Ucqar kənd müəllimi: Ayaqqabılarımızı məktəbdə qoyur, evdən məktəbə və geriyə rezin qaloşla ilə gedirik

Ucqar kənd müəllimi Faiq Şıxəlizadə: Ayaqqabılarımızı məktəbdə qoyur, evdən məktəbə və geriyə rezin qaloşla, çəkmə ilə gedirik

Lənkəranın ən ucqar kəndlərindən birində coğrafiya müəllimidir. Hava şəraiti, düşüncə fərqliliyi onu incitsə də, təhsilli uşaqlar yetişdirməyi özünə borc bilir. Məqsədi öz düşüncələrini şagirdlərə öyrətmək deyil, onlara düşünməyi öyrətməkdir. Müsahibimiz kənd müəllimi Faiq Şıxəlizadədir.

 

Faiq Lənkəranda anadan olub. Lənkəran Dövlət Universitetinin Tarix və Coğrafiya müəllimliyi ixtisasını bitirib. Hərbi xidməti bitirdikdən sonra MİQ (Müəllimlərin işə qəbul) imtahanı ilə Lənkəranın ən ucqar kəndi Türkəncil kənd orta məktəbində coğrafiya müəllimliyinə təyinat alıb.

 

Kənd rayon mərkəzindən 47 km aralıda və 1200 metr yüksəklikdə yerləşir. Müəllim deyir ki, maşınlar qış aylarında kəndə gedə bilmir. Vacib hallarda xüsusi maşınlardan istifadə edirlər. Müsahibimiz də gedib-gəlməkdə çətinlik çəkdiyi üçün kənddə kirayə evdə yaşayır.

 

Faiq müəllim deyir ki, imtahanlardan yaxşı nəticə toplasa da, könüllü şəkildə dağ kəndi məktəbini seçib. Düşünür ki, müəllim öz rahatlığı üçün deyil, təhsil vermək, ehtiyacı olana faydalı olmaq üçün çalışmalıdır: "Müəllimlik müqəddəs sənətdir. Mən də ilkin mərhələdə kənd məktəbini seçdim ki, ixtisasımın çətinliyini dərk edim. Kəndlərdə müəllimlərə daha çox ehtiyac var. Şəhər məktəblərində isə şagirdlərin çətinliyi olmur. Əslində oranı seçənə qədər necə kənd olduğu, şəraiti barədə məlumatım az idi. Sadəcə, ucqar kənd olduğunu bilirdim. İnternetdə araşdıranda yazılmışdı ki, asfalt çəkilib. Düşündüm ki, rahat gedib-gələcəm. Lakin infrastruktur imkan vermədiyi üçün asfalt sadəcə işlək yola çəkilib. Qeydiyyat zamanı da direktorla söhbət etdik. Direktor dedi ki, hər gün geri qayıtmaq mümkün olmayacaq. Kəndə ilk dəfə gedəndə, bizim maşın yolun yarısında dayandı. Yol yox idi. Kənddə qalmalı olduq”.



"Şəhərdən gələn müəllim ümid işığı idi”

Həmsöhbətimiz deyir ki, kənddə müəllimə hörmət edir, xilaskar hesab edirlər: "İlk dəfə sinfə girəndə şagirdləri çox sevdim, ədəb-ərkanlı idilər. Həm də fərqli yerdən gələnlərə qəribə baxışla baxırdılar. İstər valideynlər, istərsə də şagirdlər üçün şəhərdən gələn müəllim ümid işığı idi. Məktəbə gedəndə yolda tanıyan-tanımayan hər kəs o qədər doğma salam verirdi ki... Kənddə şagirdlər kənd təsərrüfatı ilə məşğul olur, qayğını ancaq məktəbdə görürdülər. Kəndin şagirdləri də zəhmətkeşdirlər. Səhər məktəbə gəlir, dərsdən çıxıb işləməyə gedir, axşam dərsini öyrənir, səhər yenə də məktəbə gəlirlər. Müəllimdən qayğı gördükdə, məktəbə gəlməyə can atırlar”.

Faiq uşaqlıqdan müəllim olmaq istəyib. Deyir ki, uşaqlıqdan müəllimlərində gördüyü yaxşı xüsusiyyətləri özündə cəmləyib ki, gələcəkdə şagirdlərinə aşılasın: "Şagird olduğum dövrdən bu peşəyə marağım, sevgim var idi. Müəllimlərimə baxır, hər müəllimdən yaxşı xasiyyət götürürdüm. Deyirdim, müəllim olsam, bunu tətbiq edəcəm. Yaxud özümə xoş gəlməyən hansısa müəllimin hərəkətlərini gələcəkdə etməyəcəyimə qərar verirdim. Daha sonra kurs müəllimimdən motivasiya aldım. İdealım idi ki, mən də belə müəllim olacam. Şagirdlərə yorulmadan izah edəcəm. Artıq universitet illərində daim araşdırır, öyrənir, bildiklərimi kiməsə öyrətmək istəyirdim. Ucqar kəndə də gəlməkdə məqsədim o idi ki, şagirdlərin dünyagörüşlərini inkişaf etdirim, həyata baxış tərzlərini dəyişim. Həm onların, həm də öz xalqımın gələcəyini arzuladığım kimi görmək istəyirdim. Bunun da özəyi, əsası şagirddən və müəllimlikdən başlayır. Gələcəyi ancaq müəllimlər dəyişə bilər. Mən də düşünürdüm ki, şagirdlərə örnək olacam. Məqsədim öz düşüncələrimi şagirdlərə öyrətmək deyil, onlara düşünməyi öyrətməkdir”.

