YARAT MƏRKƏZİ: ŞİLPA QUPTA MƏN BU LİSANƏ SIĞMAZAM FƏRDİ SƏRGİSİ

07 İyul - 30 Sentyabr 2018





YARAT Müasir İncəsənət Məkanı tanınmış, beynəlxalq səviyyəli Hindistan rəssamı Şilpa Quptanın fərdi sərgisini təqdim edir. Sərginin ilham mənbəyini və mərkəzi hissəsini əsrlər boyu yaradıcılığına və siyasi baxışlarına görə həbslərə məruz qalmış 100 şairə ithaf edilən, yeni və genişmiqyaslı çoxkanallı səs instalyasiyası təşkil edir. Bu instalyasiya, sərgidə nümayiş etdirilən digər yeni rəsm və heykəltəraşlıq nümunələri ilə yanaşı, bu gün insanların söz və ifadə azadlığının zəifliyi və təsirlərə məruz qalması problemlərini ön plana çəkir.




Sərgi məkanının bütövlükdə birinci mərtəbəsini əhatə edən 100 ədəd mikrofon 100 metal mil üzərindən asılıb. Millərin hər birinə, müxtəlif şeir parçalarının əks olunduğu səhifə keçirilib. Öz növbəsində ayrıca asılmış mikrofon bu şeirləri oxuyur və yerdə qalan digər 99 mikrofon onu xorla əks-səda etdirir. 1 saatdan çox davam edən bu səs əsəri ingilis, ispan, ərəb, rus, Azərbaycan və Hind dillərində səslənir. Səslərin xoru məkan boyunca yayılır və bununla da yaddaşa hopan bu sədaların arasıkəsilməz ardıcıllığını formalaşdırır. İnstalyasiyanın adı, “Mən bu lisanə sığmazam – 100 məhkum şair” (“For, in your tongue I cannot fit – 100 Jailed Poets”) XIV əsrin sonu XV əsrin əvvəllərində yaşamış dahi Azərbaycan şairi Nəsiminin məşhur şeirindən götürülüb.

Bu yeni, möhtəşəm əsər ilə yanaşı, şairlərin həyatını əks etdirən silsilə rəsmlər və obyektlər, o cümlədən metaldan hazırlanmış ağız boşluğu heykəli, kağız üzərində itkin düşmüş şəxsin bədəninin ətrafında tikanlardan və çəkilmiş izlərdən ibarət rəsm əsəri də yer alıb. Dərin ziddiyyət, bağlılığın ifadəsi haqqında hekayələrdən bəhs edən əsərlər, şairlərin təxəyyülünü və fiziki mütərəddidliyini idarə etməyə və məhdudlaşdırmağa çalışan siyasi və sosial qadağaları araşdırır.

Ekspozisiya ərazisində tavandan adətən tranzit zonalarda (hava limanları və s.), nəqliyyat şəbəkələrində rast gəldiyimiz, hərəkət cədvəllərini və qrafikləri bildirmək üçün istifadə edilən informasiya tablosu asılıb. Rəssam tablonun nəzərdə tutulan funksiyasını yaradıcılığında tətbiq edib və məlumat mətnini şeirlə əvəz edib. Şeirdə gəlmə-getmə prosesləri, insanların və ideyaların hərəkəti təsvir olunur. Bölünən lövhəli displey çevrildikcə, yeni sözlər və proza görünür və zaman-məkan boyunca identikliyi necə anladığımızı, necə təyin etməyimizi sual altına qoymağa, aktual və çağdaş düşüncələrə dalmağa vadar edir.

Xüsusi olaraq bu sərgi üçün, rəssam öz “Görmürəm, eşitmirəm, danışmıram” (“Don’t See Don’t Hear Don’t Speak”, 2006) fotoqrafik silsiləsinə yenidən qayıdaraq - üç oxşar insan bir-birlərini əhatəyə alıb və bir-birlərinin gözlərini, qulaqlarını və ağzını yuman heykəl yaradıb. Mahatma Qandi tərəfindən məşhurlaşdırılan yapon deyimindən ilhamlanan bu əsər, bizim hal-hazırda dəyişən siyasi landşaftımızı və yaxın dövrün separatizm dalğası kontekstindən qaynaqlanmaqla, rəssamın öz doğma vətənində yer alan şər qüvvələrə, insanların adətən öz baxışlarına görə məruz qaldığı basqılara istinad edir. Sərgidəki digər əsərlər ilə aktiv dialoq yaradan bu heykəl, ifadə azadlığının çox güclü inikasını təqdim edir. Rəssam öz əsəri haqqında bunları deyir: “Həqiqət səsləri zaman-zaman narahatlığa səbəb olub və elə bu gün də bu səslər kəsilir, batırılır... Amma, həmin səslərin əks-sədaları qalır və eşidilməkdə davam edir”.





