Müsabiqənin əsas məqsədi “Azersky” peykindən əldə olunan təsvirlərin Azərbaycanda istifadəsini əlçatan etmək və ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını sürətləndirməkdir.
Müsabiqəyə tələbələr, müəllimlər, elmi-tədqiqat institutları, fərdi tədqiqatçılar, dövlət müəssisələri və özəl sektorun tədqiqatla məşğul olan nümayəndələri qatıla bilər.
İştirakçılar bu layihəyə qoşulmaqla kənd təsərrüfatı, ekologiya və ətraf mühitin qorunması, quraqlıq və səhralaşmaya məruz qalmış ərazilərin monitorinqi, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, şəhər planlaması, turizm marşrutlarının təyin olunması ilə bağlı ideyalarını öz elmi işlərində “Azersky” peykinin imkanları sayəsində vizuallaşdırmaq şansı qazanacaqlar.
Müsabiqədə iştirak ödənişsizdir. Müraciətlər 30 noyabr 2022-ci il tarixinədək qəbul olunacaq. Təkliflər müsabiqənin şərtlərinə uyğun dəyərləndirildikdən sonra iştirakçılara “Azersky” peykindən əldə olunmuş təsvirlər təmənnasız olaraq təqdim ediləcək. Müsabiqədə ilk üç yeri tutan iştirakçıya uyğun olaraq 5000 AZN, 3000 AZN və 1500 AZN məbləğində pul mükafatı veriləcək.
Qeyd edək ki, “Yer səthinin məsafədən müşahidəsi” üzrə elm müsabiqəsi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, həmçinin Birləşmiş Millətlər Təşkilatının təsdiq etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində xüsusi əhəmiyyət kəsb edir. Bu müsabiqə kosmosun faydaları və gündəlik həyatımızda yaratdığı imkanları, həmçinin peyk təsvirləri ilə ekoloji dəyişiklikləri müşahidə etmək və onlara hazır olmaq, əkin sahələrinin düzgün monitorinqi ilə ərzaq təhlükəsizliyinə töhfə vermək kimi təşəbbüsləri özündə birləşdirir. Vurğulamaq lazımdır ki, rəqəmsallaşma dövrü elmi tədqiqatların aparılması üçün də yeni perspektivlər açır. Ölkəmizdə elmi işlərin kosmik sahənin imkanları ilə dəstəklənməsi elm adamları və tədqiqatçılara müasir dövrün qlobal çağırışlarına cavab verməyə şərait yaradır.
Azərkosmosun 2016-cı ildən etibarən başlatdığı “Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” təşəbbüsü Azərbaycanda bu sahənin inkişafına ciddi təkan verəcək.
KİM İŞTİRAK EDƏ BİLƏR?
Müsabiqədə 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. İştirakçıların işlədiyi sahə və təcrübəsi ilə bağlı tələblər qoyulmur. Müsabiqəyə universitet müəllim və tələbələri, tədqiqat institutlarının əməkdaşları, müstəqil tədqiqatçılar və ya hər hansı tədqiqatla məşğul olan dövlət/özəl sektor təmsilçiləri və digər iştirakçılar qatıla bilər.
İŞTİRAK ÜÇÜN NƏ ETMƏLİ?
Müraciətlərin qəbulu mərhələsində şərtlər ilə tanış olub aşağıda yerləşdirilmiş iştirak formasını doldurub göndərin. Formada şəxsi və əlaqə məlumatlarınız, layihənin qısa təsviri, həmçinin peyk təsvirləri ilə işləmək bacarığınıza dair məlumat əks olunmalıdır. Müraciətiniz nəzərdən keçirildikdən sonra təsdiq olunduğu halda sizə təsdiq məktubu, peyk təsviri üçün forma və layihəni təqdim etmək üçün hesabat forması göndəriləcəkdir. Bu sənədləri bizə təqdim etdikdən sonra sizə emal olunmuş peyk təsvirləri göndəriləcək və layihənizi dəyərləndirmə üçün təqdim etməyə vaxtınız olacaqdır.
LAYİHƏM NƏ HAQDA OLMALIDIR?
