27 yanvar 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə
aid AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcəkdir.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 27 yanvar 2019-cu il tarixində dövlət
qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid
olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün
test imtahanı keçiriləcəkdir. İmtahan kompüter vasitəsilə aparılacaqdır. İmtahanın
keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş
Bakı Asiya Universitetinin binası). İmtahana qeydiyyat 25 yanvar saat 17:00-dək
davam edəcək.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi
kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda
iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul
hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı
məlumat www.payment.dim.gov.azsaytında verilmişdir) istifadə etmək olar. “Şəxsi
kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda
iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test
imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan
keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin
ödədiyi məbləğ geri qaytarılmır.
Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət
elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar
sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-
məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil
müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil
haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Mikayıl Müşfiq
küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları
"Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər
qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun"
dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından
DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən
çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər.
Qeydiyyatdan keçən namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi
elektron poçt ünvanına qeydiyyatdan keçmək barədə “Bildiriş”, “Namizədin yaddaş
kitabçası” və “İmtahana buraxılış vərəqəsi” göndərilir. DİM-lə yazışmaların
operativliyinin təmin edilməsi üçün namizədin özünə məxsus elektron poçtdan istifadə
etməsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda “Spam”
qovluğunu yoxlamaq, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 çağrı
mərkəzinə zəng edib bu barədə məlumat vermək lazımdır.
Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün
seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə
tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur:
“Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik” broşürü;
Test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının
sayı və vəzifə altqrupları üzrə keçid balları;
Test imtahanı proqramları;
“Namizədin yaddaş kitabçası” .
Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini
təqdim etməklə, test imtahanında iştirak edir. Buraxılış vərəqəsini qeydiyyat
səhifəsindən də əldə etmək olar.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan
vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs
Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup
daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak
edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd
qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin
tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd
müsahibədə iştirak edə bilməz.
DİM-in mətbuat xidməti
Tеl: (+99 412) 502-47-53 (dax. - 142)
E-mail: [email protected]; http://dim.gov.az