Şilpa Quptanın səs instalyasiyası YARAT Müasir İncəsənət Məkanı və Edinburq İncəsənət Festivalı tərəfindən birgə sifariş edilib.




Sərginin kuratoru - Björn Geldhof




Şilpa Qupta (d.1976, Mumbay, Hindistan) Mumbay şəhərində yaşayır və fəaliyyət göstərir. 1997-ci ildə Ser Camsetci Cicebhoy adına İncəsənət Məktəbini (Sir J. J. School of Fine Arts) bakalavr dərəcəsi ilə bitirib. Quptanın əsərləri dünyanın bir çox yerlərində, o cümlədən Venesiya Biennalesi, Berlin Biennalesi, Tate Modern qalereyasında (London), Pompidu Mərkəzində (Paris), Solomon R. Quqenhaym Muzeyi (Nyu-York), Devi Art Fondu (Qurqaon), San-Fransisko Müasir İncəsənət Muzeyi və Mori Muzeyində (Tokio) nümayiş etdirilib.




Redaktorlar üçün qeyd:

Sərgi: Şilpa Qupta

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı Meydanı, Bayıl, AZ1003

Tarixlər: 7 iyul – 30 sentyabr 2018

Sərginin iş rejimi: çərşənbə axşamı - bazar, 12:00 – 22:00.

Giriş sərbəstdir




YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT (Azərbaycan dilində “yaratmaq” mənasını bildirir) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı öz üzərində uzunmüddətli öhdəlik götürüb.

YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YAY Qalereyası, YARAT Emalatxanaları, geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları da dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.

2015-ci ilin oktyabrında, YARAT, Bakıda, qədim İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM ( “tərəqqi” mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və “ARTIM LAB” proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.

Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu kəşf etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarının məkanında il ərzində 6 beynəlxalq və 4 yerli rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur.

Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, ictimai proqramlar, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.




Edinburq İncəsənət Festivalı haqqında

2004-cü ildə təsis edilmiş və bu gün öz 15 illiyini qeyd edən Edinburq İncəsənət Festivalı, Edinburqun avqust festivallarının mərkəzində yer alan təsviri incəsənət nümunələri üçün platformadır. Bu festival, paytaxtın aparıcı qalereyalarını, muzeylərini və yaradıcılıqla məşğul olan məkanlarını bir araya gətirərək, ən möhtəşəm təsviri incəsənət nümunələri ilə bütün şəhəri bayram əhval-ruhiyyəsinə qərq edir. Hər il, festival çərçivəsində həm beynəlxalq səviyyəli, həm də Birləşmiş Krallığın aparıcı rəssamları ilə yanaşı, ən istedadlı, yaradıcılığa yeni başlayan rəssamların iştirakı ilə bərabər, tarixi simaları araşdıran iri sərgilər, habelə şəhərdə ictimai və tarixi yerlər ilə bağlı yeni ərsəyə gətirilmiş incəsənət nümunələrinin xüsusi proqram da yer alır. 2017-ci ildə bu festivalı 315.000 nəfər ziyarət edib. Edinburq İncəsənət Festivalı qeydiyyatdan keçmiş xeyriyyə tədbiridir və “Creative Scotland” təşkilatı və Edinburq şəhər bələdiyyəsinin dəstəyi ilə təşkil edilir.

Ətraflı məlumat üçün www.edinburghartfestival.com səhifəsinə və festivalın Facebook, Twitter və Instagram səhifələrinə daxil olun: @EdArtFest #EdArtFest.

Şilpa Quptanın yaradıcılığı Şotlandiyanın “Expo Fund” və “EventScotland” kimi dövlət səviyyəli festivalları, həmçinin Queensland Art Gallery (Brisben), Şotlandiya Poeziya Kitabxanası və “Pen International” tərəfindən dəstəklənir.




Media və təsvir sorğuları üçün:

Hökümə Kərimova
Telefon: +99 450 274 6744
Email: [email protected]


Paylaş