Layihənizin müsabiqədə nəzərə alınması üçün şərtlərdən birincisi mövcud problem və onun həll yolunu təqdim edən elmi araşdırma və ya tədqiqat xarakterli olmasıdır. Eyni zamanda layihənin qısa təsvirində həmin problemi qeyd etməli və peyk təsvirinin bu problemin aradan qaldırılmasında necə istifadə ediləcəyini göstərməlisiniz. Azərbaycan Respublikasının sərhədləri daxilində olması şərtilə, istənilən tətbiq sahəsini seçə bilərsiniz. Buna misal olaraq, ətraf mühit, kənd təsərrüfatı, turizm, dənizçilik, şəhərsalma və infrastruktur, və peyk təsvirləri vasitəsilə təkmilləşdirilməsi mümkün olan digər sahələri göstərmək olar.
NƏ VAXT MÜRACİƏT ETMƏLİ?
Müraciətlərin qəbulu artıq başlamışdır, 30 noyabr tarixində bitir. 30 noyabr tarixindən sonra qəbul olunan müraciətlər növbəti ilin müsabiqəsi çərçivəsində qiymətləndiriləcək.
QALİBLƏRİ HANSI MÜKAFATLAR GÖZLƏYİR?
- 1-ci yerin qalibinə 5000 AZN, 2-ci yeri tutana 3000 AZN, 3-cü yeri tutan iştirakçıya isə 1500 AZN məbləğində mükafat veriləcək.
- Qalib layihəyə Copernicus Masters müsabiqəsinə müraciət prosesində dəstək göstərilə bilər. Bunun çərçivəsində layihənin Copernicus Masters formatına uyğunlaşdırılması, münasib regional mükafat (Regional Prize) və kateqoriyanın (Challenge) seçilməsi, tərcümə məsələlərində dəstək nəzərdə tutulur.
- Qalib layihələrin mövzusu və ideyasından asılı olaraq onların müxtəlif beynəlxalq səviyyəli nəşrlərdə dərc olunmasında və patentlərin təmin olunmasında dəstək göstəriləcək.
Mərhələlər
1 sentyabr, 2022
Müraciət qəbulunun başlanması
30 noyabr, 2022
Builki müsabiqə üçün qeydiyyatın son tarixi
28 fevral, 2023
Layihələrin qəbulu üçün son tarix
31 mart, 2023
Layihələrin qiymətləndirilməsi
Aprel, 2023
Qaliblərin elan olunması
Müraciət et!
Ölkədə elmi inkişafa töhfənizi vermək, innovativ ideyalarınızı həyata keçirmək, özünüzü sınayıb mükafat almaq imkanını əldə etmək istəyirsinizsə aşağıdakı müraciət formasını doldurub müsabiqəyə qatılın.
Müraciət forması
TEZ-TEZ VERİLƏN SUALLAR
Yerin məsafədən müşahidəsi üzrə müsabiqə nə üçün keçirilir?
Müsabiqənin başlıca məqsədləri Azersky və tərəfdaş peyk təsvirləri üzərindən müxtəlif sahələr üzrə araşdırmaların aparılması, təşəbbüs, ideya və həllərin irəli sürülməsi və layihələrin hazırlanıb təqdim olunması vasitəsilə ölkəmizdə elmi fəaliyyəti təşviq etmək, sosial-iqtisadi durumun inkişafına dəstək olmaq, eyni zamanda Yerin müşahidəsi xidmətlərini və bu xidmət və həllərin müxtəlif sahələrdə tətbiq potensialını tanıtmaqdır.
İştirak üçün yaş həddi var?
Müsabiqədə 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər.
Müsabiqəyə qatılmaq üçün işlədiyim sahə və təcrübəmə tələb var?
İşlədiyiniz sahə və təcrübə ilə bağlı tələblər yoxdur, müsabiqəyə universitet müəllim və tələbələri, tədqiqat institutlarının əməkdaşları, müstəqil tədqiqatçılar və ya hər hansı tədqiqatla məşğul olan dövlət/özəl sektor təmsilçiləri və digər iştirakçılar qatıla bilər.
Necə müraciət edim?
Müraciətlərin qəbulu mərhələsində şərtlər ilə tanış olub iştirak formasını doldurub göndərin. Formada şəxsi və əlaqə məlumatlarınız, layihənin qısa təsviri, həmçinin peyk təsvirləri ilə işləmək bacarığınıza dair məlumat əks olunmalıdır.
