
Qubadlı torpaqları Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində şanlı səhifə kimi tarixə yazılıb. Bu qədim diyar uzun illər düşmən tapdağı altında qaldıqdan sonra 2020-ci ilin Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edildi. Qubadlının azad olunması xalqımızın möhtəşəm Zəfərinin mühüm mərhələlərindən biri idi. Prezident İlham Əliyev bu barədə deyib: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.” Bu sözlər bir xalqın illərlə həsrət qaldığı torpaqlarına qayıdış sevincini, ordumuzun gücünü və dövlətimizin iradəsini ifadə edir. Qubadlı zəngin təbiəti, füsunkar dağları, Araz çayına açılan yolları və strateji mövqeyi ilə həm hərbi, həm iqtisadi, həm də tarixi baxımdan mühüm əhəmiyyətə malikdir.
Uzun illər işğal altında olan Qubadlıda erməni vandalları tərəfindən bütün yaşayış məntəqələri, mədəniyyət ocaqları, məktəblər, məscidlər və sosial infrastruktur dağıdılmışdı. Lakin 2020-ci il 25 oktyabrda bu torpaqların azad edilməsi ilə Qubadlıya həyat yenidən qayıtdı. Qubadlının işğaldan azad olunması döyüş əməliyyatları baxımından da xüsusi strateji əhəmiyyət daşıyırdı, çünki bu uğur Azərbaycan Ordusuna həm Laçın istiqamətində irəliləməyə, həm də Şuşa əməliyyatının başlanmasına imkan yaratdı. Qubadlı uğrunda gedən döyüşlər ordumuzun peşəkarlığının, əsgərlərimizin igidliyinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsinin təntənəsi idi.
Müharibədən sonra dövlət başçısının rəhbərliyi ilə Qubadlı rayonunda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyev bu bölgənin gələcəyini, iqtisadi və sosial inkişafını prioritet istiqamət kimi müəyyənləşdirdi. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Bu sərəncam Zəngəzur bölgəsində müasir nəqliyyat infrastrukturunun yaradılması, əhalinin rahat gediş-gəlişinin təmin edilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu yol həm də Zəngəzur dəhlizinin inkişafında, Qarabağ və Şərqi Zəngəzurun inteqrasiya prosesində mühüm həlqə rolunu oynayır.
Qubadlıda bərpa prosesləri təkcə infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. Burada həyatın bütün sahələri — təhsil, səhiyyə, sosial xidmət, mədəniyyət və yaşayış mühiti yenidən formalaşdırılır. 2023-cü il 4 may tarixində Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinə səfər edərək bir sıra mühüm layihələrin təməlqoyma mərasimlərində iştirak etdilər. Həmin gün Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 yataqlı Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyuldu. Bu layihələr həm azad olunmuş ərazilərin bərpasına dövlətin strateji yanaşmasının, həm də Böyük Qayıdış prosesinin praktiki təzahürüdür.
Prezidentin səfərləri hər dəfə Qubadlının yenidən dirçəlişinin yeni mərhələsinə start verir. Qubadlıda həyata keçirilən tikinti və bərpa işləri burada müasir şəhərsalma prinsiplərinin tətbiqinə əsaslanır. Yeni binalar, yaşayış kompleksləri, inzibati və ictimai obyektlər ən son texnologiyalara uyğun inşa edilir. Bütün bu layihələrin əsas məqsədi vətəndaşların öz doğma yurdlarına rahat, təhlükəsiz və firavan şəkildə qayıdışını təmin etməkdir. “Qubadlı” gömrük postunun fəaliyyətə başlaması da bölgənin iqtisadi inkişafına əlavə təkan verib. Bu, həm sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də regionda ticarət dövriyyəsinin artmasına xidmət edir.
Qubadlının təbiəti və torpaq ehtiyatları kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradır. Bölgədə əkinçilik, heyvandarlıq, bağçılıq və arıçılıq üçün əlverişli şərait mövcuddur. Dövlət tərəfindən burada müasir suvarma sistemlərinin, elektrik və kommunikasiya infrastrukturunun qurulması planlaşdırılıb. Bununla yanaşı, turizm sahəsi də Qubadlının gələcək inkişaf istiqamətlərindən biridir. Təmiz təbiəti, dağlıq relyefi və tarixi abidələri ilə bu diyar ekoturizm üçün böyük potensiala malikdir.
Qubadlının yenidən qurulması prosesində enerji təminatı və yaşıl enerji layihələri də xüsusi yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda “yaşıl enerji zonası” konsepsiyası həyata keçirilir. Günəş və su elektrik stansiyalarının qurulması həm ekoloji davamlılığı təmin edir, həm də iqtisadi baxımdan sərfəlidir. Qubadlının gələcəkdə həm yaşıl kənd təsərrüfatı, həm də ekoloji turizm mərkəzi kimi formalaşacağı gözlənilir.
Bu gün Qubadlıya həyat qayıdır. Qubadlıya qayıdan hər bir insan dövlətin gücünü, Prezident İlham Əliyevin qətiyyətini və xalqın birliyini hiss edir. Bərpa olunan hər bir ev, açılan hər bir məktəb, təməli qoyulan hər bir müəssisə Azərbaycan xalqının iradəsinin, Vətən sevgisinin və dövlət siyasətinin uğurunun göstəricisidir. 25 Oktyabr – Qubadlı şəhəri günü bu mənada yalnız bir tarix deyil, həm də böyük bir Zəfərin, milli qürurun və yenidənqurma ruhunun təntənəsidir.
Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müaini