"Fərqli fərdlər silsiləsindən - autizmli şəxslər" - MÜSAHİBƏ

Son illərdə “autizm” ifadəsindən daha çox istifadə edilir. Çünki autizmli şəxslərin sayı yüksəlmə tendensiyası üzrə irəliləyir. Autizm Spektr Pozuntusu (ASP) riskinin ortaya çıxma ehtimalı ilbəil 10-17 faiz artmaqdadır.

Bu fikirləri Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimi, təhsil eksperti Samirə Həsənova AZƏRTAC-ın müxbirinə müsahibəsində davam etdirərək deyir:

-Hazırda dünya üzrə 10 milyondan çox insanın autizmli olması müəyyənləşdirilib. Ümumdünya statistik göstəricilərini təhlil etdikdə, tam aydın mənzərə formalaşır. 1975-ci ildə hər doğulan 5 min uşaqdan 1-i, 1985-ci ildə 2500 körpədən 1-i, 1995-ci ildə 500 nəfərdən 1-i, 2001-ci ildə 250 şəxsdən 1-i, 2004-cü ildə 166 nəfərdən 1-i, 2007-ci ildə 150 uşaqdan 1-i, 2009-cu ildə 110 körpədən 1-i, 2012-ci ildə 88 nəfərdən 1-i, 2014-cü ildə 68 nəfərdən 1-i autizmli olaraq dünyaya göz açıb.

ABŞ-da aparılmış tədqiqatlar göstərib ki, hazırda hər yeni doğulmuş 36 uşaqdan 1-i autizmlidir. Dünyaya gələn hər 4 autizmli uşaqdan 3-ü oğlan, 1-i isə qızdır. Deməli, ASP-yə daha çox oğlanlarda rast gəlinir.

-Autizmin yaranma səbəbi barədə nə deyə bilərsiniz?

-İlk növbədə onu deyim ki, Autizm Spektr Pozuntusu sosiallaşma prosesində ortaya çıxan çatışmazlıqlarla və təkrarlanan davranışlarla müşahidə olunan nevroloji inkişaf pozuntusudur. Yəni uşaq ünsiyyət zamanı ciddi problemlərlə üzləşir, hətta bəzən özünəqulluq bacarıqları qazanmaqda da böyük “maneələrlə” qarşılaşır. O ki qaldı yaranma səbəblərinə, bu, hələ dəqiq müəyyənləşdirilməyib. Doğrudur, həmin istiqamətdə xeyli sayda araşdırmalar aparılıb və nəticə olaraq bəzi nəzəriyyələr mövcuddur. Əksər tədqiqatçılar diqqəti məhz hamiləlik dövrünə yönəldir, ananın virus infeksiyası keçirməsini başlıca amil kimi dəyərləndirirlər. Autizmin genetik xüsusiyyətlərə malik olmasını irəli sürən alimlər də var. Lakin autizmin yaranma səbəbi ilə bağlı elmi cəhətdən, klinik olaraq təsdiqlənmiş yekdil fikir yoxdur.

-Autizmi necə müəyyənləşdirmək olar?

