Dövlət qulluğunun A (inzibati rəhbər) və B (inzibati-icraçı) növünə aid vakant
vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir
Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə
ümumilikdə 16 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (3 vəzifə) və B (73 vəzifə)
növünə aid olan 76 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan
edir. Müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti 2018-ci il 15 noyabr tarixinə qədər
davam edəcəkdir.
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə
proqramları Mərkəzin internet portalında yerləşdirilmişdir.
Müsahibədə iştirak etmək istəyən namizədlər əldə etdikləri sertifikata uyğun gələn
vakant vəzifələrin müsahibəsində iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 15
noyabr 2018-ci il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı
(https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan
müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə
müvafiq düzəlişlər etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında”
Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş
vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə
uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd
müsahibədə iştirak edə bilməz.
Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil
etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin
tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd
müsahibədə iştirak etmək üçün qeydə alınır.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron
bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan
qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır.
Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak
etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim
edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda,
namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab
edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü
müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi
məlumat verilir.
Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət
orqanının internet saytından tanış olmaq olar.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa
çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet
saytından əldə edə bilər.
Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin
qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş
və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:
struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.
Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant
vəzifə Dövlət Mülki Aviasiya Agentliyi (16 vəzifə) tərəfindən təqdim olunmuşdur.
Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat
aşağıda qeyd edilmişdir:
Dövlət Mülki Aviasiya Agentliyi (16 vəzifə) – AB4 altqrupu üzrə 1, AC2 altqrupu
üzrə 2, BB1 altqrupu üzrə 11, BB2 altqrupu üzrə 2
Energetika Nazirliyində BA4 altqrupu üzrə 2 vəzifə
Ekologiya və Təbii Sərvətlər Nazirliyində BA4 altqrupu üzrə 6 vəzifə
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 5 vəzifə
Sumqayıt Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 10 vəzifə
Şirvan İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 3 vəzifə
Sumqayıt Apellyasiya Məhkəməsində BA4 altqrupu üzrə 3 vəzifə
Təhsil Nazirliyində BA4 altqrupu üzrə 2 vəzifə
Salyan Rayon Məhkəməsi BB4 altqrupu üzrə 1 vəzifə
Şirvan Şəhər Məhkəməsi BB4 altqrupu üzrə 5 vəzifə
Ağcabədi Rayon Məhkəməsi BB4 altqrupu üzrə 4 vəzifə
Abşeron Rayon Məhkəməsində BB4 altqrupu üzrə 9 vəzifə
Bərdə Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə
Saatlı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 2 vəzifə
Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsində BA3 altqrupu üzrə 1
vəzifə
Ümumilikdə, müsahibəyə çıxarılmış 76 vakant vəzifənin 15- i 5-ci təsnifata, 25-i 6-cı
təsnifata, 36-sı isə 7-ci təsnifata aid olmaqla, 1-i AB, 2-si AC, 14-ü BA, 59-u isə BB vəzifə
qrupuna aiddir.