"6-cı sinifdə oxuyur, amma xarici ölkə anlayışı yoxdur”

Faiq müəllim ilk dərs günü təəssüratlarını bizimlə bölüşdü. Deyir ki, şagirdlərin dünyagörüşlərinin zəif olması onu incidib: "6-cı sinfin şagirdlərinə sual verdim ki, hansı xarici ölkədə olmusunuz? 3 nəfər əlini qaldırdı. Biri dedi ki, Lənkəranda olmuşam. Mənə çox təsir etdi. 6-cı sinifdə oxuyur, amma xarici ölkə anlayışı yoxdur. 8-ci siniflər saat anlayışını bilmirdilər. Rəngləri belə ayıra bilmirdilər. Bu məni çox təəccübləndirirdi. Sistem dəyişdiyi üçün indiki şagirdlərin dünyagörüşü çox fərqlidir. Qızlar da təhsil almağa can atır. Amma ilk günlər bu hallar məni məyus etmişdi. Sonra başa düşdüm ki, bu insanlar meşədə qoz, palıd yığır, evdə təsərrüfatla məşğul olur, səhər yenə durub məktəbə gəlirlər. Məktəbdə də yorğun olurlar. O qədər kompleksli olurlar ki, müəllimlə söhbət etməkdən çəkinirlər. Mən çalışırdım ki, onlarla dərsdən əlavə ünsiyyət qurum. Başa düşmədikləri mövzuları soruşmurdular, sual verməkdən qorxurdular. Bu günün çox sual verən şagirdi gələcəyin biliklisidir. Onlara azadlıq verəndə qəribə olurdular. Sonra imkan yaradırdım ki, özləri dərs keçsinlər. Öyrəndiklərini öyrədirmiş kimi danışırdılar. Tədbir nədir - bilmirdilər. Çox utancaq idilər. Qarşıma məqsəd qoymuşdum ki, onları dəyişəcəm və dünyagörüşlü, özlərini ifadə edə bilən uşaqlar yetişdirəcəm. Onlarla qartopu oynayırdım. Bütün müəllimlər mənə qəribə baxırdılar. "Uşaqsan, qartopu oynayırsan?” deyib gülürdülər. Müəllimlər müəllim otağında olanda, mən şagirdlərlə vaxt keçirirdim ki, yanımda sərbəst olsunlar. Şagirdlərdə etiraz anlayışı yox idi. Hər şeylə razı idilər. "Yox” deyə bilmirdilər. Artıq 3 ildir ki, orada işləyirəm. Şagirdlərimi komplekssiz görmək məni sevindirir. Az da olsa, istədiyimə nail oluram”.



"Toy üçün paltarı ağ-qara rəngdə alın ki, məktəbə də geyinə biləsiniz”

