”Mən Sizin SƏSinizəm”

9 Fevral 2020 Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa gənc xanım namizəd Nərmin Şamilova deyir ki :”Mən Sizin SƏSinizəm”.
Nərmin Ramiz qızı Şamilova - "Qadın Liderliyi Uğrunda" İB-nin sədr müavini, müstəqil siyasətçi, ictimai fəal, müstəqil jurnalist və beynəlxalq seçkilər üzrə müşahidəçidir.
N. Şamilova 20 fevral 1987-ci ildə Sumqayıt şəhərində ziyalı ailəsində anadan olmuşdur. 22 və 35 saylı orta məktəbdə təhsil almış, orta məktəb illərindən Sumqayıtda və regionlarda keçirilən yaradıcılıq və mədəniyyət tədbirlərinin, festival və müsabiqələrin ("Ümid 96-97", "İstedad 97"), olimpiadaların lauriyyatı və qalibi olmuş (1-ci yer), məktəbin "Fəxri Şagird"i adına layiq görülmüşdür (təhsil və ictimai-mədəni fəaliyyətinə görə)
2006/2010-cı ildə Bakı Slavyan Universitetinin Rus dili və Ədəbiyyatı fakultəsində təhsil almış, tələbələrə dair tədbir və programlarda aktiv iştirak etmişdir. Universitetdə təhsil aldığı müddətdə universitetdaxili fəaliyyət göstərən "Heydər Əliyev Məktəbi" Tələbə Teleradio Studiyasında və müxtəlf televiziyalarda (Sumqayıt, Xəzər TV, ANS TV) çalışmış, təhsilini başa vurduqdan sonra isə bir çox KİV-lərlə yenidən əməkdaşlıq etmiş, televiziya proqramlarında aparıcı və müxbir olmuşdur. Universitetin də “Fəxri M əzun”u olmuşdur.
2011-ci ildən aktiv ictimai-siyasi fəaliyyətə başlamış, 2012-ci ildən "Azərbaycan Avropa Hərəkatı"nda layihə koordinatoru kimi fəaliyyət göstərmişdir, daha sonra Siyasi Partiyalar və Layihələrlə iş üzrə məsləhətçi, 2016-ci ildən isə təşkilatın beynəlxalq təşkilatlarla əməkdaşlıq üzrə məsləhətçisi olmuşdur. 2011-ci ildən Azərbaycan Demokratik İslahatlar Partiyasının üzvü, 2014-cü ildən isə partiyanın Qadınlar və Gənclər Şöbəsinin sədri kimi fəaliyyət göstərmişdir.
Hazırda müstəqil siyasətçi və ictimai fəal, müstəqil jurnalist və "Qadın Liderliyi Uğrunda" İB-nin katibidir, həmçinin ATƏT-in beynəlxalq seçki missiyasında uzunmüddətli müşahidəçilərin siyahısındadır.
Vətəndaş cəmiyyəti və siyasi fəaliyyətlə bağlı qadınlar və gənclər adına siyasət, diplomatiya, sülh quruculuğu, qadınların ictimai həyatdakı rolu, gənclərin təhlükəsizlik missiyasında rolu, radikalizm və zorakılıq, mədəniyyət və dialoq mövzuları ətrafında Azərbaycanı, Sumqayıtı təmsil edərək, bir çox yerli və beynəlxalq layihələrin iştirakçısı, təlimçisi, eksperti olmuş və beynəlxalq parlamentlərdə spiker kimi çıxışlar etmişdir ( Gürcüstan, Türkiyə, Ukrayna, Polşa, Macarıstan, Litva, Latviya, Almaniya, Rusiya və s. ). ATƏT-in beynəlxalq seçki missiyasında uzunmüddətli müşahidəçilərin siyahısındadır, bir çox ölkədə beynəlxalq missiyada olub. 2014-cu il bələdiyyə, 2015-ci ildə Milli Məclis seçkisində namizəd olmuşdur.
Həvəskar olaraq musiqi, rəqs və idmanla məşğul olur. Subaydır, 32 yaşı var.

