəsində olmaq

  • Sərmayə və tərəfdaşların axtarışı üçün tələb olunan müxtəlif sorğu xidmətlərindən yararlana bilmək imkanı.


Yalnız sərgilər Sizə ən qısa zaman kəsiyində, vaxt sərf etmədən bir çox səriştəli mütəxəssislər ilə ünsiyyət qurmaq imkanını təqdim edir və onlar ilə görüşmək üçün səfərlərə xərclənəcək külli miqdarda maddi vəsaitə qənaət etmənizə şərait yaradır.







Tədbirin iş saatları

 


















20 sentyabr, Cümə axşamı 11:00 - 18:00
21 sentyabr, Cümə 10:00 - 18:00
22 sentyabr, Şənbə 10:00 - 16:00

 

Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin tədbirə girişi tədbirin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.










Keçirildiyi yer

Boulevard Hotel Baku
Ünvan: АZ1010, Azərbaycan, Bakı, Xəqani Rüstəmov Küçəsi, 4C





 



 







Ziyarət qaydaları

Sizi tədbiri ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq!

20-21 sentyabr tarixində sərgiyə giriş yalnız sənaye mütəxəssisləri və əlaqədar sahələrdə çalışan şəxslər üçün açıq olacaq.
Tələbələr, iş yeri və ya məşğulluğu olmayanlar və yaşı 16-dan aşağı olan uşaqlar (valideynlərin müşayiəti ilə) sərgini yalnız 22 sentyabr tarixində ziyarət edə bilərlər.


Siz tədbiri dəvətnamə və ya tədbirin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz tədbirə dair bütün materialları "FAST TRACK"masasından alacaqsınız və bununla da tədbirdə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.

Ziyarətçinin döş nişanı bu imkanları verir:

  • Tədbirin bütün iş günlərində tədbiri pulsuz ziyarət etmək;

  • Qeydiyyatdan keçmək üçün növbəyə durmadan tədbirə daxil olmaq;

  • Tədbir ilə bağlı məlumatlar paketini əldə etmək;

  • Tədbirin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).


» Dəvətnaməni əldə edin










Sərgi kompleksinin ərazisində servis xidmətləri


  • Tibb məntəqəsi

  • Restoran

  • Qəhvə evi

  • Bankomat

  • Sərgi təşkilatçılarının stendi

  • Enerji yükləmə stansiyası

  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi






Sizi tədbirdə gözləyirik!
Paylaş