Intiharların qarşının alınması ilə bağlı Azərbaycanda ilk dəfə olaraq Milli
Fəaliyyət Planı hazırlanacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə iş
müstəvisində ölkəmizdə intiharların qarşısının alınması ilə bağlı ilk dəfə olaraq Milli Fəaliyyət Planı layihəsi
hazırlanacaq. Bu sahədə görüləcək işlərin müzakirəsi məqsədilə dəyirmi masa keçirilir.
Tədbirin açılışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Ümumdünya
Səhiyyə Təşkilatının məlumatına əsasən ildə 1 milyon insanın intihar səbəbi ilə dünyasını dəyişdiyini bildirib.
Qeyd edib ki, Təşkilatın hesablamalarına görə, orta hesabla son 45 ildə intiharların sayı 60 faiz artıb.
A.Kərimov intiharların səbəbləri kimi, bu problemin həlli yollarının da müxtəlif olduğunu, əsas tədbirlər
sırasında intihar üçün vasitə və alətlərin əldə olunmasının məhdudlaşdırıldığını deyib. O, intihar hallarının
azalması üçün maarifləndirmə işlərinin, intihara cəhd edənlər üçün psixoloji dəstəyin, həmçinin psixi
pozuntularla bağlı güclü sarsıntı yaşayanların psixiatr və psixoloqlara vaxtında müraciət etmələrinin vacibliyini
diqqətə çatdırıb. Bildirib ki, intihar hadisəsinin mediada qabarıq şəkildə təqdim edilməsi, intihara haqq
qazandırılması və intihar edən şəxsin az qala qəhrəman kimi təqdim edilməsi yolverilməzdir. Belə hallar
intihara təşviqetmə kimi mənfi nəticəyə yönələ bilər, ona görə də mediada bu məsələyə daha həssas və
məsuliyyətlə yanaşılmalıdır.
Nazir müavini intihar hallarının qarşısını almaq üçün ailə, məktəb, cəmiyyət və dövlət səviyyəsində
məqsədyönlü kompleks tədbirlərin görülməsinin önəmini vurğulayıb. Bildirib ki, ilk növbədə İntiharların
Qarşısının Alınması ilə bağlı Milli Fəaliyyət Planının layihəsi hazırlanmalıdır. Hazırki tədbirin əsas
məqsədlərindən biri də budur. Növbəti mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMTİP
arasında “İntiharların qarşısının alınması” adlı layihənin həyata keçirilməsi nəzərdə tutulur.
BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti qeyd edib ki, intihar bütün dünya ölkələrində qlobal
fenomendir və Azərbaycan da istisna deyil. Hər bir intihar ailələrə, icmalara və ümumiyyətlə, cəmiyyətlərə
təsir edən, təsiri uzun müddət ötüb keçməyən faciədir. İntiharların qarşının alınması cəhdləri səhiyyə və təhsil,
əmək, kənd təsərrüfatı, biznes, ədliyyə, qanunvericilik, müdafiə, siyasət və media sektorları kimi cəmiyyətin bir
sıra sektorlarında istiqamətləndirmə və sıx əməkdaşlıq tələb edir.
Dəyirmi masada İntiharlar üzrə Beynəlxalq Jurnalistika Platformasının eksperti Alfred Skoqberq, İnklüzivlik,
Uşaq və Təhsil üzrə beynəlxalq ekspert, professor Mişel Mur və digər BMT agentliklərinin, beynəlxalq və milli
partnyorların, özəl sektorun nümayəndələri iştirak edirlər.
Yardım xəttləri, gənclərə dəstək, həssas qrupları hədəfləyən proqramlar və icmaların inkişafına yönələn
proqramlar kimi, bir sıra yeni fəaliyyət növləri müzakirə olunur.