Seçki platformasinın əsas müddəaları:
- Güclü, müasir və demokratik cəmiyyətin, Azərbaycanın formalaşmasına xidmət etmək;
- Keyfiyyətli təhsil və səhiyyə sisteminin formalaşdırılması;
- Qadınların ictimai-siyasi həyatdakı rolunun artırılmasına dəstək;
- Uşaq, yeniyetmə və gənclərə qayğı, hərtərəfli inkişaflarına dəstək;
- Sosial qayğı: şəhid və ailələrin, yaşlı və kimsəsizlərin maddi-mənəvi qayğı ilə təmin edilməsi;
- Mədəniyyətin bütün sahələrinin inkişafı, dünyəvi sivil dəyərlərin ölkəmizdə təbliği;
- Sağlamlıq siyasətinin tətbiqi, idmanın inkişafı;
- Beynəlxalq münasibətlərin hərtərəfli və strateji inkişafına xidmət;
- Ekoloji Siyasət
Xanım namizəd deyir ki: “Sumqayıtlıların SƏSiyəm! Yalnız seçkidən seçkiyə deyil, bu şəhərdə doğulub yaşayan, uşaqliqda mədəniyyət və yaradıcılıq tədbirlərində, daha sonra isə televiziya, media, siyasət, diplomatiya sahəsində, qadınlar və gənclər adından, ölkəni, Sumqayıtı həm yerli, həm beynəlxalq səviyyədə təmsil edən bir vətəndaşı, namizədiyəm. O üzdən də sizin problemləriniz və bunların həlli yollarina daha yaxşı bələdəm. Mən hamınızın təmsilçisiyəm! SƏSinizəm!
Seçkidə iştirakçılıqda məqsədim həm də qadınları təşviq etmək, 100 il bundan öncə əldə edilmiş seçmək və seçilmək hüququndan bəhrələnməkdir. 2020-ci ilin Azərbaycan qadını təkcə seçməklə kifayətlənməli deyil, həm də seçilməlidir. Lakin təəssüflər olsun ki, idarəetmədə, parlamentdə qadınlar olduqca azdır. Milli qadın siyasətinə dair strategiya və təkliflər hazırlanmalı, düzgün təbliğat aparılmalıdır. Dairəmin iki qadın namizədi var, mən həm gəncəm, həm qadınam. Enerjim, həvəsim və faydalı olmaq istəyim var, xalqıma xidmət etmək istəyirəm. Dövlətimiz də, cəmiyyətimiz də buna şərait yaratmalı və dəstək olmalıdır.
Sumqayıt gözəl şəhərdir: rəngarəngliyi, etnik tərkibi və gənclik statusu ilə....2-ci Dünya Müharibəsindən sonra şəhər statusu qazanması və sənaye bölgəsi olaraq müxtəlif region və ölkələrdən kadrların, mütəxəssislərin burda işləyib məskunlaşması həm identifikasiya, həm mədəniyyət zənginliyi yaradıb. Dağlıq Qarabağ münaqişəsindən sonra yaranan iqtisadi-sosial problemlər, məcburi köçkünlərin yerləşdirilməsi və eləcə də sənaye sahəsindəki durğunluq, zavod və fabriklərin bir çoxunun fəaliyyətinin dayandırılması kütləvi işsizliyə səbəb olsa da, bu gün sumqayıtlılar təhsil, mədəniyyət, ictimai-siyasi sahələrdəki fəallığı, uğurları ilə daha çox seçilir. Sadəcə şəhərin imkanlarından daha çox yararlanmaq lazım, ərazi və sakinlər üzərindən araşdırma aparıb ona uyğun tədbirlər görmək, yeniliklər tətbiq etmək gərəkdir. Sumqayıt sülh şəhəridir. O beynəlxalq proseslərin mühüm bir hissəsi olmalıdır. Bunun üçün də daxilindəki sosial məsələlər həll olunmalı, nəzarətdə saxlanılmalı (sosial yardım və ya qayğı, iş yerlərinin açılması və kadr təmini və s.), sağlam uşaqlar və gənclər yetisdirilməlidir ki, təhsil ala bilsin, beynəlxalq proseslərdə iştirak etsin, ölkəsinə, şəhərinə töhvə versin və bu dövlətçilik ənənəsini digərlərinə də ötürə bilsin. Bütün bunların ilk çıxış yolu isə dialoqdur. Bəli, insanları dinləmək lazımdır, səbrlə, sadəliklə və həvəslə. Bunun məsuliyyətini dərk etmiriksə bizdən nə namizəd, nə millət vəkili, nə də ictimai siyasi statuslu bir şəxs olar…"


Paylaş