6 gün baş tutacaq ÖDƏNİŞSİZ Film Günləri!

"Başla" hərəkatının 6 illiyinə həsr olunan (3 sentyabr - 8 sentyabr) tarixlərində baş tutacaq Film Günlərinə hər kəs dəvətlidir.

Filmlər Azərbaycan dilində altyazılı nümayiş olunacaq.
Giriş ÖDƏNİŞSİZDİR.
Zaman:19:00

3-8 sentabrda olacaq.

Ünvan: Baku IdeaLab
Jafar Jabbarly 44, Caspian Plaza III, floor 3, Bakü

1-ci Film Günü: Rober Bresson - "Ölümə Məhkum Edilmiş Qaçdı"


Film Andre Devinyinin Lionda Monlyük qalasında məhbus olarkən yazdığı gündəlik memuarlara əsasən çəkilib. Filmin adının ikinci hissəsi "Külək (Ruh) harada istərsə əsər" İncil ayəsindən götürülüb.
Bresson dünya kinematoqrafiyasında özündən sonrakılara təsir göstərmiş ən vacib simalardan hesab olunur. Bu filmindən sonra isə fransız 1957-ci ildə Kann festivalının ən yaxşı rejissor mükafatına layiq görülüb.

2-ci Film Günü: Teo Angelopulos - "Sonsuzluq və Bir Gün"


Özünəməxsus film baxışı və çəkilişi olan yunanıstanlı rejissor Teo Angelopulosun bu filmi bir məşhur yazıçı haqqındadır. O, ölümcül xəstələndiyini və son gününü yaşadığını öyrənir. Yolda balaca alban uşağını görən yazıçı bu günü onunla keçirməyə qərar verir. Sonsuzluq və bir gün...
Film 1998-ci ildə Kann festivalının baş mükafatına layiq görülüb.

Ötən günlərdə Afinada baş verən yanğın nəticəsində rejissorun əvvəl yaşadığı evi və onunla birlikdə arxivləri yanmışdır. Film rejissorun əziz xatirəsinə ithaf olunur.

3-cü Film Günü: Skot Hiks - "Şölə"


Məşhur pianoçu Devid Helfqottun uşaqlıqdan məşhurluğadək həyatını ustaca göstərən bir filmdir. Çox da sevincli olmayan uşaqlıq günləri, atasının ona qarşı soyuq və despotik münasibəti virtuozun istedadına necə təsir göstərdi? Film 1997-ci ildə Oskarda çox sayda mükafata layiq görülüb.

4-cü Film Günü: Paolo Sorrentino - "Ali Gözəllik"


Özü bu adlandırmanı o qədər qəbul etməsə də, hər kəs Sorrentinonu yaşatdığı karnaval əhval-ruhiyyəsinə görə kinematoqrafiyanın yeni "Fellini"si adlandırır. Rejissorun hər filmində özüxas yumoru, gözəllik anlayışı izləyici tərəfindən aşkar sezilir.
"Ali Gözəllik" filmi varlı və meşşan həyat sürənlərin: aristokratların, jurnalistlərin, aktyorların, siyasətçilərin, əsilzadə ailələrin, "intellektuallar"ın gündəlik həyatını əks etdirir. Bütün bunların fonunda Roma küçələrində apatik vəziyyətdə bu cah-cəlalın içində dolaşan 65 yaşlı yazıçı-jurnalist Cep Qambardella bu mənasız keçən günləri müşahidə etməkdədir. Vaxtilə gördüyü ali gözəlliyin dadını bir də heç nədən ala bilməyən Qamberdalla üçün Roma yayı beləcə keçir..
Film 2014-cü ildə Oskarda ən yaxşı xarici dildə film mükafatına layiq görülüb.

5-ci Film Günü: Nanni Moretti - "Oğlun Otağı"


Filmlərində realizmi və gündəlik həyat elementlərini göstərməyə çalışan italyan rejissor Nanni Morettinin bu filmi psixoanalitik Covanni və onun ailəsi haqqındadır. Hər gün işdə müxtəlif insanların problemlərini dinləyən, onların nevrozları ilə empatiya qurmaqda mahir olan Covanninin həyatında gözlənilməz hadisə baş verir. Bazar günü oğlu Andrea ilə gün keçirməyi planlayan pxixoanalitiki pasienti təcili nasazlığına görə evə çağırır və buna görə də oğluyla bazar gəzintisi təxirə salınır. Həmin gün bu ani qərardan sonra Covanninin oğlu ilə bədbəxt hadisə baş verir. Bundan sonra həkimin işi və həyata baxışı əvvəlki kimi olmayacaq..
Film 2001-ci Kann festivalının mükafatına layiq görülüb.

6-cı Film Günü: Matsey Pepşitsa - "Yaşamaq Arzusu"


Polşalı rejissor Matsey Pepşitsanın bu filmi uşaq paraliçi olan Mateuş haqqındadır. Mateuş hərəkət etməkdə çətinlik çəkir və danışa bilmir. Bacısının ona qarşı pis münasibəti, qardaşının paxıllıq çəkməsi Mateuşun həyatını çətinləşdirir. Lakin yalnız ata və anasının ona inanması və əslində onun daxildə böyük insan olmasını görməsi Mateuşu ruhlandırır.

 
Paylaş