Elm və Təhsil Nazirliyi təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsini elan edir

Elm və Təhsil Nazirliyi təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsini elan edir. Müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.

Müsabiqənin məqsədi təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 27 fevral - 1 aprel 2024-cü il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

📣📣📣📣📣

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi
Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin
stimullaşdırılması məqsədilə Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil
müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil
müəssisəsində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII
qrant müsabiqəsi”ni elan edir.
Müsabiqə Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq
edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o
cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və
qiymətləndirmə üzrə tələblər” əsasında keçirilir.
Müsabiqənin büdcəsi 1 900 000 (bir milyon doqquz yüz min) AZN təşkil edir.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası,
icra planı) qəbulu 27 fevral 2024-cü il tarixindən başlayaraq 1 aprel 2024-cü il tarixi
də daxil olmaqla www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.
Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir:
 “Ümumi təhsil müəssisələri” kateqoriyası;
 “Fərdi layihələr” kateqoriyası.
Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı prioritet sahələrdən birini əhatə
etməlidir:
1. Onlayn platformalar və tətbiqlər vasitəsilə öyrənmənin təşkili
Dünyada geniş vüsət almış texnoloji inkişaf təhsilə də öz təsirini göstərir və getdikcə
təhsildə rəqəmsal öyrənmə (onlayn, distant, virtual reallığın və süni intellektin tətbiqi
ilə öyrənmə) genişlənir. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr onlayn
platforma və tətbiqlərdə olan məzmun və alətlərdən bəhrələnməklə öyrənməni daha
səmərəli etməyə və istənilən zaman, istənilən məkanda fərdi öyrənmə üçün şərait
yaratmağa istiqamətlənməlidir. Təqdim edilmiş layihə cəlb olunmuş sinif üçün platforma üzərindən öyrənmənin təşkili və müvafiq fənn üzrə dərslərə inteqrasiyası,

ev tapşırıqlarının platforma üzərindən yerinə yetirilməsi, platformadan istifadənin

şagirdlərin təlim nəticələrinə təsirinin qiymətləndirilməsi və digər aidiyyəti məsələləri

əhatə edə bilər. Seçilmiş onlayn platforma və tətbiq ödənişli olduğu təqdirdə onun

abunə haqqının, şagirdlərin planşetlərlə təmin olunmasının (icarəyə götürülməsinin),

məktəbin internet bağlantısı olmadığı halda internet xidmətlərinin, platformadan

istifadənin dərsə inteqrasiyasının və layihənin həyata keçirilməsi ilə bağlı digər

xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür.

2. Fiziki fəallığın və ünsiyyətin artırılması

Sürətli rəqəmsallaşma və elektronlaşmanın müsbət təsirləri ilə yanaşı fiziki

hərəkətliliyin və ünsiyyətin azalması kimi yan təsirləri də mövcuddur. Bu prioritet sahə

üzrə təqdim ediləcək layihələr müxtəlif fəaliyyət növlərinin həyata keçirilməsi ilə

təhsilalanların fiziki hərəkət və ünsiyyət fəallığının təmin olunmasına yönəlməlidir.

Təqdim olunmuş layihə məktəbdə və ya icmada təhsilalanların layihəyə cəlb edilmə

mexanizmləri, təhlükəsizlik tədbirləri və digər aidiyyəti məsələlər göstərilməklə fiziki

hərəkət və ünsiyyət fəallığının artırılması üçün fəaliyyətləri, o cümlədən fiziki və

intellektual qrup oyunlarını əhatə edə bilər. Fiziki hərəkət və ünsiyyət fəallığının

artırılması üçün müvafiq ləvazimatların təmin olunmasının (icarəyə götürülməsinin),

fəaliyyətlərin təşkil edilməsinin və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin

layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür.

3. Müxtəlif məzmunlu müsabiqələrə hazırlıq

Müsabiqələr təhsilalanlar üçün bir çox təcrübə və imkanlar baxımından faydalı

olmaqla yanaşı onların öyrənmə, öz potensialını müəyyən etmə bacarıqlarının

inkişafına, rəqabətədavamlı olmalarına, özlərinə inamın formalaşmasına, bilik və

bacarıqlarını başqaları ilə müqayisə edə bilmələrinə yardımçı olur. Bu prioritet sahə

üzrə təqdim ediləcək layihələr təhsilanların milli (məsələn, fənn olimpiadaları, STEAM

Azərbaycan Festivalı, “Sabahın alimləri” Respublika Müsabiqəsi və s.) və beynəlxalq

(məsələn, “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsi və s.) müsabiqələrdə iştirak

etməsinə və onların həmin müsabiqələrə hazırlaşdırılmasına yönəlməlidir. Təqdim

olunmuş layihə müsabiqəyə hazırlaşdırılacaq təhsilalanların seçimi, peşəkar

mütəxəssis tərəfindən etibarlı məzmun əsasında təlimlərin keçirilməsi, təhsilalanların

müsabiqədə iştirakının təmin olunması və digər aidiyyəti məsələləri əhatə edə bilər.