-Bilirsiniz, bütün autizmli şəxslər təkrarolunmazdır və spesifik xüsusiyyətlərə malikdir. Lakin müəyyən ortaq cəhətlərə görə autizmi “görmək” mümkündür. Müxtəlif yaşlarda autizm özünü fərqli şəkildə “göstərir”. İki yaşadək uşaqlarda ortaya çıxan autizm əlamətləri üzərində dayanmaq istəyirəm. Çünki erkən müdaxilə istənilən xəstəlikdə sağalmağa kömək edən mühüm amildir. Övladını diqqətlə müşahidə etməyi bacaran valideyn uşaqda fərqli inkişaf trayektoriyasının formalaşmasını hiss edə bilər. Bir yaşdan kiçik uşaqlarda xüsusi şəkildə - klinik şəraitdə aparılan müşahidə ilə ünsiyyət zamanı ortaya çıxan çətinlikləri müəyyənləşdirmək olar. Dünya təcrübəsində 18-36 aylıq uşaqlarda autizm riskini “görməyə” imkan verən testlər tətbiq edilir. Valideynlərin həmin testlərə əlçatanlığının təmin olunması məqsədilə maarifləndirmə işləri həyata keçirilir. Əgər əlamətlər erkən uşaqlıq dövründə ortaya çıxarılarsa və korreksiya işi həyata keçirilərsə, keyfiyyətli müdaxilə nəticəsində uşağın risk qrupundan çıxması ehtimalı yüksəlir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində, həmçinin inkişaf mərkəzlərində autizmli şəxslər reabilitasiya xidmətləri ilə təmin edilir. Aparılmış tədqiqatlar sübuta yetirib ki, 2 yaşda qoyulmuş diaqnozun etibarlılığı yüksəkdir.

-Erkən uşaqlıq dövründə autizmi necə “tanıyaq”?

-ASP-nin xüsusi bioloji əlaməti yoxdur. Lakin sosial münasibət və davranışlarda özünü göstərən əlamətlər var: uşağın adına reaksiyası ya zəifdir, yaxud ümumiyyətlə, yoxdur; uşağın göz təması zəifdir, yaxud yoxdur; təkrarlanan davranışlar var; komandaları anlamır; nitq, fiziki-emosional inkişafda ləngimələr müşahidə olunur; ünsiyyətə daxil olmağı bacarmır və s. Uşaqda həmin əlamətlərdən birinin mövcudluğu onun autizmli olmasına dəlalət etmir. Diaqnozun qoyulması uşaq psixiatrları və nevropatoloqları tərəfindən həyata keçirilməlidir. Pedaqoq, psixoloq, loqoped, müalicəvi bədən tərbiyə, sensor inteqrasiya mütəxəssisləri yalnız diaqnostika və korreksiya prosesində iştirak edə bilərlər.

-Autizmli şəxsin təhsil hüququ necə təmin olunur?

-ASP-li şəxslər diaqnozun dərəcəsinə görə xüsusi məktəblərdə, yaxud ümumtəhsil müəssisələrində təhsil ala bilərlər. Hazırda cəmiyyətdə inklüziv mühitin formalaşdırılması təhsildə daha qabarıq şəkildə özünü göstərir. Ümumtəhsil müəssisələrində inklüziv siniflərin fəaliyyətə başlaması fərqli fərdlər üçün geniş imkanlar açır. Deməli, autizmli uşaq nə qədər erkən müdaxiləyə məruz qalırsa, keyfiyyətli reabilitasiya xidmətləri ilə təmin olunursa, onun yaşıdları ilə birlikdə təhsil almaq, cəmiyyətə inteqrasiya etmək, özünürealizə fürsəti artacaq.

-Autizmin ailənin digər üzvlərinə təsiri varmı?

-Ailəyə autizmli şəxsin “qədəm qoyması” əvvəlcə adətən ciddi narahatlıqla qarşılanır. Əksər hallarda valideynlər diaqnozun qəbullanması prosesində ciddi çətinliklərlə rastlaşırlar, hətta bəzən inkar etməklə müvəqqəti “rahatlıq” əldə edirlər. Lakin nəzərə almaq lazımdır ki, hər itirilmiş gün autizmli uşağın inkişafına mənfi təsir göstərir. Qəbullanma mərhələsini keçmiş valideyn ailədəki digər uşaqlarla ünsiyyət prosesində balansı qorumağa böyük səy göstərməlidir, çünki autizmli övladın diaqnozu üzərində dayanarkən, digər övladları sevgidən, qayğıdan, diqqətdən məhrum qoymaq olmaz. Belə bir hal bacı-qardaş arasında aqressiyanın yaranmasına, özünəinamın aşağı düşməsinə təkan verə bilər.

Sevgi və mərhəmət dünyanı xilas edəcək.


Paylaş