Onlayn Canlı Yayımlanan Teatr Tamaşalarının Siyahısı - YENİLƏNİR...

Qeyd: Hər həftə yeni tamaşalar əlavə olunur...

==============

# Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mayın 28-də “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə onlayn təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, rəqslərin quruluşçusu isə Sənan Hüseynlidir.
Görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin bu məşhur komediyası əslində ictimai-sosial şəraitin yaratdığı ciddi insani münasibətlərdən, düşüncə və münasibət fərqliliyi ilə insanlar arasında yaranan anlaşılmazlıq nəticəsində onların qarşı-qarşıya durmasından bəhs edir. Qızının toy ərəfəsində kürəkəninin fransız qonağı Müsyö Jordanla Parisə getməsinə razılıq verməklə, əslində Hətəmxan ağa ailəsinə ciddi problemin və münaqişənin yol açmasına səbəb olur. Nəticədə, evin xanımı Şəhrəbanu qızı Şərəfnisənin göz yaşlarına dözməyib Şahbaz bəyin Parisə getməsinin qarşısını almaq üçün qulluqçu Xanpərinin vasitəsi ilə cadugər Məstəli şahla Qulaməlini tapır. Bu kişinin cadusu ilə Parisin “dağılması” (əslində Paris inqilabının baş verməsi, quruluşun dəyişməsi) və Müsyö Jordanın vətəninə təcili qayıtması Şahbaz bəyin arzusunu ürəyində qoyur. Lakin bu “şad xəbər” evin xanımlarının ürəyincə olur. Görkəmli dramaturq oyun içində oyun quraraq, ictimai mühitin güzgüsünə çevrilən, komik nüanslarla zəngin gözəl bir əsəri töhfə kimi bizə bağışlayıb.
Teatr da onu günün tələbləri səviyyəsində tamaşaçısına təqdim edir.

===========

 

#Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi “Təklif. Elçilik” tamaşasını teatrsevərlər üçün növbəti dəfə mayın 30-da onlayn təqdim edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Tamaşada Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış edəcəklər.

Səhnə əsəri saat 19:00-da teatrın sosial şəbəkədəki hesabları vasitəsilə göstəriləcək.

===========

 

#Azərbaycan Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş “Ah, bu uzun sevda yolu” tamaşası mayın 30-da sənət ocağının “facebook” hesabı vasitəsilə canlı yayımlanacaq.
AZƏRTAC xəbər verir ki, səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.
Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcək.

=======

 

#Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gürcü dramaturqu A.Saqarelinin “Xanuma” əsəri əsasında hazırlanan eyniadlı tamaşa növbəti dəfə mayın 31-də sənət ocağının “facebook” səhifəsi vasitəsilə onlayn nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ikihissəli musiqili parodiya Əməkdar incəsənət xadimi Mikayıl Mikayılovun quruluşunda təqdim olunacaq. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Xalq artisti Tofiq Quliyevdir.
Səhnə əsərində rolları Xalq artistləri Bəsti Cəfərova, Ramiz Novruz, Hacı İsmayılov, Cəfər Namiq Kamal, Zemfira Nərimanova, Əməkdar artistlər Mətanət Atakişiyeva, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov və başqaları ifa edəcəklər.
Dramaturqun 1882-ci ildə yazdığı ailə-məişət, ülvi sevgi hisslərindən bəhs edən əsər əsasında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tbilisidə cərəyan edir.
Qeyd edək ki, tamaşanın premyerası 2011-ci ildə reallaşıb.

==========

 

#Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov olan “Yarımçıq qalmış” tamaşasını növbəti dəfə sosial şəbəkədəki hesabları vasitəsilə mayın 31-də təqdim edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Yevda Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış...” (Xəyalpərvər oğlan”) əsəri əsasında hazırlanan eyniadlı tamaşa 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub. Səhnə quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, plastik səhnələrin rejissoru Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Ramiq Nəsirov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.
Tamaşada əsas rollarda Əməkdar artistlər Elnur Kərimov, Leyla Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Bəhram Həsənov, Anar Seyfullayev, Günel Məmmədova, Asya Atakişiyeva, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Manaf Dadaşov, Vahid Orucoğlu, Ramil Məmmədov, İlqarə Tosova, Nuriyyə Əliyeva və Elgün Yəhyayev çıxış edəcək.

==========

 

#
Paylaş