Müsabiqədə iştirak ödənişli olduğu təqdirdə iştirak haqqının, zəruri tədris vəsaitlərinin

əldə edilməsinin, müsabiqəyə hazırlığı təmin edəcək peşəkar mütəxəssis tərəfindən təlimlərin keçirilməsinin və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə

çərçivəsində maliyyələşdirilməsi mümkündür.

4. Fiziki-psixoloji zorakılığın və qısnamanın profilaktikası

Məktəbin vəzifələrindən biri də təhsilalanların təhlükəsiz və dəstəklənən mühitdə

təhsil almalarının təmin edilməsidir. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr

məktəb icmasının zorakılıq və qısnama halları ilə üzləşməməsi istiqamətində

kompleks dəstəkləyici tədbirlərin həyata keçirilməsinə yönəlməlidir. Təqdim olunmuş

layihə hədəf auditoriya üçün qeyd edilən problemin həlli istiqamətində təklifin

verilməsi, təhsil icmasının əməkdaşlığa cəlb edilmə mexanizminin göstərilməsi,

müvafiq istiqamətlər üzrə peşəkar mütəxəssis tərəfindən etibarlı məzmun əsasında

təlim, maarifləndirmə və digər təsir/dəstəkləyici tədbirlərin həyata keçirilməsi,

təhlükəsizlik mühitinin gücləndirilməsi və digər aidiyyəti məsələləri əhatə edə bilər.

Birləşdirici tədbirlərin keçirilməsinin, psixoloji dəstək xidmətlərinin alınmasının,

müvafiq bacarığı formalaşdıracaq peşəkar mütəxəssis tərəfindən təlimlərin

keçirilməsinin və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə

çərçivəsində maliyyələşdirilməsi mümkündür.

5. Yaşıl dünyanın təşviqi

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən

birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi və 2024-cü ilin

“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, eləcə də cari ildə COP-29-un

ölkəmizdə keçirilməsi ümumi təhsil müəssisələrində bu istiqamətdə təşviqat və

maarifləndirmə işlərinin daha miqyaslı aparılmasının önəmini artırır. Bu prioritet sahə

üzrə təqdim ediləcək layihələr məktəb icmasının ətraf mühitə və iqlim dəyişikliyinə

qarşı mübarizədə məsuliyyət hissinin artırılmasına və aparılan işlərə öz töhfəsinin

verilməsinə hədəflənməlidir. Təqdim olunmuş layihə təhsil icmasının əməkdaşlığa

cəlb edilmə mexanizmi göstərilməklə seçilmiş istiqamət üzrə (məsələn, iqlim

dəyişikliyi və onun təsirləri) maarifləndirmə, interaktiv (məsələn, simulyasiya oyunları,

rəsm sərgiləri, “EKO” günlər və s.) və praktiki fəaliyyətlərin (məsələn, məktəbin

ərazisində ağacəkmə kampaniyasının keçirilməsi, tullantıların ayrılması və təkrar

emal üçün göndərilməsi, panel müzakirələr və s.) təşkili, yaşıl dünyanın təşviqi

istiqamətində məktəb icmasının yol xəritəsinin tərtibi və digər aidiyyəti məsələləri

əhatə edə bilər. Zəruri ləvazimatların alınmasının, peşəkar mütəxəssis tərəfindən

təlimlərin keçirilməsinin, tədbirlərin təşkilinin və layihənin həyata keçirilməsi ilə bağlı

digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür.

6. Təlim nəticələri zəif olan təhsilalanlarla iş

Təlim nəticələri zəif olan təhsilalanlar bir çox hallarda özünəinam və motivasiya

problemi, təlim nəticələrindəki boşluqların vaxtında aradan qaldırılmaması

səbəbindən geriləmənin tədricən artması və malik olduqları bilik və bacarıqların iş

dünyasının tələblərinə uyğun olmaması səbəbindən əmək bazarına həmişə layiqli və

rəqabətədavamlı insan kimi formalaşa bilmirlər. Bu prioritet sahə üzrə təqdim ediləcək

layihələr təlim nəticələri zəif olan təhsilalanların fərdi plan əsasında nəticələrinin

yüksəldilməsinə, sosial-iqtisadi amillər səbəbindən davamiyyəti zəif olan və ya

təhsildən kənarda qalma riski olan və xüsusi qayğıya ehtiyacı olan təhsilalanlarla işin

təşkilinə yönəlməlidir. Təqdim olunmuş layihə təhsilalanların təlim nəticələrindəki

zəifliyinin səbəbi və həll yollarının göstərilməsi, təhsilalanların maraq və

bacarıqlarının, güclü və zəif tərəflərinin müəyyənləşdirilməsi, fərdi inkişaf planının

tərtib edilməsi və reallaşdırılması və digər aidiyyəti məsələləri əhatə edə bilər.