Nə vaxt müraciət etmək lazımdır?
Müraciətlərin qəbulu cari ilin 1 sentyabr tarixində başlayır, 30 noyabr tarixində bitir. 30 noyabr tarixindən sonra qəbul olunan müraciətlər növbəti ilin müsabiqəsi çərçivəsində qiymətləndiriləcək.
Müraciəti göndərdikdən sonra nə etməliyəm?
Müraciətiniz nəzərdən keçirildikdən sonra təsdiq olunduğu halda sizə təsdiq məktubu, peyk təsviri üçün forma və layihəni təqdim etmək üçün hesabat forması göndəriləcəkdir. Bu sənədləri bizə təqdim etdikdən sonra sizə emal olunmuş peyk təsvirləri göndəriləcək və layihənizi dəyərləndirmə üçün təqdim etməyə vaxtınız olacaqdır.
Hazır layihəmi təqdim etmək üçün son tarix nə vaxtdır?
Layihənizi dəyərləndirmə üçün 28 fevral tarixinədək təqdim etməlisiniz. 28 fevral tarixindən sonra qəbul olunan layihələr növbəti ilin müsabiqəsi çərçivəsində qiymətləndiriləcək.
Mənə təsdiq məktubu gəlmədi. Nə edim?
Müraciətiniz qəbul olunduğu halda sizə təsdiq məktubu gələcək. Əgər müraciətinin qəbul olunmayıbsa, sizə bu barədə məlumat veriləcəkdir. Texniki problemlə qarşılaşdığınız halda bizimlə [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Bir neçə müraciət göndərə bilərəm?
Bəli, bir iştirakçı bir neçə layihə göndərə bilər, lakin hər layihənin məzmunu fərqli olmalıdır.
Hər hansı bir təşkilatı təmsil etməyim mütləqdir?
Xeyr, müstəqil qaydada müsabiqəyə qatıla bilərsiniz.
Layihəm Azərbaycanı əhatə etmirsə müsabiqəyə qoşula bilərəm?
Müsabiqədə Azərbaycan Respublikasını əhatə edən, ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verə biləcək layihələrə üstünlük veriləcək.
Peyk təsvirləri ilə işləmək bacarığım yoxdursa, müsabiqəyə qoşula bilərəm?
Müsabiqəyə qatılmaq üçün peyk təsvirləri ilə işləmək bacarığının olması arzuolunandır, lakin mütləq deyil.
Qiymətləndirmə nə vaxt aparılacaq?
Layihələrin qiymətləndirilməsi 2023-cü ilin 31 mart tarixinədək aparılacaq.
Qiymətləndirmə hansı meyarlar əsasında aparılacaq?
Qiymətləndirmə müxtəlif meyarlar əsasında aparılacaq, bunlara layihənin öncədən müəyyən edilmiş vaxt çərçivəsində təqdim edilməsi, real və ölçülə biləcək nəticələrə nail olunma, innovativ həllərin təklif edilməsi, peyk təsvirlərindən səmərəli şəkildə istifadə və digərləri daxildir.
Qiymətləndirmə kim tərəfindən aparılacaq?
Qiymətləndirməni öncədən təyin olunmuş müxtəlif sahələrdə ixtisaslaşan 5 ekspertdən ibarət münsiflər heyəti aparacaq.
Müsabiqədə neçə qalib seçiləcək?
Müsabiqədə ilk 3 yeri tutan iştirakçı qalib elan olunacaqdır.
Qaliblərə hansı mükafatlar veriləcək?
1-ci yeri tutan iştirakçıya 5000 AZN, 2-ci yeri 3000 AZN, 3-cü yerin qalibinə isə 1500 AZN məbləğində mükafat veriləcək. Bundan əlavə, qalib layihələrin mövzusundan asılı olaraq onların müxtəlif beynəlxalq səviyyəli nəşrlərdə dərc olunması, patentlərin təmin olunması və digər mükafatlandırma mexanizmləri də nəzərdə tutulmuşdur.
Müsabiqənin şərtləri və müraciət forması ilə həmçinin aşağıdakı keçiddən də tanış ola bilərsiniz:
https://azercosmos.az/az/earth-observation/earth-observation-competition