Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı 2018-ci il ikinci qrant müsabiqəsini
ELAN EDİR
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra-Şura) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.
Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri dəstəkləyir:
1. XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəngəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin və mədəniyyətinin öyrənilməsinə və təbliğinə dair təşəbbüslər;
2. Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan deportasiya olunması ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması;
3. İşğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonun maddi mədəniyyət abidələrinin, toponimlərinin saxtalaşdırılması, qanunsuz iqtisadi fəaliyyət və təbii sərvətlərin istismarına dair faktların beynəlxalq ictimaiyyətə çatdırılması;
4. 1988-ci ildən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili;
5. “1918-ci il azərbaycanlılarının soyqırımının yüzüncü ildönümü” ilə bağlı təşəbbüslər;
6. Ailə institutunun inkişafı və nikah münasibətlərinin möhkəmləndirilməsinə dair təşəbbüslər;
7. Vətəndaş cəmiyyəti institutlarının inkişafına dair təşəbbüslər;
8. Dini dəyərlərin təbliğinə və radikal dini cərəyanlarla mübarizəyə dair təşəbbüslər;
9. Azərbaycanda mədəni müxtəlifliyin təbliğinə dair təşəbbüslər.
Layihələrin müddəti
Layihələrin müddəti 2 aydan 6 ayadək ola bilər.
Qrantın məbləği
• 2016-cı ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 10000 (on min) manat ola bilər.
• 2017-ci il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.
Müsabiqənin proseduraları
Müsabiqə üzrə ərizə və layihələrin qəbulu 07 mart 2018-ci il tarixdən elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi 5 mərhələdə aparılır:
• 1-ci mərhələ - Ərizələrin qeydiyyatı və layihə təklifinin qəbulu;
Bu mərhələ 07 mart –30 mart 2018-ci il saat 18.00-dək müddəti əhatə edir.
• 2-ci mərhələ - Ərizələrin texniki seleksiyası;
Bu mərhələ 06 mart -30 mart 2018-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, əlavə edilmiş sənədlər araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir
• 3-ci mərhələ - Layihə təkliflərinin texniki seleksiyası;
Bu mərhələ 07 mart- 09 aprel 2018-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan layihə təklifi, ona əlavə olunan sənədlər araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.
• 4-cü mərhələ - Qeydə alınmış layihə təkliflərinin ekspertizası;
Bu dövr 10 aprel – 04 may 2018-ci il tarixədək müddəti əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən ayrı-ayrılıqda və konfidensial qaydada qiymətləndirilir.
• 5-ci mərhələ- Şurada müzakirə və qaliblərin elan edilməsi;
Müsabiqə qalibləri 2018-ci il may ayının 15-dən sonra elan olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın internet saytında yerləşdiriləcək. Qalib təşkilatlara məlumat fərdi qaydada çatdırılır və müqavilə imzalanır.
Əlavə məlumatlar
Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 13 mart 2018-ci il saat 15.00-da Şuranın ofisində (Fikrət Əmirov 1, 2-ci mərtəbə) keçiriləcək.
Müsabiqənin qaydaları və şərtləri ilə Şuranın www.cssn.gov.az, www.e-qht.az və www.qhtxeber.az internet saytlarında tanış olmaq olar. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinin Hüquq məsələləri üzrə baş məsləhətçisi Rauf Məcidbəyliyə müraciət etmək olar.
Tel /faks: (012) 493 17 80, 493 17 32 (daxili 125). E-mail: [email protected]