Qloballaşan dünyada hər bir ölkənin gələcəyini təmin edəcək gənc nəslin dövrün tələblərinə uyğun surətdə yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi strateji əhəmiyyət daşıyır. Son illər Azərbaycan Respublikası Təhsil Nazirliyinin istedadlı gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almalarını və peşəkarlar kimi yetişməsini hədəfləyən məqsədyönlü tədbirləri nəticəsində tələbələrimiz öz uğur hekayələrini yazmaqdadır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın reytinqli ali məktəblərindən məzun olan gənclərimiz artıq ölkəmizin inkişafı naminə öz töhfələrini verməkdədir. Budəfəki yazımız da elm, təhsil, iqtisadiyyat, sənaye, bank, İKT, dövlət qulluğu və digər sahələrdə öz uğurlu karyera tarixçələrini yazan məzunlarımıza həsr olunub. Beləliklə, Dövlət Proqramı təqaüdçüləri harada işləyirlər?
Ceyla SEYİDOVA, 1995-ci il avqustun 20-də Bakıda anadan olub. 2001-ci ildə “Skripka” ixtisası üzrə Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinə daxil olub. 2004-cü ildə Kövkəb Səfərəliyevaya həsr edilmiş gənc ifaçıların I festivalının qalibi olub. 2005-ci ilin iyununda Tbilisidə keçirilən “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş beynəlxalq festivalda, İtaliyanın Fasano şəhərində keçirilən I Beynəlxalq musiqi müsabiqəsində birinci yeri, Spivakov adına VII Beynəlxalq Musiqi Festivalında laureat adını, Belçikanın Nəmur şəhərində keçirilən “Bravo” IV Beynəlxalq musiqi müsabiqəsində I yeri, Ukraynanın Lvov şəhərində keçirilən Yuri Başmet adına IV Beynəlxalq musiqi festivalının qalibi adını qazanıb. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2013-cü ildəki nailiyyətlərinə görə xüsusi mükafata layiq görülüb. 2014-cü ilin iyulunda Yunanıstanın Rodos şəhərində VII Beynəlxalq musiqi müsabiqəsində, 2015-ci ildə Afina şəhərində beynəlxalq müsabiqədə I yerin, 2016-cı ildə Moskvada Sergey Prokofyev adına 2-ci Beynəlxalq müsabiqənin Qran-Pri mükafatının sahibi olub. 2016-cı ildə gənclər üçün Prezident Mükafatına layiq görülüb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2017-ci illərdə Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Skripka” ixtisası üzrə bakalavr təhsili alıb. Təhsilini fərqlənmə diplomu ilə bitirib. Hazırda Azərbaycan Dövlət Filarmoniyasında çalışır, skripka ifaçısıdır. |
Ramil MƏHƏRRƏMOV, 1979-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalında ziyalı ailəsində anadan olub. 1999-cu ildə Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) “Dövlət və iqtisadi idarəetmə” ixtisası üzrə bakalavr, 2006-cı ildə ABŞ-ın Massaçusets Universitetində iqtisadiyyat, 2016-cı ildə isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Massaçusets Texnologiyalar İnstitutunun Sloan İdarəetmə Məktəbində “Biznesin idarəedilməsi” ixtisası üzrə magistr təhsilini uğurla bitirib. BP şirkətində, İslam İnkişaf Bankının Ərəbistanda yerləşən Baş Ofisində, Beynəlxalq Valyuta Fondunda, Azərbaycan Respublikası Mərkəzi Bankında, Dünya Bankında biznesin inkişafı, iqtisadi təhlil, investisiyaların təhlili və idarə edilməsi, strateji idarəetmə sahələrində mütəxəssis və rəhbər vəzifələrində işləyib. Təhsil aldığı müddətdə Grove Street Advisors kimi qlobal investisiya şirkətində təcrübə keçib. Regionda özəl sektor investisiyalarının, startup və innovasiya ekosisteminin inkişafı üçün müxtəlif təşəbbüsləri dəstəkləyir, konfranslarda, seminarlarda öz təhlilləri və təkliflərilə çıxış edir. Bu istiqamətdə SOCAR AQŞ şirkətinin dəstəyi ilə 2018-ci ildə Azərbaycanda ilk dəfə təşkil olunacaq Massaçusets Texnologiyalar İnstitutunun (MIT) Qlobal Startup Lab proqramının təşkilatçılarından biridir. Hazırda “Tethys Investments” Fondunun qurucusu və icraçı direktoru və bir sıra şirkətlərdə məsləhətçi kimi fəaliyyət göstərir. |