Müəllim işindən zövq alsa da, ucqar kənddə yaşamağın müəyyən çətinlikləri var. Deyir ki, evdən məktəbə rezin qaloş, çəkmə ilə gedir: "Hündürlükdə olduğumuz üçün təzyiqlə bağlı problemlər yaşayırıq. Havaya öyrəşmək problemimiz olur. Soyuğa dözümüm yoxdur. Biz şəhərdən gələn müəllimlər çox qalın geyinirik, amma daim üşüyürük. Şagirdlər isə qısaqol paltarda gəzirlər, onlar soyuğu hiss etmir. Kəndə qaz çəkilmədiyi üçün odun sobası yandırırıq. Külək əsəndə, soba tüstü verir. Yol problemi var. Məsələn, yağış, ya qar yağanda palçıq olur. Ayaqqabılarımızı məktəbdə qoyur, evdən məktəbə və geriyə rezin qaloşla, çəkmə ilə gedirik. Məktəbdə ayaqqabını geyinib sinfə daxil oluruq. Məktəbdə istilik sistemi çox zəifdir. İndi təzə məktəb tikilib, "kombi” var, amma qaz olmadığı üçün işıqla işləyir. İşıq da zəif olduğu üçün yaxşı qızdıra bilmir. Valideynlərlə bağlı da çətinliklərimiz olur. Valideynlərin düşüncə tərzi çox fərqlidir. Məsələn, mən imtahan keçirirəm. İmtahanda nəticəsi normal olana hədiyyələr verirdim. Kimin ki uşağı az bal toplayıb, narazılıq edirdi ki, mənim uşağım yaxşı cavab verib. Bu il təzə məktəb tikildi. Şagirdlərin maddi vəziyyəti çox zəif idi. Facebook səhifəmdə kampaniya başlatdım ki, çantası, dəftər-qələmi olmayanlara yardımı etsinlər. Özüm də öz maaşımla alırdım, amma hamıya verə bilmirdim. Kampaniyamıza qoşulanlar oldu və qələmlər, dəftərlər yığdıq. Maddi vəziyyəti zəif olanlara payladıq. Məsələn, valideyn məktəbə zəng edirdi ki, məktəbə dəftər, çanta gəlib, mənim uşağıma da verin. İzah edə bilmirdik ki, bu, imkanı zəif olanlar üçündür. Özü də deyirdi ki, mənim almağa imkanım var, amma bu, məktəbə gəlibsə, mənim də uşağıma verin. Geyimlə bağlı çətinliklər var. Məktəbli forması yoxdur və almağa çətinlik çəkirlər. Rəngarəng geyinib məktəbə gəlirlər. Hətta bəziləri toy üçün aldığı paltarı məktəbə geyinmək məcburiyyətindədir. Təbliğat aparırıq ki, toy üçün paltarı ağ-qara rəngdə alın ki, məktəbə də geyinə biləsiniz”.

"Qızlar ailə qurur, həyatlarını təsərrüfata həsr edirlər”

Ucqar kənd məktəblərinin ən böyük problemlərindən biri də qız uşaqlarının təhsildən yayındırılmasıdır. Faiq müəllim deyir ki, ilk günlər kənddə təhsilli qızlar yox dərəcəsində imiş: "Qız uşaqlarının təhsili ilə bağlı çox əziyyət çəkdik. Bir ingilis dili müəllimi gəlmişdi və deyirdi ki, mən imkan verməyəcəm, qız uşaqlarını oxutmasınlar. Hətta valideynlərlə də narazılıqları olmuşdu. Amma yenə də bununla baş etmək çətindir. Məsələn, burada 9-cu sinfə qədər oxuyurlar. Sonra ən pis halda, kollecə getməlidir. Qızları evdən buraxmırdılar. 9-a qədər oxuyur, sonra ailə qururdular. İndi vəziyyət nisbətən dəyişib. Hətta əvvəllər kənddə həkim olmaması səbəbindən dünyasını dəyişənlər olurdu. Kənddə tibb bacısı yox idi. Bir tibb işçisi var idi, o da 3 kəndə baxırdı. İzah edirdik ki, öz müəllimləriniz, həkimləriniz olmalıdır. Buraya gələn müəllimlər əbədi qalmırlar. Qadınlar xəstələnəndə, kişi həkimə iynə vurdurmursunuzsa, bəs nə üçün qızlarınızı oxutmursunuz? Əvvəl qəribə baxırdılar. Amma şükür ki, bu il 3 qız qəbul imtahanına getdi. Biri kollecə qəbul oldu, oxuyur. Digəri kollecə qəbul olsa da, imtina edib, universitetə hazırlaşır. Üçüncüsü isə pulluya düşdüyü üçün oxumadı. Bu çox sevindiricidir. Biz buna nail olduq. Onlara pulsuz hazırlıq keçirdik. Hətta coğrafiya müəllimi ola-ola, riyaziyyatdan, Azərbaycan dilindən hazırlaşdırmağa çalışırdım. Kənddə ingilis dili bilən yox idi, əziyyət çəkirdilər. Mən də özüm evdə oxuyub onları hazırlaşdırırdım. Hər fəndən bacardığım qədər dəstək olmağa çalışırdım. Çünki qızlar tez ailə qurur və ailə qurduqdan sonra həyatlarını təsərrüfata həsr edirlər”.

Sonda həmkarlarına səslənən Faiq bildirdi ki, ucqar kənddə dərs deməkdən çəkinməsinlər. Çünki məhz belə kəndlərdə müəllimlərə ehtiyac var: "Müəllimlərə kənd əhalisi həddən artıq dəstək olur. İstəyirlər orada qalaq, təhsil verək. Şagird var idi, valideynini məcbur edirdi ki, Faiq müəllimi qonaq çağıraq. Hətta kirayə qaldığım evdə ödənişi götürmürdülər. Evimin ödənişini məcbur ödəyirdim. Xoş o müəllimin halına ki, ucqar yerdə dərs keçir. Çünki ordakı şagirdlər müəllim sevgisini görür”.

Aygün ƏZİZ

Mənbə: Kaspi.az
Paylaş