13 rayonun iştirakı ilə geniş regional videokonfrans keçirilib

13 rayonun iştirakı ilə “Gənclərin insan hüquqları və gender bərabərliyi haqqında məlumatlılıq səviyyəsinin artırılması, gənclər arasında anti-sosial davranışın qarşısının alınması, preventiv tədbirlər və Müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsində fəaliyyətinin əsas istiqamətləri” mövzusunda geniş regional videokonfrans keçirilib
17.06.2020-ci il tarixində Ombudsmanın Cəlilabad və Quba regional mərkəzləri tərəfindən Gənclər və İdman Nazirliyinin Sabirabad, Göyçay, Beyləqan, Ağcabədi, Bərdə, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, İmişli, Saatlı, Şirvan və Hacıqabul rayon Gənclər və İdman İdarələri ilə birlikdə həmin rayonlardan olan fəal gənclərin iştirakı ilə “18 may-18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində “Gənclərin insan hüquqları və gender bərabərliyi haqqında məlumatlılıq səviyyəsinin artırılması, gənclər arasında anti-sosial davranışın qarşısının alınması, preventiv tədbirlər və Müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsində fəaliyyətinin əsas istiqamətləri” mövzusunda regional maarifləndirici videokonfrans keçirilib.
Videokonfransı giriş sözü ilə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev açaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının qəbul olunduğunu və qeyd edərək, Dövlət Proqramının Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlandığını, Dövlət Proqramının məqsəd və vəzifələri və icrasından gözlənilən nəticələr barədə ətraflı məlumat verib.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov videkonfransda çıxış edərək, insan hüquqlarının yaranma tarixi, BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsi, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Benəlxalq Pakt, Mülki və siyasi hüquqlar haqqında Benəlxalq Pakt, ölkəmizin bu mühüm sənədlərə qoşulması barədə geniş məlumat verib. Z.İsmayılov bildirib ki, ölkəmizdə insan hüquqları ilə bağlı islahatların təməli Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə qoyulmuşdur. Müstəqil Azərbaycanımızın ilk demokratik Konstitusiyası isə məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995–ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə, demokratik tərzdə qəbul edilmişdir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi özündə təsbit edən əsas Qanunumuzun 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılmış, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunmuşdur. Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərlik etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri də insan hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsi olmuşdur. Qısa müddət ərzində bu məqsədlə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, çoxsaylı fərman və sərəncamlar imzalanmaqla müvafiq qanunvericilik aktları qəbul olunmuşdur. Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulması və 1998-ci ilin fevral ayının 10-da isə tamamilə ləğv edilməsi də atılan mütərəqqi addımlardan oldu. Ulu öndərin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il tarixli Fərmanı ilə insan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində də strateji məqsədlər, insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılmasına dair təkliflərin hazırlanması, qaçqınların və məcburi köçkünlərin, əlillərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin iqtisadi və sosial hüquqlarının daha səmərəli təmin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması, hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunu təmin edilməsi və s. bu kimi məqsədlərə nail olmaq üçün tədbirlər planı müəyyən olundu. Bu proseslərin məntiqi davamı kimi, Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiqləndi. Dövlət Proqramında insan hüquqları üzrə səlahiyyətli Müvəkkil təsisatının yaradılması, Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və qurumlarda tədqiqat və təhsil proqramları üzrə mütəxəsislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər mühüm məsələlər nəzərdə tutulurdu. İnsan hüquq və azadlıqlarının təmini istiqamətində aparılan hüquqi islahatların tərkib hissəsi kimi, insan hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə 28 dekabr 2001-ci il tarixdə «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Konstitusiya Qanununun qəbul edilməsi, vətəndaşların pozulmuş hüquqlarının bərpasında yeni mexanizmin və ölkə modelinin formalaşmasına imkan verdi.
Videokonfransda çıxış edən Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu, bu əlamətdar tarixlə əlaqədar olaraq, insan hüquqları sahəsində ötən dövrdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək məqsədilə Ombudsman xanım Səbinə Əliyevanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” elan olunduğunu diqqətə çatdıraraq, aylıq çərçivəsində keçirilən tədbirlər barədə geniş məlumat verib.


Paylaş