Fədai ƏFƏNDİYEV, 31 iyul 1988 -ci il tarixində Qazax şəhərində anadan olub. 1994-2005-ci illərdə M.Məmmədov adına Ağstafa rayonu Sadıqlı kənd tam orta məktəbində təhsil alıb. 2005-2010-cu illərdə Qafqaz Universitetinin “Sənaye mühəndisliyi” (“İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəolunması”) ixtisası üzrə bakalavr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2015-ci illərdə Malayziya Texnologiya Universitetində “Sənaye mühəndisliyi” (“İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəolunması”) ixtisası üzrə magistr təhsilinə yiyələnib. 2015-ci ilin oktyabr ayından Təhsil Nazirliyinin təyinatı ilə Azərbaycan Texnologiya Universitetində işləyir. 2015-2016-cı illərdə universitetin “Yüngül sənaye və logistika” fakültəsində tədris işləri üzrə dekan müavini, 2017-ci ilin fevral ayından sentyabr ayına kimi Davamlı İnkişaf Mərkəzinin direktor müavini vəzifələrində çalışıb. 2017-ci ilin sentyabr ayından universitetin Davamlı İnkişaf və Təhsil Texnologiyaları Mərkəzinin direktoru vəzifəsində fəaliyyət göstərir. Eyni zamanda universitetin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Sənayenin iqtisadiyyatı” kafedrasında baş müəllim işləyir. |
Faiq NURİYEV, 1988-ci il noyabrın 1-də Qərbi Azərbaycanın Qafan rayonunun Qaraçimən kəndində anadan olub. 1995-2006-cı illərdə Sumqayıtdakı 33 nömrəli tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Sumqayıt Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına qəbul olub və 2010-cu ildə bitirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2012-2015-ci illərdə Türkiyənin Doqquz Eylül Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Maliyyə iqtisadiyyatı və bank işi” ixtisası üzrə magistratura təhsilini yüksək fərqlənmə dərəcəsi ilə bitirib. İzmirdə keçirilən “Dünya Xocalını Anlatır, Sən də Anlat” layihəsinin ideya müəllifi olmaqla yanaşı, adıçəkilən layihənin həyata keçirilməsində yaxından iştirak edib. Təhsil aldığı müddətdə İstanbul Fond Birjasının xarici əlaqələr departamentində qısamüddətli staj keçib. Türkiyə, Gürcüstan, Çində keçirilən bir sıra beynəlxalq simpoziumlarda iştirak edib. 2015-2017-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin Fiskal, monetar və qiymət siyasəti sektorunda məsləhətçi vəzifəsində çalışıb. 2017-ci ilin oktyabr ayından isə həmin şöbənin Makroiqtisadi təhlil və proqnozlaşdırma sektorunda fəaliyyətini davam etdirir. Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında “Makroiqtisadiyyat” və “Azərbaycan iqtisadiyyatı” fənlərini tədris edir. |
Orxan HƏSƏNOV, 7 yanvar 1991-ci il tarixində Bakı şəhərində anadan olub. 2008-ci ildə paytaxtdakı 6 nömrəli tam orta məktəbi bitirib. Elə həmin il ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək Azərbaycan Dövlət Neft Akademiyasının “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olunub. 2010-cu ilin yanvarından avqust ayına qədər Böyük Britaniyanın Nyukasl Universitetinin hazırlıq kurslarına qatılıb. İngilis dilində riyaziyyat, fizika, kimya fənləri üzrə keçirilən hazırlıq kurslarını “əla” qiymətlərlə başa vuraraq Nyukasl Universitetinin bakalavr pilləsinə daxil olub. 2010-cu ildə Nyukaslda təhsil aldığı dövrdə “Nyukasl Universiteti Azərbaycan Cəmiyyəti”ni yaradıb. Bakalavr təhsilini uğurla başa vuraraq “2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü dərs ilində Birləşmiş Krallığın Kembric Universitetində “Kimya mühəndisliyi” ixtisası üzrə magistr təhsili alıb. Universiteti fərqlənmə diplomu ilə bitirib. Ali məktəbin Tədqiqatlar Mərkəzində çalışıb. SOCAR- ın Polimer işçi layihəsinin hazırlanması mərhələsində Mumbayda tətbiqi təlim keçib. Hazırda SOCAR-ın Polimer zavodunda mühəndis-texnoloq vəzifəsində çalışır. |