Təhsilalanın təlim nəticələrinin zəif olmasına səbəb olan sosial-iqtisadi problemlərin

(məsələn, nəqliyyat, geyim, qidalanma və s. təmin olunmasındakı problemlər) aradan

qaldırılmasının, təhsilalanların fərdi inkişaf planının formalaşdırılmasının və

reallaşdırılmasının, eləcə də layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin

layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür.

7. Həyati bacarıqların inkişaf etdirilməsi

Təhsilalanların həm məktəb illərindən başlayaraq, həm də müstəqil həyata qədəm

qoyduqdan sonra daha uğurlu ola bilmələrində həyati bacarıqların, o cümlədən

yumşaq bacarıqların (məsələn, natiqlik və s.), rəqəmsal bacarıqların (məsələn,

proqramlaşdırma, animasiya proqramlarında işləmək bacarıqları və s.) və

incəsənətyönlü bacarıqların (məsələn, rəqqaslıq, rəssamlıq, aktyorluq bacarıqları və

s.), eləcə də yetərli savadlılığın (məsələn, xarici dildə dinləyib-anlama və danışma,

iqtisadi, maliyyə, vergi, bankçılıq, kibertəhlükəsizlik və media savadlılığı) böyük

əhəmiyyəti vardır. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr təhsilalanlarda

yuxarıda sadalanan və sadalanmayan bacarıq və savadlılığın formalaşdırılmasına və

inkişafına hədəflənməlidir. Zəruri tədris ləvazimatlarının əldə edilməsinin, müvafiq

bacarıqların inkişafını təmin edəcək peşəkar mütəxəssis tərəfindən təlimlərin

keçirilməsinin və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə

çərçivəsində maliyyələşdirilməsi mümkündür.

8. Təhsilverənlərin fərdi inkişafı

Hər bir ölkənin təhsil sisteminin inkişafı və nəticəliliyi müəllimin təcrübəsi, pedaqoji
bacarıqları və digər peşəkar keyfiyyətlərindən asılıdır. Bu baxımdan ölkəmizdə
təhsilverənlər üçün davamlı olaraq peşəkar inkişaf proqramları həyata keçirilir. Qeyd
edilən istiqamətdə xeyli işlər görülsə də, təhsilverənlərin özləri yeni təhsil çağırışlarına
uyğun olaraq dinamik dəyişmək və inkişaf etmək imkanlarına sahib olmalıdırlar. Bu
prioritet sahə üzrə təqdim ediləcək layihələr yerli peşəkar inkişaf proqramlarına əlavə
olaraq təhsilverənlərin özlərinin tələbatına uyğun müəyyənləşdirdiyi mötəbər xarici
təsisatların təklif etdiyi sertifikatlaşdırılmış proqramlarda (beynəlxalq reytinqli imtahan
üçün hazırlığı təmin edən təlim proqramlarında), tədqiqat proqramlarında, mentorluq
proqramlarında və digər peşəkar inkişaf proqramlarında iştirakına (əyani yaxud
onlayn) hədəflənməlidir. Təqdim olunmuş layihə təhsilverənlərin tədqiqat, mentorluq
və digər sertifikatlaşdırılmış peşəkar inkişaf proqramlarında iştirakının təmin
olunması, seçilmiş proqram ilə əlaqələrin qurulması və iştirak razılığının alınması (və
ya artıq qurulmuş və razılıq alınmış olması), səfərlərinin təşkili, əldə edilən bilik və
bacarıqların məktəb icmasına hansı formada tətbiq ediləcəyi və digər aidiyyəti
məsələləri əhatə edə bilər. Sertifikatlaşdırılmış peşəkar inkişaf, mentorluq və tədqiqat
proqramlarında iştirak haqqının, səfər xərclərinin və layihənin həyata keçirilməsi ilə
bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür.
9. Sərbəst seçim
Hazırkı qrant müsabiqəsində 8 əsas prioritet sahə müəyyənləşdirilmişdir. Bu prioritet
sahə üzrə təqdim ediləcək layihələr yuxarıda qeyd olunmuş 8 əsas prioritet sahələrdə
əhatə olunmayan, lakin məktəb icmasının ehtiyaclarına uyğun olaraq yerli inkişaf və
innovasiyaya səbəb olacaq fəaliyyətlərə yönəlməlidir.
Müsabiqə iştirakçılarına verilən tələblər:
 “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə müsabiqədə nizamnaməsi, VÖEN-i və
ona bağlı bank hesabı olan dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər.
(Qeyd: Qrant almış ümumi təhsil müəssisəsi qrant vəsaiti hesabına mal, iş və
xidmətlərin alışını 01 yanvar 2024-cü il tarixindən etibarən qüvvəyə minmiş “Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata
keçirəcək);
 “Fərdi layihələr” kateqoriyası üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı
olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilər.

