“Yaşıl dünya naminə həmrəylik ili”nin ümumtəhsil müəssisələrində həyata keçirilməsi yolları - MƏQALƏ

“Yaşıl dünya naminə həmrəylik ili”nin ümumtəhsil müəssisələrində həyata keçirilməsi yolları.

Bildiyimiz kimi 2023-cü ilin dekabr ayında Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması barədə qərar imzalanmışdır. Sevindirici haldır ki, qərardan sonra birçox məktəblər bu tədbirlər planına qoşularaq müxtəlif fəaliyyətlər və ağacəkmə aksiyaları həyata keçirdilər. Lakin tədbirlər planını yalnız ağacəkmə aksiyaları ilə məhdudlaşdırmamalı, şagirdləri daha çox fəaliyyətə cəlb edərək bacarıqlar formalaşdıracaq layihələr ilə zənginləşdirməliyik. Məktəblərdə şagirdlərinizlə birgə yaşıl dünya və ətraf-mühit ilə bağlı həyata keçirə biləcəyiniz ideyalar ilə tanış ola bilərsiniz. Əlbəttə ki, bu ideyalardan yola çıxaraq daha maraqlı, fərqli layihələr də həyata keçirə bilərsiniz.
“Yaşıl dünya naminə həmrəylik ili”nə qoşulmaq və ətraf-mühit üçün faydalı olacaq təklifləri 3 hissəyə bölə bilərik:
Tapşırıqlar (dərs zamanı və ev tapşırıqları üçün)
Layihələr
Fəaliyyətlər

1. Tapşırıqlar
Ətraf-mühit ilə inteqrasiyaları suallar tərtib edə bilərik. Sualların tərkibində təbiət ilə əlaqəli cümlələr vəya özündə təbiətə təsir amillərini ehtiva edən çalışmalar ola bilər. Mətn, inşa, məqalələr verilən zaman təbiət,bitki, heyvanat aləminə dair mövzular seçilə bilər. Bu tipli tapşırıqları həll edən zaman şagirdlərə ətraf-mühitin nə qədər vacib olduğunu anlamağa kömək edəcəkdir.
Araşdırma, ev tapşırıqları, qrup işləri tapşırdığımız zaman qrafik, cədvəllər vasitəsilə öz tədqiqat işlərini nümayiş etdirə bilərlər. Misal üçün bunlar, iqlim dəyişikliyi zamanı əhalinin köçü, quraqlıq vəya daşqınların baş verməsinin insanların iqtisadi yaşayışına təsiri, ağacların kütləvi məhvinin, zərərli qazların atmosferə buraxılmasının illərə görə statistik cədvəlinin çıxarılması kimi tapşırıqlar ilə mümkündür.
Kağız tədarükünü azaltmaq üçün imtahanlar zamanı online platformalardan istifadə edə bilərsiniz. Bunun üçün birçox proqramlar mövcuddur. Proqramları seçən zaman əsas diqqət olunması məsələlər proqramın asan istifadə oluna bilməsi, mövcud datanın uzunmüddət yadda saxlanılma imkanı və datanın asan əldə olunması (endirilməsi), pulsuz istifadə, limitsiz imtahan keçirmək imkanı kimi xüsusiyyətləridir. Socrative, Quiz Maker, Google Forms proqramlarını nümunə göstərə bilərik. Amma internet resurslarından istifadə edərək daha çox proqram tapmaq mümkündür.

2. Layihələr
    “Tullantıdan sənətə” adlı layihə həyata keçirərək şagirdlərinizin həm tullantılardan faydalı istifadəsinə şərait yaratmış olar, həm də onların öz bacarıqlarını göstərməsinə imkan yaratmış olarsız. Eyni zamanda şagirdlərin hazırladıqları əlişlərini təşkil edəcəyiniz sərgi vasitəsilə valideynlər və digər qonaqlar üçün nümayiş etdirə bilərsiniz. Bu məktəb-valideyn əlaqələri üçün də faydalı addım olar.
    “Məktəbin alimləri” adlı layihə həyata keçirərək şagirdləri ideya axtarışına sövq edə və öz ideyaları ilə çıxış etmələrinə şərait yaradarsız. Daha sonra ən yaxşı layihələri müəyyən edərək müəllimlərin köməyi ilə “Sabahın alimləri” respublika müsabiqəsinə hazırlamaq imkanı əldə edərsiz.
    “Məktəb qoruyucuları” layihəsi ilə şagirdlərinizdə ibarət komandalar yarada bilərsiz. Həmin şagirdlər üzərində müxtəlif rəsmlər və yazılar olan plakatları elektrik, su istifadə olunan yerlərə yapışdıraraq ümumi qənaətə fayda vermiş olarlar. Əlavə olaraq “Məktəb qoruyucuları” komandası təqdimatlar hazırlayaraq digər müxtəlif siniflərdə faydalı məlumatlar ilə seminarlar keçirə bilərlər.

3. Fəaliyyətlər
Şagirdləriniz ilə birgə “təkrar emal qutuları” düzəldə bilərsiz. Təkrar emal qutularını düzəldən zaman onun çeşidliliyini (kağız üçün ayrı, plastik qablar üçün ayrı) nəzərə almaq lazımdır. Şagirdlərin bu aksiyada fəal iştirakını təmin etmək üçün təkrar emal qutularını kreativ formada düzəldə, maraqlı yazılar və rənglər ilə bəzəyə bilərsiniz. Eyni zamanda məktəbin xüsusi hissələrində “təkrar emal stansiyaları” yarada bilərsiniz. Bunlar şagirdlər üçün maraqlı olacaq və qutuları doldurmağa səy göstərəcəklər.
Sinifinizi, məktəb kolidorunu vəya məktəb həyətini əşyaları (plastik su qabları, kağız kartonlar, təkər və s.) təkrar istifadə edərək təbiət ilə əlaqəli bəzəyə bilərsiniz. Biologiya və digər fənn laboratoriyalarını da ideyalarınız ilə gözəl formaya sala bilərsiniz. İnternetdəBeləliklə, şagirdlər üçün məktəb daha da sevimli bir məkana çevrilər.
Şagirdlərinizi “sağlam bədən, təmiz hava” hərəkatına həvəsləndirə bilərsiniz. Bunun üçün yarışmalar keçirmək şagirdləri daha da həvəsləndirər. Şagirdləri məktəbə piyada gəlməyə vəya velosipeddən istifadə etməyə sövq edə bilərsiniz. Bunun ölçümü üçün telefonlarda proqramlar mövcuddur. Kiçik sayla başlayan bu hərəkatın daha sonra necə yüksələcəyinə özünüz də inanmayacaqsınız! Şagirdlər maraqlı fəaliyyətlərə həmişə hazırdırlar. Hər həftənin sonu vəya hər ayın sonu həftənin, ayın qalibini elan edərək yarışmaya ilboyu davam edə bilərsiz.

Turab Əhmədov,
Xəzər Universiteti Dünya Məktəbi layihələr üzrə koordinator, Elm və Təhsil Nazirliyi ekspert


Paylaş