Cəmil HÜSEYNOV, 1990-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 194 nömrəli tam orta məktəbdə və 70 nömrəli pilot məktəb-liseydə alıb. 2007-ci ildə orta təhsilini başa vurub. Ali məktəblərə keçirilən qəbul imtahanlarında 610 bal toplayaraq Azərbaycan Dillər Universitetinin “Amerikaşünaslıq” ixtisasına qəbul olunub. 2013-2015-ci illərdə Azərbaycan Universitetində ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə həyata keçirilən MBA proqramı üzrə “Biznesin idarə edilməsi (ixtisaslaşma maliyyə)” ixtisası üzrə magistr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı illərdə Macarıstanın Beynəlxalq Biznes Məktəbində tədrisi İngiltərənin Bukingem Universiteti ilə ikili diplom proqramı əsasında həyata keçirilən “İnsan resurslarının idarə edilməsi” ixtisası üzrə magistratura səviyyəsində təhsil alıb. Təhsilini fərqlənmə diplomu ilə başa vuraraq magistr dərəcəsini qazanıb. Təhsil aldığı dövrdə aktiv ictimai fəaliyyətlə məşğul olmuş, Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının sədr müavini vəzifəsində, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərarverici və icraedici orqanlarında rəhbər mövqelərdə fəaliyyət göstərib. Xaricdə təhsilini başa vurduqdan sonra Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Gilan İndustrial Group” MMC-nin İnsan Resursları Departamentində çalışıb. Hazırda “Gilan Holdinq”in baş ofisinin İnsan Resursları Departamentində işləyir. |
Ramil ƏKBƏROV, 6 noyabr 1989-cu il tarixində Rusiya Federasiyasının Kursk şəhərində anadan olub. 1996-cı ildə birinci sinfə gedib, orta təhsilini 2007-ci ildə tamamlayıb. 2008-ci ildə Bakı Dövlət Universitetinin (BDU) “Fizika” fakültəsinə daxil olub və 2012-ci ildə bakalavr təhsilini başa vurub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2012-2014-cü illərdə Rusiyanın Moskva Fizika Texniki İnstitutunun (MFTİ) “Fiziki və kvant elektronikası” fakültəsində magistratura təhsili alıb. 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun doktorantıdır. 2015-ci ildən Azərbaycanın Milli Nüvə Tədqiqatlari Mərkəzində (MNTM) mühəndis vəzifəsində çalışır. R.Əkbərov 2017-ci ilin 22-26 may tarixlərində Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda, 1-5 oktyabr tarixlərində isə Moskvada keçirilən hissəciklər fizikası və astrofiziklərin III Beynəlxalq konfransında iştirak edib. Hazırda dissertasiya işi ilə əlaqədar Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) silisium əsaslı detektorların yaradılması sahəsində fəaliyyət göstərir. |
Çinarə ƏLİYEVA, 30 may 1993-cü il tarixində Lənkəran şəhərində anadan olub. 1999-cu ildə 129 nömrəli tam orta məktəbə daxil olub, 2010-cu ildə orta təhsilini başa vurub. Həmin ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında 680 bal toplayaraq Qafqaz Universitetinin “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasına qəbul olunub. Prezident təqaüdünə layiq görülüb. 2015-ci ildə bakalavriat təhsilini başa vurub. Oxuduğu 5 il ərzində 3 dəfə SOCAR-ın daxili təqaüdünü qazanıb. 2014-cü ildə “Unibank”in “Young Innovators” müsabiqəsinin qalibi olaraq İT departamentində təcrübədə olub. 2014-2015-ci illərdə Deloitte şirkətinin Azərbaycandakı nümayəndəliyində Risklərin İdarə Edilməsi Departamentində məsləhətçi vəzifəsində çalışıb. Magistratura təhsilini “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London Universitet Kollecində (UCL) “Kompüter elmləri” fakültəsində “Kompüterləşdirilmiş maliyyə” ixtisası üzrə alıb. Hal-hazırda “Unibank”ın “Digital Banking” Departamentində biznes analitik vəzifəsində çalışır. |