“Gənc Qadın Siyasətçilər üçün Öyrənmə Proqramı”nda iştirak et və Niderlandda təqaüd proqramı qazan!

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC)
Azərbaycan Cumhuriyyətinin 100 illiyinə və
Azərbaycanda qadınların səsvermə hüququnun 100-cü ildönümünə həsr olunan
“Azərbaycan Qadınları: 100 Illik Yol” adlı proqram çərçivəsində
“Gənc Qadın Siyasətçilər üçün Öyrənmə Proqramı”na

İŞTİRAKÇI QƏBULUNU ELAN EDİR

Gənc Qadın Siyasətçilər üçün Öyrənmə Proqramı Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir və Niderland Krallığının Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu proqram seçiləcək gənc xanımların siyasi karyeraları üçün önəmli bir resurs olacaqdır; eyni zamanda, layihə nəticəsində yüzlərlə gənc qadın siyasətçi və siyasi/ictimai fəal qadın uğurlu siyasətçilərin yiyələnməli olduğu peşəkar keyfiyyətlər və bacarıqlar üzrə biliklərə (nəşr ediləcək “Siyasətçi Xanım üçün 101 Qayda” adlı kitab və qadın siyasətçilərin şəbəkəsi vasitəsilə) çıxışları artacaqdır. Bu da öz növbəsində qadınların iştirakçılığını təbliğ edərək, qadınların həm siyasi, həm də ictimai həyatda liderliyinin artmasına gətirib çıxaracaq, habelə Azərbaycan Xanımının siyasətdə rolunu tədricən möhkəmləndirəcəkdir.

PROQRAM KİMLƏR ÜÇÜNDÜR:

Müraciət edən qız/qadın aşağıda qeyd edilən keyfiyyətlərə malik olmalıdır:
20-35 yaş arasında olan;
Azərbaycan vətəndaşı olan;
Siyasət, diplomatiya və idarəetmə sahəsində təhsil alan və ya işləyən, həmçinin gələcəkdə karyerasını bu sahədə inkişaf etdirmək iddiasında olan;
Siyasi partiya mənsubiyyətinin və ya siyasi simpatiyalarının olub olmamasından asılı olmayaraq fərqli fikirə hörmət göstərmək qabiliyyətinə malik olan;
Azərbaycan və ingilis dillərində əla yazma və danışma bacarığına malik olan;
Proqramın sonunadək iştirak etməyə marağı və imkanı olan.

Diqqət! Rayonlardan olan iştirakçıların müraciətləri arzuolunandır, rayonlardan olan iştirakçıların təlim zamanı yaşayış və nəqliyyat xərcləri təşkilatçılar tərəfindən qarşılanacaqdır. Bu qayda Bakıda yaşayan rayon nümayəndələrinə şamil olunmayacaqdır.

PROQRAMIN TƏSVİRİ:

Öyrənmə proqramı 6 mərhələdən ibarətdir:
Dəyirmi masa – proqrama seçilmiş 20 nəfər 2018-ci ilin aprel ayında təşkil olunacaq dəyirmi masaya dəvətli olacaqlar. Dəyirmi masa siyasi iştirakçılıq mövzusunda QHT, media, beynəlxalq təşkilatlar və səfirliklərin iştirakı ilə keçiriləcəkdir. Dəyirmi masanın əsas məqsədi gənc xanımları siyasi-ictimai elitaya təqdim edərək, ünvanlı müzakirələri təşkil etmək, beləliklə də ilk şəbəkə görüşünü keçirməkdir.

Təlim proqramı - Bakı və rayonlardan olan 20 gənc siyasətçi qadın/siyasi fəal xanımlar üçün 3 günlük interaktiv təlim təşkil ediləcək. Təlim siyasətçinin təşkilati (siyasi iştirakçılıq, təşkilatlanma, ictimai probklemlərin təhlili, strategiyanın qurulması), mənəvi/mədəni (ictimai tanıtım, etik və etiket qaydalar, ünsiyyət, media münasibətləri) və hüquqi (siyasi kampaniyanın aparılması və siyasətçinin bilməli olduğu hüquqi aspektlər) müstəvilərini əks etdirəcəkdir. Təlim Mehriban Vəzir, Azər Mehtiyev, Abil Bayramov tərəfindən 11-13 may 2018 tarixində Bakı şəhərində keçiriləcəkdir. Təlimin sonunda iştirakçılar imtahan verəcəklər; imtahanın nəticələri, həmçinin xüsusi meyarlar üzrə qiymətləndirmənin göstəricilərinə görə ən yüksək ballar almış 10 iştirakçı növbəti mərhələyə keçəcəkdir.
Rəsmi şam yeməyi – növbəti mərhələyə seçilmiş 10 iştirakcı xanım Niderland səfirliyinin və mentorların iştirakı ilə may ayında təşkil olunacaq rəsmi şam yeməyinə dəvət alacaqlar. Şam yeməyi zamanı 10 seçilmiş iştirakçının mentorları ilə ilk tanıtım görüşü keçiriləcək və şəbəkələşməyə doğru daha bir addım atılacaqdır.
Mentorluq proqramı - Təlimlər zamanı əvvəlcədən müəyyən olunmuş xüsusi meyarlar əsasında seçilmiş 10 nəfər gənc siyasətçi qadın/siyasi fəal üçün 2018-ci il may-avqust aylarında 3 aylıq fərdi mentorluq proqramı təşkil ediləcək. Bu mərhələ təcrübəli yerli və əcnəbi mentorların köməyi ilə özünü siyasət, diplomatiya və idarəetmə sahəsində görmək iddiası olan gənc xanımların siyasi karyeraları üçün önəmli bir resurs olacaqdır. Mentorluq proqramı şəxsi görüşlər və fəaliyyət planı əsasında təşkil olunacaqdır, bəzi hallarda onlayn görüşlər də mümkündür.
Təqaüd proqramı - Təlim və mentorluq proqramı zamanı fərqlənən və xüsusi meyarlar üzrə seçilmiş 1 (bir) nəfər gənc qadın siyasətçi 2018-ci ilin avqust/sentyabr ayında Niderlandda 1 həftəlik təqaüd proqramı ilə mükafatlandırılacaq. Təqaüd səfərində iştirak hüququ qazanmış namizəd Niderlandın siyasi-ictimai qurumları ilə görüşlərdə iştirak edə və ixtisasına/peşə maraqlarına uyğun öyrənmə imkanını qazanacaqdır.

Yekun Konfrans - Yerli və xarici spikerlərin iştirakı ilə keçiriləcək Yekun Konfrans 2018-ci ilin avqust/sentyabr ayında planlaşdırılır. Konfransda proqramın yekun hesabatı və sertifikatların təqdim olunma mərasimi keçiriləcək.

MÜRACİƏT ŞƏRTLƏRİ:

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Gənc Qadın Siyasətçilər üçün Öyrənmə Proqramı” qeyd edərək aşağıdakı linkdə qeyd olunmuş Ərizə Formasini doldurmalıdırlar:
LİNK

Həmçinin namizədlər Azərbaycan və ingilis dillərində olan tərcüməyi hal (CV) [email protected] [email protected] email ünvanlarına göndərməlidirlər.

Son müraciət tarixi: 30 mart 2018-ci il

İlkin mərhələni keçmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. Bütün ərizəçilərə rəsmi cavablar 10 aprel tarixinədək göndəriləcəkdir.

Suallar üçün layihə koordinatoru Gülnarə İsmayılovaya ([email protected], +99455 275 77 57) müraciət edə bilərsiniz.
Paylaş