İştirak tələblərini ödəyən müsabiqə iştirakçılarının layihələri aşağıdakı texniki
tələblərə uyğunluq əsasında yoxlanılır:
 layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) tələb olunan
formalara uyğunluğu;
 iştirakçıların yalnız bir layihə təqdim etməsi;
 layihənin icra müddətinin 3-12 ay olması;
 “Fərdi layihələr” kateqoriyası üzrə layihə büdcəsinin 10 000 AZN, “Ümumi təhsil
müəssisələri” kateqoriyası üzrə 100 000 AZN-dən çox olmaması;
 iştirakçıların daha əvvəl icra etdikləri layihələrin səmərəliliyi.
Texniki tələbləri ödəyən layihə təkliflərinin məzmunu aşağıdakı meyarlar əsasında
100 ballıq şkala ilə qiymətləndirilir:
 Uyğunluq – 5 bal
Layihənin müsabiqənin prioritet sahələrinə uyğunluğu və layihə komponentlərinin
daxili vəhdəti
 Orijinallıq – 5 bal
Analoji layihənin əvvəlki və cari müsabiqələrə təqdim edilməməsi
 Problemin vacibliyi – 10 bal
Problemin müsabiqənin prioritet sahələri ilə bağlılığı və benefisiarlar üçün aktuallığı
 Məqsəd və vəzifələrin dəqiqliyi – 10 bal
Məqsəd, vəzifə və gözlənilən nəticələrin müsabiqənin prioritet sahələrinə və bir-birinə
uyğunluğu, konkretliyi, düzgünlüyü və problemin həllinə yönəlməsi
 Faydalılıq – 20 bal
Layihənin icrasının müsabiqənin prioritet sahələri üzrə benefisiarlara töhfəsi
 Davamlılıq – 10 bal
Qazanılan müsbət təcrübənin davam etmə metodologiyası, onun təşkilati və maliyyə
komponentlərinin dayanıqlılığı
 Fəaliyyət planı – 10 bal
Görüləcək işlərin müsabiqənin prioritet sahələri üzrə problemin həllinə, layihənin
məqsəd və vəzifələrinə yönəlməsi, zamanlama, ardıcıllıq, icra mexanizmi, tərəfdaşlıq
və kadr potensialının yetərliliyi
 Monitorinq və qiymətləndirmə – 10 bal
Monitorinq, qiymətləndirmə və hesabatlılıq metodologiyasının, onun əsas nəticə və
icra indikatorlarının həyata keçirilməsinin qənaətbəxşliyi
 Maliyyə səmərəliliyi – 20 bal

Layihənin xərclər smetasının texniki qüsursuzluğu, layihə çərçivəsində görüləcək
işlərə və bazar qiymətlərinə uyğunluğu, layihə idarəetməsi xərclərinin (layihənin
məzmununa birbaşa bağlı olmayan xərclər, məsələn, layihə menecmentliyi,
mühasibatlıq, kommunikasiya, bank və rabitə xərcləri və s.) layihənin ümumi
büdcəsindəki payının mütənasibliyi (40%-dən çox olmaması tövsiyə olunandır).
Məzmun qiymətləndirilməsində keçid balı 50 bal təşkil edir.
Qrant qazanan layihələrin müəyyənləşdirilməsi:
 Qrant qazanan layihələr texniki tələbləri ödəyərək məzmun qiymətləndirilməsinə
buraxılmış layihələr içərisindən müəyyənləşdirilir;
 Məzmun qiymətləndirilməsində keçid balını toplayan və qrant müsabiqəsinin
büdcəsinə sığan ən yüksək bala malik layihələr qrant qazanır.
Əlaqə:
 Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti 49
 E-mail: [email protected]

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi
Paylaş